Skip to content

Dynamix

Hiss kimə lazımdır? Dinləyiciyə? Yoxsa mediaya?

Son illər sürətlə populyarlaşan sənətçilərdən biri Hissdir. Onun populyarlaşmağına təkan verən vasitələr və yaradıcılığı haqqında az sonra danışacağıq. Amma bir neçə gündür diqqət çəkən bir məqam var. Hiss onun mediaya ehtiyacı olmadığını və əksinə, medianın ona ehtiyacı olduğunu dedi. Kifayət qədər radikal səslənir. Elə açıqlamadan sonra müzakirələrə səbəb olması bunun göstəricisidir. Həqiqətən də Hissin mediaya ehtiyacı yoxdur? Bəlkə o, bu addımı ilə gündəmə geri qayıtmaq üçün cəhd etdi? Müzakirə oluna bilər. Cavabını isə yalnız Hiss bilir.

İndi isə gəlin Hissi populyar edən platformaya və əsas silahı olan yenilikçi musiqi tərzinə nəzər salaq.

2018-ci ildə “Biri Var” sinqlını və musiqi videosunu yayımlayan Hiss hələ “həvəskar” hesab olunsa da, sevilirdi. Bu onun ilk cəhdi deyildi; “Mirvarilər” mahnısı ilə bəxtini sınasa da, istədiyi nəticəni ala bilmədiyi üçün mahnını silmək qərarına gəlir. Ardınca 2019 və 2020-ci illərdə daha da populyarlaşmağa başladı. Milyonlarla dinlənən mahnıları, fanatları və minlərlə izləyicisi formalaşmışdı. Pandemiya dövrünə təsadüf edən bu yüksəlişin iki səbəbini göstərmək olar. Birincisi, insanlar əvvəlki dövrə nisbətən daha çox sosial mediadan istifadə edirdilər. İkincisi isə, Hiss bu çətin dövrdə mahnılarında insanların ehtiyac duyduğu emosiyanı ötürməyi bacarmışdı. Musiqi janrı isə nə pop, nə də rep – “alternativ pop” adlandırıla bilər. Bu iki faktor onu yenilikçi etdi və keyfiyyətli musiqi ilə ekran işləri onun prioriteti kimi görünürdü. Artıq Hissin yayımladığı onlarla sinql var və Azərbaycan musiqisində mühüm rol oynayan ifaçılardan birinə çevrilib.

Zaman keçdikcə emosional, sevgiyə aid və kədərli mahnıların ardınca “eqolu”, “diss” təəssüratı bağışlayan mahnılar gəlməyə başladı. O, “Best” mahnısında deyir ki:

Denən, kimdir orada “best”? Gəlib baxsın Bütün konsertlərim keçir Sanki şəhərdə var “fest” Yoxdur şansın Sənə “no” olan hər şey olur mənə “Yes, yes, yes”

Bəlkə də bu mahnıda hədəf daha öncə konflikt yaşamış olduğu Aslixan idi, bilmirik. Lakin çox iddialı səslənir! Bəli, Hiss həmin o “həvəskar” ifaçıdan, klipində “həmkarlarıma şans yaradıram” deyən ifaçıya çevrilmişdi.

Hissin yüksəliş dövründə medianın da öz rolu var idi. Çünki o, nə “Avroviziya”, “Yeni Ulduz”, “Böyük Səhnə” kimi müsabiqələr, nə də Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, İradə İbrahimli, Faiq Ağayev, Elnarə Xəlilova, Eyyub Yaqubov, Röya Ayxan, Abbas Bağırov və daha çox adını sadalaya biləcəyimiz ifaçılar kimi televiziya və radio ilə yox, internetin hər kəsə əlçatan olduğu vaxtda populyarlaşmışdı. Düşünürük ki, bu faktorun içində medianın mütləq yeri var!

Bəlkə də Hiss bütün media və saytları yox, bir qismini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, bu gün sosial şəbəkəyə daxil ola bilən hər kəs bir səhifə aça və maraq dairəsinə görə fəaliyyət göstərə bilər, nəticədə də minlərlə izləyici toplaya bilər. Bu, həmin səhifəni rəsmi media və ya admini peşəkar jurnalist etməyəcək, amma minlərlə izləyiciyə çatmaq çoxlarının arzusudur. Belə səhifələr də kifayət qədər çoxdur və bəziləri “bayağı” adlandırılan ifaçıların tanıtımı ilə məşğuldur. Hiss məhz bu “bayağı” ifaçıların arasında özünü görmək istəməyə bilər.

Dinləyicinin Hissə ehtiyacı varmı?

Öz dinləyici kütləsini formalaşdıran bir sənətçiyə həmişə ehtiyac olacaq. Lakin bu kütlənin azalması və ya artması yaradıcılıqdan və sənətçinin kimliyindən, hətta açıqlamalarından belə asılı ola bilər.

Bəs medianın Hissə ehtiyacı varmı?

Musiqi və mədəniyyət sahəsində fəaliyyət göstərən bir medianın sənətçilərə ehtiyacı var. Yeni sinql, albom, “cover” yayımlanır, media üçün yeni materiallar ortaya çıxır. Lakin onlarla sənətçi arasından biri və ya bir neçəsinə ehtiyac ola bilərmi? Bu sualın cavabı hər bir media üçün fərdi (individual) tərəfidir.
Daha geniş auditoriyaya çatmaq və danışılmaq lazım gəldikdə isə Hissin buna ehtiyacı ola bilər və media dəstəyi azaldıqca populyarlıq getdikcə azala bilər.

Bəs sizcə? Media sənətçi üçün nə qədər əhəmiyyətlidir? Cavabını sosial şəbəkədə bizimlə bölüşməyi unutmayın.