Baş rollarını müasir kinematoqrafiyanın ulduzları Zendaya və Robert Pattinsonun paylaşdığı “The Drama” filmi, aprel ayından etibarən ekranlarda nümayiş olunmağa başlayıb. İlk baxışda parlaq bir sevgi hekayəsi təəssüratı yaratsa da, bu ekran əsəri qara komediya və dərin dram elementləri ilə zəngin olan sarsıdıcı bir hekayə vəd edir. Tamaşaçını emosional dalğalanmalarla qarşı-qarşıya qoyan film, romantika ilə qaranlıq bir gərginlik arasındakı o incə xətti məharətlə silir.
Hadisələr evlənməyə hazırlaşan Emma (Zendaya) və Çarli (Robert Pattinson) ətrafında cərəyan edir. Emma kitab mağazasında çalışır, Çarli isə muzey direktoru və kurator kimi fəaliyyət göstərir. Onların yaxın dostları ilə birgə oynadıqları “doğruluq, yoxsa cəsarət” tipli oyun zamanı Emmanın etdiyi gözlənilməz etiraf cütlüyün münasibətində əsas dramatik dönüş nöqtəsinə çevrilir.
Bu etirafdan sonra Çarlidə Emmaya qarşı yaranan güvənsizlik münasibətlərinə ciddi zərbə vurur. Gizli qalan sirlər yalnız onların şəxsi həyatına deyil, həm də Çarlinin işinə və ətrafı ilə olan münasibətinə təsir edərək onda müəyyən paranoyaya səbəb olur. Emma bu mövzunu unudub keçmişdə qoymağı təklif etsə də, Çarli üçün bunu qəbul etmək və daxili narahatlıqlarını həll etmək olduqca çətindir. Əslində, cütlüyün münasibətindəki problemlər filmin əvvəlindən etibarən kiçik ipucları vasitəsilə izləyiciyə hiss etdirilir.
“The Drama” ilk baxışda “seksual və müasir romantik komediya” kimi təqdim olunsa da, film bu çərçivədən kənara çıxır. Qusma və qanlı səhnələr kimi elementlər onun klassik romantik komediya janrından uzaqlaşdığını göstərir və daha qaranlıq atmosfer yaradır.
Filmin gedişində məlum olur ki, Emmanın sirri onun 15 yaşında olarkən məktəbdə məruz qaldığı psixoloji zorakılıqla bağlıdır. O, həmin dövrdə atasının ov tüfəngi ilə məktəbə hücum etməyi planlaşdırsa da, bu planı heç vaxt həyata keçirməyib.
Qeyd edək ki, A24 istehsalı olan “The Drama” filmi 3 aprel 2026-cı il tarixindən etibarən Amerika Birləşmiş Ştatları başda olmaqla bir çox Avropa ölkələrinin kinoteatrlarında nümayiş olunur.