Skip to content

Dynamix Magazine

Safuranın zamansız beş hiti

2000-ci illərin ilk 10 illiyində Azərbaycan estradasında yeni bir səs doğuldu. “Yeni Ulduz 8” lahiyəsini qazanan Safura Əlizadə çox keçmədən ölkənin ən sevilən ifaçılarından birinə çevrilir. Səsi böyük, səhnədə enerjisi daha da böyük idi. Özünün isə cəmi 17 yaşı var idi.

Redaktor qeydi: Avroviziya 2010 üçün namizəd adlar açıqlandığı zaman bir çox insan  eyni şeyi düşünürdü: Safura gedəcək və  ən yaxşı nəticənı alıb gətirəcək.

Keçək bu gün də qulaqlarımızda qalan beş mahnıya.

Söz ver

2009-cu ilin sentyabrında çıxan “Söz ver” Safuranın səsinin nələrə qadir olduğunu göstərən işlərdən idi. Vokal keçidləri, duyğu dolu ifa… mahnıya ayrı bir rəng gətirirdi.


Söhbət ayrılıq qorxusundan, itirilən sevgidən əl çəkə bilməməkdən və sevilən insandan son bir ümid gözləməkdən gedir. O vaxt çox gənc olan Safura bu hissləri elə ifa edirdi ki, mahnı asanlıqla yaddan çıxmırdı.

March On

2010-cu ildə Safura ilk və bu an üçün yeganə ingilisdilli albomu “It’s My War”ı təqdim etdi və beynəlxalq karyeraya ciddi addım atdı. Albomdan seçilən “March On” üçün çəkilən klip onun vizual işləri arasında ayrıca yer tutur.


Mahnı çətinliyə baxmayaraq irəli getməkdən, bir vaxt qarşı-qarşıya dayananların ortaq məqsəd üçün çiyin-çiyinə durmasından danışır. Mesaj aydındır,  yol nə qədər ağır olsa da, dayanma. Bu mahnı Safuranın təkcə sevgi balladaları ilə kifayətlənmədiyini göstərdi.

Paradise

“Paradise”ın klipi Safuranın ən çox danışılan ekran işlərindən oldu. Beynəlxalq pop səhnəsinə yaraşan obraz, canlı enerji… klip göz önündə qalırdı.


Sözlərə diqqətlə qulaq asanda isə iş o qədər də rəngarəng deyil: qarşındakının təsirindən çıxa bilməmək, münasibətdə güc çəkişməsi və özünü qorumağa çalışmaq. Qəhrəman hisslərinə yenilsə də, özünü tam itirmir.
Cənnət saydığın münasibət bir gün ən çətin imtahanına çevrilə bilər. “Paradise”ın cazibəsi məhz bu ziddiyyətdədir.

O hara bu hara

Uzun fasilədən sonra Safuranı yenidən səhnədə görmək istəyənlər üçün “O hara, bu hara” əsl qayıdış mahnısı oldu. Musiqisi və sözləri Rafael Maleoya, aranjimanı Elvin Musayevə məxsusdur. Safuranın Azərbaycan dilindəki repertuarına təzə nəfəs gətirdi.


Mahnıda həsrət, məsafə və bitməyən bağlılıq var. Safura bunu səmimi çatdırır. Klipdəki obrazı da diqqətdən yayınmır: illər onun təbii gözəlliyinə toxunmayıb, səhnə duruşu isə daha da yetkinləşib. Çoxdan tanıdığımız o gənc qızdan fərqli, daha oturuşmuş bir sənətçi görürük.

Drip Drop

Safuranı Avropaya tanıdan mahnı, şübhəsiz, “Drip Drop” oldu. Azərbaycanı Avroviziya 2010-da təmsil edən bu əsər onun karyerasında həlledici məqama çevrildi.

Mahnını İsveçli bəstəkarlar Anders Bagge və Stefan Örn, söz müəllifi Sandra Bjurman yazıb. Xəyanət, şübhə, sevgi və məyusluq haqqında güclü pop balladasıdır. Münasibətdə nəyinsə dəyişdiyini hiss edən, amma sevgisindən yenə də vaz keçə bilməyən insanın daxili çırpınması mahnının əsasını təşkil edir.

“Drip Drop” Safuranı təkcə Azərbaycanda yox, Avropanın bir çox ölkəsində tanıtdı. Mahnı Avroviziya 2010-un favoritləri sırasında idi, Safura isə finalda 145 xalla beşinci oldu. Klip də, səhnə çıxışı da karyerasının ən yaddaqalan anlarından sayılır. Azərbaycan pop musiqisinin beynəlxalq səhnədəki iddiasını göstərən simvollardan biri məhz bu mahnı oldu.

O gecənin qalibi Safura üçün “O mənim ən böyük rəqibimdir” ifadəsini işlətdi.


Safura Əlizadə keçən illərə nisbətən artıq böyük hədəflərə doğru addım atmasa da, öz vaxtının ən cürətkar çıxışlarına imza atmağı bacarmış hətta səhnəyə tam sürət davam etsəydi düşürük ki, qlobal musiqi çatlarında yerini daim zirvəyə daşıyardı.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.