Skip to content

Dynamix Magazine

Kino sənayesinin divlərindən Fransadan beş əfsanəvi film

Yüz əlli ilə yaxın tarixə malik olan kino sənayesində liderlik edən bir neçə ölkə vardır. Bunlara ABŞ, Böyük Britaniya, Yaponiya, İran və ən əsası Fransa daxildir. Fransa hər zaman kino sənayesi üçün yeniliklərin vətəni olub. Hər zaman ən cəsur filmləri və tərzləri fransız rejissorlar lentə alıb. Jean-Luc Godard, Agnès Varda, François Truffaut, Éric Rohmer, Jacques Rivette kimi dahi rejissorlar buna daxildir. Hətta tarixin ilk qadın rejissorlarından olan Agnès Varda haqda öz rejissorluğu ilə çəkilmiş “The beaches of Agnès” deyə film də mövcuddur.

Dynamix Magazine olaraq cəsur və yeniliklərlə dolu fransız kino sənayesindən izlənməli olan beş möhtəşəm filmi sizlərlə bölüşürük.

1.Close (2022)

Bu film ehtiva etdiyi mövzuda çəkilən ən real filmlərdəndir. Bizlər 12-13 yaşlı iki oğlanın arasındakı yaxın dostluq əlaqəsini görürük. Bu əlaqə məktəbə qədər onlar üçün olduqca dəyərli idi. Lakin məktəb başlayanda aralarındakı bu yaxınlıq bəzi həmyaşıdlarına heç bir səbəb yox ikən narahatlıq verdi deyə yavaş-yavaş aralanmağa, əlaqələri pozulmağa başladı. Bu da bizə hazırda mövcud olan cəmiyyətin dirətmiş olduğu ideologiyaların necə pis nəticələr doğuracağını tam çılpaqlığı ilə göstərdi. Onların sahib olduğu saf əlaqə Leonun cəmiyyət tərəfindən yavaş-yavaş yeritdiyi təzyiqdən qorxması ilə param-parça olur. Leo daha cəsarətli ola bilsəydi, son bambaşqa ola bilərdi. Bu fikir əslində Leonu qınamaq məqsədi daşımır. Hekayənin baş ulduzlarından olan Remi isə daha həssas, incə ruhlu biri olduğu üçün və ən əsası cəmiyyətin təzyiqlərinə boyun əymədiyi üçün o sonluğu yaşamağa məhkum olub. Heç də yad bir situasiya deyil onunku. Həyatının istənilən yerində tez-tez bu cür qısnamalara məruz qalan hər hansısa bir insan onun mövqeyini əksiksiz tam anlaya bilər. Sistemə uyğunlaşmaq istəmirsənsə, o sistemdən çıxmaq bəzən tək çıxış yolu olur insan üçün.

Filmdə bir neçə xırda və dəyərli hesab etdiyim nüans var. Əvvəla sonda Leonun qolundan gipsin çıxarılmasından sonra ağlaması… Bunun ağrının və yasın bitməsini göstərdiyini metaforudur. Elə ondan sonrakı çiçəklərlə dolu tarlada Leonun ardına (filmin başında Remi qaçanda arxada qalır) baxır və keçmişini geridə qoyaraq gələcəyinə doğru əmin addımlarla irəliləyir. Leonun yası qəbul edə bilmədiyini biz bir neçə dəfə görürük əvvəlki səhnələrdə. O özünü məcbur etsə belə, ağlaya bilmirdi. Sanki inkar hələ də beyninin bir ucunda ilişmiş bir halda qalırdı. Onun Reminin anasının iş yerinə gələndən sonrakı etirafı (hansı ki, “Mənə görə oldu, mənim günahım idi.” deməsi) Reminin anasını dərindən sarssa da, daha sonra meşədə ana qəbullanış yaşayır və Leonu bağrına basır. O anda yasın Leo tərəfindən qəbul edildiyini və gözyaşlarının rahatlıqla boşaldığını görürük.

