Skip to content

Dynamix Magazine

Niyə Hip-hop musiqimizin ögey övladı kimidir?

Basslar şəhərin tinlərini titrədir, gənclər hər sətiri əzbər bilir,  konsertlərdə biletlər “sold out” olur. Amma iş Azərbaycan musiqi sənayesinə, böyük sponsorlara və ya rəsmi qiymətləndirməyə gələndə, hip-hop birdən-birə görünməz olur.

Bizim rep niyə hələ də kölgədədir? Niyə hamı gizlicə qulaq asır, amma “mainstream” bunu layiqincə həzm edə bilmir?

“Meyxana sindromu” və köhnə stereotiplər

Bizim cəmiyyətin böyük bir hissəsi üçün rep hələ də ya “amerikan bitləri üzərində sürətli meyxana”, ya da “avara uşaqların və narkomanların qulaq asdığı” statusundadır. İnsanlar başa düşmək istəmir ki, rep artıq sadəcə küçə lüğəti deyil. Bu, müasir poeziyadır. Bu gün Paster-in, Xpert-in və ya yeni nəsil artistlərin mətnlərindəki metaforaları, sətiraltı mənaları açmaq üçün bəzən yüzlərlə kitab oxumaq lazımdır. Amma stereotiplər divar kimidir – sındırmaq çətindir.

Toy industriyasının monopoliyası

Azərbaycanda musiqidən böyük pul qazanmağın qızıl qaydası bəllidir: trek toyda oynamalıdır. F’rhyme-ın isə çıxıb “ Elə bədbəxtsən ki, burnu uzunların edam olduğu gün, çıxar xortumun” oxuduğu bir toy sürrealist hiss etdirir. Hip-hop toy formatına sığmadığı üçün böyük media resursları və şou-biznes rəhbərləri ona “gəlirsiz sahə” kimi baxırlar. Nəticədə, pop ifaçıları hər gün efirdədir, reperlər isə YouTube trendlərində ölkəni partlatsa da, televiziyaların yanından belə keçə bilmirlər.

Sponsorların qorxusu: “Birdən nəsə düz deməzlər…”

Böyük brendlər rep layihələrinə pul yatırmağa qorxurlar. Niyə? Çünki hip-hop səmimidir və filtri yoxdur. Pop ifaçısı “Yağsın yağışlar, sən məni bağışla” oxuyaraq heç kimə toxunmayan təhlükəsiz zona yarada bilir. Reper isə “Xoşbəxtliyin ibadət sayıldığı ölkədə kafirəm” deyərək reallığı üzə vurur. Sponsorlar isə risk xoşlamır. Onlar hələ də başa düşmək istəmirlər ki, bu gün gənclərə təsir etməyin ən qısa yolu pop ulduzun reklam çarxı yox, reperin səmimi bir sətiridir.

Kreativ daxili müharibələr

Bizim hip-hop səhnəsinin öz daxili problemi də var. Hamının bir-biri ilə olan görünməz (bəzən də çox görünən) savaşı. Təbii ki, diss mədəniyyəti, rəqabət hip-hopun qanındadır, bu janrı diri tutan şeydir. Amma bəzən bu rəqabət elə bir həddə çatır ki, sənaye olaraq birləşmək, böyük layihələr etmək əvəzinə, hərə öz küncündə “ən real mənəm” sübut etməyə çalışır. Birlik olmayanda isə böyük qapıları açmaq ikiqat çətinləşir.

Tarixi yaddaşımızdan silirik

Bəzən elə gəlir ki, rep Azərbaycanda dünən yaranıb. Halbuki Anar Nağılbaz, Hüseyn Dərya, Qafiyə-Mafiya və daha sonra H.O.S.T. birliyi bu mədəniyyətin formalaşmasında mühüm rol oynayıb. 2004-cü ildə yayımlanan “Mən də varam” layihəsi də repin daha geniş auditoriyaya çatmasına kömək edib.

Deməli, məsələ təkcə televiziyanın repə münasibəti deyil. Vaxtilə diqqət çəkən bu mədəniyyət niyə həmin diqqəti davamlı sənaye imkanlarına çevirməkdə çətinlik çəkir?

Hər yeni nəsil əvvəlkiləri unudanda sıfırdan başlamalı olur. Bəzən problem repə dəyər verilməməsi ilə yanaşı, onun öz tarixinə kifayət qədər sahib çıxılmamasıdır.

Dinləyicinin günahı nədir?

Mahnını paylaşırıq, dostumuza göndəririk, story-də istifadə edirik, sözlərini əzbərləyirik. Bəs sevdiyimiz reper yeni layihə çıxaranda onu dəstəkləmək üçün nə edirik?

Məsələ hamının albom alması deyil. Konsertlərə getmək, rəsmi platformalarda dinləmək və keyfiyyətli işləri başqalarına tövsiyə etmək də dəstəyin bir hissəsidir.

Ən maraqlısı isə budur: reperin daha çox tanınmasını istəyirik, amma ondan hər şeyi heç bir əlavə resurs olmadan etməsini gözləyirik. Daha keyfiyyətli klip, daha yaxşı səs, daha böyük konsert  amma xərcsiz.

Bu, bir az “həm pul xərcləmə, həm də nəticə göstər” yanaşmasıdır.

Sənətçidən peşəkarlıq gözləmək normaldır. Amma o peşəkarlığın arxasında duran əməyi də görmək lazımdır.

Hiphop niyə dəyər görməlidir?
Çünki Azərbaycan dili struktur olaraq, ritmika olaraq hip-hop üçün ideal bir alətdir. Bizim repin elə bir keçmişi və elə bir potensialı var ki, o, qətiyyən kölgədə qalmağa layiq deyil. Bu janr heç bir süni dəstək görmədən, sadəcə dinləyicinin sevgisi və sadiqliyi ilə bu gün ölkənin ən diri, ən canlı musiqisinə çevrilib.

Nəticə olaraq…

Əslində, hip-hopun heç kimin “sağ ol”una, hansısa rəsmi mükafata və ya şou-biznesin təsdiqinə ehtiyacı yoxdur. Hip-hop elə kütlədən gizlin, qulaqlıqlarda yaşayanda daha səmimi qalır. Amma bu mədəniyyəti yaradanların, gecəsini gündüzünə qatan studiya adamlarının layiq olduğu dəyəri vermək sadəcə musiqi zövqünün deyil, həm də dövrün tələbidir.

Biz isə Dynamix Magazine və Raperican olaraq, hip-hopa dəstək verməyi,əsas məqsədlərimizdən biri olaraq görür və sizi də eynisini etməyə çağırırıq!


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.