Skip to content

Dynamix Magazine

İntiqamın ən zərif halı ilə “Born to Disobey”

Moda sadəcə dəblə bağlı bir sahə deyil, hətta bəzən o texnologiya kimi sahələrin tənqid edildiyi arena olmağı bacarır. Son zamanlarda bu növ tənqidlərdən ən bilinənlərindən biri də süni intellekt və bu təməlli sahələrə milyardlıq investisiyaları ilə diqqət çəkən və “EAT THE RICH” şüarı ilə uzun müddətdir ki, tənqidlərə məruz qalan Elon Muska yönləndirilib. Bunu edən isə Elon Muskın övladlıqdan rədd etdiyi və illərdir görüşmədiyi qızı Vivian Wilsondur. İspan moda markası “Desigual”ın 2026 Payız/Qış kampaniyasında xüsusi bir yer tutur. O bu markanın yeni marka üzü olaraq diqqətləri özünə çəkir və bununla da Vivian olduqca fərqli bir işə imza atır. Onun bunu qəbul etməkdəki səbəbi sadəcə süni intellektə qarşı olan düşüncəsi deyil, həm də biolojik atasına qarşı olan illərin qərəzinin ictimai bir çığırtısıdır.

Bir çoxlarınız, yəqin ki, onun bu ilin iyununda olduqca qəribə müsahibəsindən tanıyırsınız. Vivian yenə bu markanın bir tədbiri üçün iştirak edərkən bir jurnalist tərəfindən gözləmədiyi bir sualla qarşı-qarşıya gəlib. Jurnalistin Vivianı qıcıqlandırmaq və qəzəbləndirmək üçün ünvanladığı “Atan ən yaxşısıdır, deyilmi?” sualına sadəcə “Okay” demiş və müsahibəni orda yekunlaşdıraraq heç bir əlavə qeyd vermədən oranı tərk edib. Qısa müddətdə bu sosial medianın yeni mem mədəniyyətində öz yerini tutur və qlobal olur. Hətta Vivianın şəxsi sosial media hesablarında da bununla bağlı parodiya videoları görmək mümkündür.
Kampaniyanın adı isə “Born to Disobey”, yəni “İtaət Etməmək üçün Doğuldum” deyərək bir növ Elon Muska meydan oxuyur. Markanın paylaşdığı reklam çarxında Vivian Teslanın Optimus robotuna birə-bir bənzəri “DESI 84” adında metal bir robota da yer verilib. Bunun Teslaya eyham olduğu isə hər kəs tərəfindən bilinən bir reallıqdır. Reklamda bizlər görürük ki, o süni intellekt dəstəkli robota qəsdən bir kölə kimi rəftar edir. Vivian “DESI 84”ün boynuna it qayışı bağlayaraq gəzdirir, golf oynayarkən “tee” olaraq istifadə edir və robotun bütün sistemini sıradan çıxarır.

Kampaniyanın burda vermək istədiyi mesaj bəllidir. Bu cür süni intellekt və təməlli robotlar sadəcə insanların xidmətinə buraxılan alətlərdir. Bu alətlərin insanları idarə etməsi üçün yox, insanların elə onları idarə etməsi üçün səy göstərmək lazımdır. Həmçinin kampaniyanın şüarında Elonun layihələrinin şüarına açıq bir göndərmə mövcuddur. “O itaət etmək üçün yaradılıb, amma mən yox” deyir.

Vivian da verdiyi bir müsahibədə bu layihəni seçmə səbəbi kimi qeyd edir ki, süni intellekt alətlərinin bacarıqlı bir çox sənətkarın işlərini təqlid edərək əlindən icazəsiz alması və ətraf mühitə zərər verməsidir. Sənətin insana xüsusi bir duyğu olduğunu və süni intellektin sadəcə bir-iki modifikasiya ilə dəyişdirərək bənzətməyə çalışdığını da, həmçinin, bildirib.

Sizcə, bu Vivianın bu sahələrə olan iti tənqididir, yoxsa Elon Muska qarşı illərdir yığılan kininin reklam ilə yansımasıdır?