Skip to content

Dynamix Magazine

Bella Hadidin məşhur sprey donu ilə yadda qalan Coperni brendi niyə bağlandı?

Moda dünyasında fərqli ideyalar və qeyri-adi nümayişlərlə tanınan Coperni brendi fəaliyyətini dayandırır. Bir vaxtlar Bella Hadidin üzərində podiumda canlı şəkildə yaradılan sprey donla gündəmə gələn fransız moda brendinin bu qərarı hal-hazırda moda sənayesində diqqət çəkən hadisələrdən biridir. Bəs modaya fərqli yanaşması ilə seçilən və qısa müddətdə beynəlxalq tanınma əldə edən Coperni necə bu vəziyyətə gəldi?

Coperni necə tanındı?

2013-cü ildə dizaynerlər Sébastien Meyer və Arnaud Vaillant tərəfindən yaradılan Coperni, ənənəvi moda anlayışına fərqli yanaşması ilə seçilirdi. Brend geyim dizaynında texnologiyadan istifadə etməsi, eksperimental kolleksiyaları və qeyri-adi moda nümayişləri ilə tanınmağa başladı. Coperni-nin dünya miqyasında diqqət çəkməsinə səbəb olan ən məşhur hadisələrdən biri 2022-ci ildə Paris Moda Həftəsində baş verdi. Brendin nümayişində model Bella Hadidin bədəninə xüsusi maye parça vasitəsilə canlı şəkildə don hazırlandı. Bir neçə dəqiqə ərzində baş tutan bu proses moda nümayişini adi podium təqdimatından fərqli bir performansa çevirdi.

Bununla yanaşı, NASA-nın hazırladığı aerogel materialından ilhamlanan “Air Swipe” çantası və brendin texnologiyaya əsaslanan digər layihələri də onun imicini gücləndirdi.

Bağlanma qərarının arxasında nə dayanır?

Coperni-nin fəaliyyətini dayandırmasının əsas səbəbi maliyyə problemləri və əsas səhmdarı, eyni zamanda distribütor olan Tomorrow şirkəti ilə uzun müddətdir davam edən mübahisədir. 2019-cu ildən Tomorrow ilə əməkdaşlıq edən brend bu tərəfdaşlıq vasitəsilə istehsal, distribütorluq və beynəlxalq inkişaf imkanlarını genişləndirmişdir. Lakin sonradan tərəflər arasında maliyyə öhdəlikləri ilə bağlı problemlər yaranmağa başladı.

Brendin açıqlamasına görə, Tomorrow bir neçə ay ərzində brendə çatmalı olan gəlir paylarını və reklam kampaniyaları, moda nümayişləri kimi layihələrlə bağlı xərclərin əvəzini ödəməyib. Bu vəziyyət şirkətin gündəlik fəaliyyətinə və yeni kolleksiyalar üzərində işləmək imkanlarına ciddi təsir göstərib. Problemlər 2026-cı ilin əvvəlində daha aydın hiss olunmağa başladı. Coperni Paris Moda Həftəsindəki payız-qış 2026 nümayişini ləğv etdi.

Bu dəyişiklikdən sonra brendin təsisçiləri Coperni-ni yenidən öz nəzarətlərinə qaytarmaq və onu geri almaq istədilər. Lakin razılıq əldə olunmadı. 4 noyabr 2026-cı ildə Sébastien Meyer və Arnaud Vaillant birgə açıqlama yayaraq Coperni brendinin fəaliyyətini dayandırdığını bildirdilər.

Coperni üçün hər şey bitdimi?

Təsisçilər açıqlamalarında brendin səkkiz illik fəaliyyətini unudulmaz bir kollektiv təcrübə kimi xarakterizə edib, ideyalarının reallaşmasında iştirak edən komandalara, tərəfdaşlara və müştərilərə təşəkkür ediblər. Hələlik Coperni adının gələcəkdə başqa formada fəaliyyətə qayıdıb-qayıtmayacağı məlum deyil. Açıqlanan qərar birbaşa brendin Fransa əməliyyat şirkətinin fəaliyyətinin dayandırılmasına aiddir.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.