Film boyu obrazların dərdi fərqli şeylərə yönləndirilərək göstərilir, basırılırdı. Heç biri dilinin ucuna gətirə bilmirdi dərdlərini. Leonunku dediyim kimi biləyinin ağrısı ilə göstərilir, Remininki isə mədə ağrısı.Bu psixosomatik reaksiyanın çox incə bir göstəricisidir. İzlədiyim ən yaxşı anime filmlərindən olan “Pompo: The Cinephile” filmində çox möhtəşəm bir ifadə yer alırdı.

“Biz izləyərkən özümüzü tapdığımız filmləri sevirik.”

2.Three Colours: Blue (1993)

Fransız kino sənayesindən bəhs ediriksə, Krzysztof Kieslowskidən danışmasaq, olmaz. Onun kimi bir sənətkar sayəsində fransız kino sənayesi onlarla qızıl dəyərində film qazanıb və onun ən çox bilinən işləri isə “Three Colours” trilogiyasıdır. Bu trilogiyada istifadə etdiyi rəngləri fransız bayrağından ilhamlanaraq adlandırıb. Hər bir rəng ayrılıqda azadlıq, bərabərlik və qardaşlıq mənaları üzərinə qurulmuşdur. “Three Colours: Blue”-də isə Krzysztof Kieslowski tərəfindən azadlıq hissəsinə toxunulub.

Filmdə biz tez-tez bir musiqinin müəyyən hissələrini eşidirik. Bunlar əsasən onun xatirələri ilə üzləşdiyi, xatırladığı anlarda olan səhnələrdə yer alır. Və bir neçə yerdə Kieslowski “fade to black” adlanan bir montaj texnikasını istifadə edir. Bu da Julie obrazının özü ilə yalnız qaldığı, emosional boşluq yaşadığı, travma anlarının gözünün önünə gəldiyi səhnələrdə yer alır. Fikrimcə Kieslowski burada mikro-detail storytelling də etməyə çalışıb. Xüsusən qənd səhnəsi bu filmdə xüsusi yer tutur. Ki o səhnə də zamanın hiss edilməsi, kədərin get-gedə qəndin çayı içinı çəkdiyi kimi çəkməsi və həyatın kiçik anlarını işarə edir.

Film boyu Julie azadlıq axtarışındadır və daima keçmişindən qaçaraq hərəkət edir. Bunu edərkən də çalışır ki, yalnız qalsın. Hər şeydən və hər kəsdən özünü təcrid edir. Sonra o yoldaşının məşuqəsi ilə tanış olur və ondan qalan evi ona bağışlayır. Normalda biz Julie və bənzər obrazların aqressiv bir formada reaksiya verməsini gözləyirik, lakin burda Julie olduqca sakit bir mövqe tutur. Əgər Julienin qızı sağ olsa, o həqiqətən azad ola bilərdimi? Bu insanın mövcud vəziyyətinə görə azadlıq anlayışı dəyişir. Yəni qızı sağ olsa idi, daha çox qorunaqlı və ehtiyatlı həyat tərzi yaşayardı. Amma bu onu azadlıqdan məhrum etməzdi. Bəli, daha rahat tək başına olmayacaqdı, ancaq yenə də azad olacaqdı. Julie özü sonda yoldaşından qalan son əsəri tamamlayır. Film boyu keçmişindən qaçmağa çalışan Julie öz keçmişi ilə işini bitirir və bitirir.

Fun fact:
Burada istifadə olunan mavi çilçıraq həqiqətən filmdə işıqlandırma üçün istifadə edilibmiş.

3.Breathless (1960)

Rejissoru Jean-Luc Godard olan bu film bizim bildiyimiz Hollywoodun səbəb-nəticə əsasında qurulan filmlərindən fərqli bir ton izləyir. Klassik hekayə nəql etmə sütunlarını kökdən dəyişib dağıtmaq istəyir. Hətta deyərdik ki, bunu bacarıb da. Film vur-qaç, məsələni həll elə kimi irəliləmir, əksinə obrazlar arasında dialoq sıxlığı böyük səhnələr əıavə edir. Bu seçim film üçün ritm problemi deyil, bu rejissorun bir cür manifestidir deyərdik. Çünki Godard deyir ki, insanlar həyatlarının çox hissəsini hadisələr yaşayaraq yox, danışaraq, gözləyərək və qərarsız qalaraq keçirirlər.

Məkan seçimi, yəni Paris sadəcə bir dekorasiya da deyil, o canlı bir personajdır. Rejissor burada digər filmlərdəki kimi dəhşət romantikləşdirmir, onu bir kartpostal kimi göstərmir. Günlük həyatın xaotik axışı, sıradanlığı bir çox səhnə ilə gözə soxulur. Bu da Parisin klassik romantik şəhər yox, bivec, laqeyd və içindəki insanları önəmsəməyən şəhər kimi təsvir edir. Baş obraz ölsə belə şəhər öz axarında davam edir həyata. Bu da ekzistensial bir fikirə dəlalət edir. Dünya heç bir fərdin faciəsinə görə dayanmayıb, dayanmır və dayanmayacaqdır.

Filmdəki ən güclü texnika məhz “jump cut“-dır. Bunu sadəcə texniki fənd kimi deyil, həm də fəlsəfi bir seçim olaraq da interpretasiya edə bilərik. Bu montaj çox vaxt eləcə texniki yenilik kimi izləyicilərə təqdim edilsə də, onun funksiyası sözsüz ki bundan daha dərindir. İzləyicini passiv izləyicidən aktiv düşünənə çevirməsi hörmətə layiqdir. Həmçinin kameranın bu qədər çox sərbəst olması da bizə göstərir ki, bu safəcə obrazları izləmək üçün deyil, həm də onlarla yaşamaqdır. Elə bu üslub da sonradan müstəqil kinoların estetikasını formalaşdıran amillərdən olub. Texniki baxımdan həmçinin musiqilər də olduqca müsbət təsir bağışlayır. Bu musiqilər olan playlisti, yəqin ki, öz rutin həyatımda dinləməyə davam edəcəm.

Filmi bu qədər təriflənir, ancaq tənqid edilən bir neçə nüans da olub, təbii ki. Arada bəzi dialoqlar həddindən artıq improvizə edilmiş hissiyyatı bağışlayır tamaşaçıda. Və ritmin bəzən bilərək pozulması ondakı emosional gərginliyi olduqca azaltmışdı. Kişi olan baş obraz müəyyən məqamlarda bir insan olmaqdan çıxır sadəcə ideyaların daşıyıcısına çevrilir və bu da ondakı psixoloji dərinliyi arxa plana atır.

Breathless izləyicidən sadəcə süjeti izləməyi deyil, kino dilinin necə işlədiyini sorğulamağı tələb edir. O, nə baş verdi? sualından çox film bizə bunu niyə məhz belə göstərdi? sualını ön plana çıxarır. Məhz buna görə film altmış ildən çox vaxt keçməsinə baxmayaraq hələ də müasir görünür. O, kinonun qaydalarını pozmaqla yeni qaydaların mümkün olduğunu sübut etdi. Bu, yalnız “French New Wave” hərəkatının deyil, bütövlükdə müasir kinonun dönüş nöqtələrindən biridir.

4.The 400 Blows (1959)

Hər birimiz həyatımızda ən az 1 dəfə də olsun valideynlərimiz tərəfindən fikirlərimizin önəmsənməməsi vəziyyətini yaşamışıq. Və ya valideynlərimizin bizə inanmamasını. Elə film də məhz uşağın aspektindən bu anlayışları valideynin laqeydliyi, təhsil sisteminin olduqca sərt olmasını, uşaq tərəfindən də olsa, azadlığın arzulanışını, cəmiyyətin normlarına uymayan uşaqların xor görülməsini ələ alır. Bunu edən zaman elə “French New Wave”-ə də öndərlik edirlər.

İnternetdəki bəzi blogları qeyd edib ki, rejissor özü də elə bil o cür yerdə böyümüş kimi sadalanan problemlərlə daim üzləşib. Buna görə də daha realist bir film ilə qarşımıza çıxa bilib. Rejissor qeyd elədiyim kimi “French New Wave”-ə öndərlik edənlərdəndir. O dövrlərə qədər çox səhnə və film məhz studiolarda lentə alınırdı. Bu və digər davamındakı filmlərdə isə çəkilişlər məhz küçədə və real məkanlarda çəkilib montajlanırmış. Xüsusi ilə küçədəki qaçış səhnələri fln uşağın öz daxili dünyasını daha dərindən anlamağımıza imkan verir.

Dəniz bir növ azadlığı simvolizə edirdi və sonda da uşaq dənizə çatanda ayaq saxlayır. Kameraya baxır və bizə sanki bir sual ünvanlamaq istəyir rejissor. Onun azad olub olmayacağı ilə bağlı. Realist düşüncəyə sahib tənqidçilərə görə xüsusi ilə bu yaşda azad olmaq sadəcə illuziya və boş xəyaldan başqa bir düşüncə deyil. Bunun ehtimalı o qədər azdır ki, fərq eləmək çətin deyil. Sistem onu ən azından yetişkin bir fərd olana qədər öz tabesində tutacaq. Yetişkin olanda isə o azad olmaq istəyəcəkmi bilmirik.

5.Amélie (2001)

Jean-Pierre Jeunet-in rejissorluğu ilə çəkilmiş bu film hər birimizin alışdığı romantik komediyadan daha çox, həyatın kiçik və adi anlarında xoşbəxtlik tapmaq haqqında nağılvari bir filmdir Amelie. Film Parisdə yaşayan, utancaq və xəyalpərəst Amélienin ətrafındakı insanların həyatını gizli şəkildə yaxşılaşdırmağa çalışdığı anları ekranlaşdırır. O, başqalarına xoşbəxtlik bəxş etməkdə çox ustadır, fəqət söhbət öz xoşbəxtliyindən gedəndə eyni cəsarəti göstərməkdə çətinlik çəkir.

Filmin ən güclü tərəflərindən biri onun vizual üslubudur. Jeunet Parisi sadəcə hadisələrin baş verdiyi məkan kimi yox, filmin öz qəhrəmanlarından biri kimi təqdim edir. Yaşıl, qırmızı və sarı tonlar, sürətli kamera hərəkətləri, qeyri-adi kadrlar və xırda detallara xüsusi diqqət filmi sanki canlı bir illüstrasiyaya çevirir. Bu, real Parisdən çox Amélienin təsəvvür etdiyi Parisdir. Yəni Paris bir qədər romantik, bir qədər absurd və demək olar ki, sehrlidir.

Amélie obrazının maraqlı tərəfi isə onun həm insanlara çox yaxın, həm də onlardan uzaq olmasıdır. O, başqalarının problemlərini həll etməklə öz tənhalığını gizlədir. Nino ilə münasibətində də eyni şeyi görürük. Amélie ona yaxınlaşmaq istəyir, amma real münasibətin gətirə biləcəyi riskdən qorxur. Buna görə film əslində yalnız sevgi haqqında deyil, xoşbəxtliyi başqalarının həyatında axtarmağın kifayət edib-etməməsi haqqında da danışır.

Filmin əsas zəifliyi isə bəzən həddindən artıq şirin və romantik görünməsidir. Bəzi səhnələr və personajlar reallıqdan o qədər uzaqdır ki, film hər kəs üçün eyni dərəcədə təsirli olmaya bilər. Hətta bəzi tənqidçilər Jeunetin yaratdığı bu idealizə edilmiş Parisin həddindən artıq süni olduğunu qeyd ediblər. Amma məncə, Amélienin məqsədi də məhz budur ki, o, reallığı olduğu kimi göstərmək yox, reallığa bir az sehr qatmağın nə qədər gözəl ola biləcəyini göstərə bilsin.

Budur Fransa və fransız rejissorların bizlərə ərmağanı olan filmlərdən beşi bunlar idi.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.