Son illərdə serial və film dünyasında müxtəliflik mövzusu daha çox ön plana çıxıb. Böyük platformalar, xüsusilə “HBO” kimi şirkətlər, irqçiliyə qarşı olmaq və ekranlarda daha çox fərqli insanları göstərmək üçün yeni addımlar atır. Bu, əslində müsbət və doğru bir məqsəddir.
Amma burada maraqlı bir vəziyyət yaranır. Məqsəd irqçiliyin qarşısını almaq olsa da, bəzi qərarlar əksinə, insanlarda məhz irq mövzusunda mübahisələr yaratmağa davam edir.
Tamaşaçı əslində müxtəlifliyə qarşı deyil. Serialda qara dərili yeni bir tələbə, müəllim və ya yeni bir obraz olsa, buna böyük etiraz olmaz. Çünki yeni obrazlar hekayəyə təbii şəkildə daxil ola bilər. Problem isə artıq hamının tanıdığı, formalaşmış obrazlarda edilən dəyişikliklərdir.
Məsələn, Harry Potter dünyasında, film və kitablarda Severus Snape obrazı illərdir müəyyən görünüşlə tanınır. Tamaşaçı bu obrazı belə qəbul edib. Ona görə də bu cür köklü dəyişikliklər avtomatik olaraq müzakirələr yaradır. Bu müzakirələr isə istər-istəməz irq mövzusuna keçir.


Eyni vəziyyəti George R. R. Martin tərəfindən yaradılan əfsanəvi “Game of Thrones” kainatında da gördük. Kitablarda və serialda “House Targaryen” ailəsi açıq dərili, gümüşü sarımtıl saçlı kimi təsvir olunur. Tamaşaçı da illərlə bu görünüşə alışıb.


Lakin sonradan yayımlanan “House of the Dragon” serialında bəzi Targaryenlərin fərqli şəkildə təqdim olunması müzakirələr yaratdı. Bu dəyişiklik bəzi tamaşaçılar üçün hekayənin məntiqinə uyğun görünmədi.
Və burada əsas sual yaranır: tamaşaçı buna etiraz edəndə irqçi sayılır? Yoxsa “HBO” şəffaflığı qorumur?
Əslində yox. Tamaşaçı irqə yox, hekayənin orijinallığına reaksiya verir. Amma verilən qərarlar müzakirəni avtomatik olaraq irq mövzusuna gətirir. Beləliklə, irqçiliyə qarşı atılan addımlar bəzən istəmədən yeni mübahisələr yaradır.
Bu da başqa bir sual doğurur: HBO bu qərarları verərkən şəffaf davranırmı? Tamaşaçı dəyişikliklərə qarşı deyil, amma bu dəyişikliklərin məntiqini görmək istəyir.
Nəticədə ortaya belə bir vəziyyət çıxır: məqsəd irqçiliyin qarşısını almaqdır, amma verilən bəzi qərarlar insanları məhz irq mövzusunu daha çox müzakirə etməyə vadar edir. Geriyə isə tək sual qalır: “HBO” irqçiliyə qarşıdır yoxsa məhz insanlarda irqçily yaratmaq niyyətindədir?