Skip to content

Dynamix

Qalmaqallı, sürprizlərlə dolu bir Qremmi gecəsi – qaliblər və bütün detallar

Nəhayət səbirsizliklə gözlədiyimiz Qremmi gecəsi baş tutdu və musiqi dünyasının ən əsas mükafatları öz sahiblərini tapıb. Həmişəki kimi təkcə musiqi yox, qalmaqallarla da yadda qalan gecə Los Ancelesdə Crypto.com arenada keçirilib. Biri-birindən iddialı rəqiblər, sürpriz qaliblər və unudulmaz performanslarla ulduzlar gecəyə damğa vurub.

Hələ yenicə namizədlər açıqlananda təxminlərimizi bu məqalədə bölüşmüşdük. Bəzi kateqoriyalar üçün doğru təxminlər etsək də, yanıldığımız kateqoriyalar da oldu. Gəlin əsas kateqoriyalara nəzər yetirək – kim qalib oldu, kim əliboş qayıtdı?

İlin Albomu kateqoriyasında Bad Banni “Debí Tirar Más Fotos” albomu ilə qalib oldu. Bizim təxminimiz Ledi Qaqadan yana idi. Lakin Bad Banninin də ən az Ledi Qaqa qədər layiq olduğunu və Qremmini haqq etdiyini qeyd etməliyik.

İlin mahnısı kateqoriyası üçün heç bizim də yüz faizlik bir təxminimiz yox idi. Amma Billinin “Wildflower” Qremmini  qazanması sonuna qədər haqqı idi deyə bilərik. Qalmaqallı qalibiyyət çıxışı barədə birazdan danışacağıq.

İlin səsyazması ilə davam edirik. Qalib Kendrik Lamar və Sza duetinin “Luther” mahnısıdır. Bu qalibiyyət bu janrın prestijini bir daha təsdiqləyir. Lakin gözlənilməyən qalibiyyət idi deyə bilərik.

Ən yaxşı yeni ifaçı üçün namizədlər biri-birindən güclü idi amma fərqlənən ad odur – Olivia Din! “Man I Need”, “So Easy To Fall In Love” kimi hitlərlə sevilən Britaniyalı gənc ifaçı mükafatın sahibidir. Çarli XCX-dən mükafatı alan Olivianın da gündəmdə olan Amerikadakı miqrantlara qarşı olaylara səssiz qalmayıb.

Ən yaxşı pop vokal albomu kateqoriyasında qalib Ledi Qaqa olub. Qaqa gecədən iki mükafat ilə ayrılıb. Digər mükafat isə “Abracadabra” ilə Ən yaxşı pop səsyazma kateqoriyasından gəlib.

İndi isə performanslara nəzər yetirək:

Şou Bruno Mars və Rosenin “Apt” performansı ilə enerjili başlayıb. Gecənin K-pop hiti ilə açılması hələ də K-pop tarixində iz buraxacaq anlardan biri hesab etmək olar.

Ledi Qaqa təxminən bir il əvvəl yayımladığı “Abracadabra” hitini fərqli səhnə şousu və maraqlı geyimi ilə şouda yaddaqalan performans göstərib. Tayler De Kreator da səhnədə öz yerini alıb və iki mahnısını birləşdirərək medley təqdim edib.

Castin Biber “Yukon” mahnısını təqdim edərkən illər sonra Qremmi səhnəsinə qayıtdığını xatırladıb. Səhnədə şort ilə çıxış etməyi də maraqla qarşılanıb. Bir digər çıxış edən ulduz Sabrina Karpenter olub. Yayın hitlərindən olan “Manchild” ilə özünəməxsus səhnə xareqrafiyası ilə yadda qalıb. Yeri gəlmişkən Sabrina bu il Qremmidən əliboş qayıdıb. Karpenter ardıcıl iki ildir Qremmi namizədi olub.

Zara Larsson isə ilk dəfə iştirak etdiyi Qremmidə əsas şouda yer almasa da “Premiere Ceremony”də “Midnight Sun” ifa edib. Sosial şəbəkələrdə izləyicilər onun əsas şouda çıxış etməli olduğunu iradını bildiriblər.

Bundan əlavə yeni ulduzlar da səhnədə yer alıb. Addison Rey, Sombr, Aleks Varren, “Katseye”, “The Marías”, Lola Yanq, Lion Tomas və Olivia Din ən sevilən hitlərini ifa edib.

Siyasi və sosial mesajlarla baş tutan daha bir Qremmi gecəsinə bütün dünya şahid oldu. Bu il ən çox hədəfə alınan mövzu Amerikanın immiqrantlara qarşı daxili siyasəti olub. Son gunlərdə bütün dünyaya yayılan “ICE” qalmaqallarına Billi Ayliş, Bad Banni, Olivia Din və digər ulduzlar münasibət bildiriblər. Hazırda sosial şəbəkələrdə trend olan çıxışlar bunlardır;

Heç kim oğurlanmış torpaqda qeyri‑qanuni deyil.

– Billi Ayliş

Allah’a təşəkkür etməzdən əvvəl demək istəyirəm: “ICE çıxarılsın. (Biz vəhşilər deyilik, heyvanlar deyilik, yadplanetlilər deyilik — biz insanıq və amerikalıyıq.

– Bad Banni

Mən burada mühacir nənənin nəvəsi kimi dayanıram. Mən cəsarətin məhsuluyam və hesab edirəm ki, bu insanlar təqdir olunmağa layiqdir. Biz bir-birimiz olmadan heç nəyik.

– Oliviya Din

Sadəcə iştirakçılar yox, aparıcı Noah Trivor da ən çox müzakirə olunan adlardandır. Onun bir neçə ifadəsi sosial şəbəkələrdə gündəm olub;

Nicki Minaj burada deyil. O hələ Ağ Evdə Donald Trampla çox vacib məsələləri müzakirə edir.

Bu, hər bir sənətçinin istədiyi Grammy‑dir — elə bil Tramp Qrenlandiyanı nə qədər istəyir.

Onlardan başqa sənətçilər də “ICE Out” yazılı broşurlar taxaraq diqqət çəkiblər. Beləliklə incəsənətin siyasətə qarışdığı, sürprizlər və qalmaqalların dolu olduğu bir Qremmi Mükafatları gecəsi yekunlaşıb. Bizi sosial şəbəkələrdə izləməyi unutmayın.

Tags: