Həmişə olduğu kimi, bu il də Qış Olimpiya Oyunları təkcə idman yarışı deyil, eyni zamanda milli kimliyi, funksionallığı, modanı və vizual dili özündə birləşdirəcək.
Milanda və Kortina d’Ampezzo-da keçiriləcək oyunlarda ölkələrin necə görünəcəyinə gəlin birlikdə nəzər salaq.
Ev sahibi İtaliya bu il EA7 Emporio Armani imzalı ağ dəstlərlə çıxış edəcək. Kolleksiya daha öncə Milan Moda Həftəsində təqdim olunub və oyunların keçiriləcəyi qarlı dağlara istinad etdiyi bildirilir.
Monqolustan hər il olduğu kimi, bu il də öz tarixinə və keçmişinə müraciət edib. Bu il formalar Goyol Cashmere brendinə məxsusdur. Material olaraq isə ipək haşiyəli milli kaşmirdən istifadə olunub.
Haiti bu ilin ən rəngarəng və maraqlı formalarından birini hazırlamağı bacarıb. Karib dənizinin yay ab-havasını Milan qışına daşıyan Haitinin formasını italiyalı modelyer Stella Jean dizayn edib. Bədii ilham Eduard Düval-Kerrinin əsərlərindən gəlir. Hər bir element əl ilə rənglənib və milli kimliyin qorunması ideyasını əks etdirir.
Rusiyanın forması 8 illik fasilədən sonra yenidən Bosco komandası tərəfindən hazırlanıb. Kolleksiyanın adı “Qızıl irs” olaraq təqdim edilib. “Qızıl irs” Rusiyanın Soçidə, Londonda, Turində və Rioda nümayiş etdirdiyi uğurlara istinad edir.
Fransa isə bu il üçün “intellektual qarderob” konsepti ilə Le Coq Sportif brendinə müraciət edib. Kolleksiya üç ssenariyə bölünüb: “Kənd”, “İntervyu” və “Podium”. Palitrada bej, çəhrayı və mavi çalarlardan istifadə olunub və 1970-ci illərə istinad edilir.