Skip to content

Dynamix Magazine

Elton Salim – “Mentaliteti güclü olan bir ailədə doğulsam da, tamam fərqli janra yönəldim”

Elton Səlim üçün musiqiyə gedən yol heç də hamar olmayıb. Qarabağ köklü, musiqiyə sevgisi güclü olan ailədə böyüsə də, uşaqlıqdan Adele, Celine Dion, Christina Aguilera kimi dünya ulduzlarının yaradıcılığına xüsusi maraq göstərib. Onun səhnə arzusu isə “Titanic” filminin soundtrack-ini dinlədiyi gün başlayıb. Ardınca Safura Əlizadənin “Drip Drop” mahnısı bu həvəsi daha da alovlandırıb.

Bu gün Elton artıq həmin uşaqlıq arzusunu gerçəkləşdirir. Fərqli janrları bir araya gətirən, söz və musiqidə özünü axtaran gənc sənətçi yaradıcılıq yolundan və bu yolda keçdiyi mərhələlərdən danışdı.

Elton Səlimlə səmimi müsahibəni təqdim edirik.

Səhnə yolunu seçərkən özünüzə kimi ilham mənbəyi seçmişdiniz?

İlham mənbəyim o qədər keşməkeşlidir ki, bilmirəm hansından başlayım. Mən Qarabağlı ailəsində doğulmuşam və heç kimin təhsili yox idi, amma hər kəs musiqini yaxşı bilirdi. Azərbaycan mentaliteti güclü olan bir ailədə doğulsam da, tamam fərqli janra yönəldim. Heç özüm də bilmirdim.

Uşaq yaşlarımdan Adele (ən sevdiyim müğənni), Celine Dion, Christina Aguilera, Demi Lovato və digər dünya ulduzları daha çox məni cəlb edirdi. Amma ilk dəfə “səsim var, mən də oxuyacağam” sözünü “Titanic” filminin soundtrack-ini eşidəndə dedim. Məktəbdən gəlib telefonda qoşub eşitdiyim sözləri yazırdım. Beləliklə, musiqi ilə yenidən yoğrulmağa başladım.

Mənə əsas boost verən isə Safura Əlizadənin “Drip Drop” mahnısı oldu. Hamını o mahnı ilə bezdirmişdim. Hətta özüm fikrimdə klip çəkirdim, bağda. 😁

İlk mahnınızı hazırlayarkən ən çox nəyə diqqət etdiniz?

İlk mahnını hazırlayarkən həm özümdən bir parça, həm ölkədə heç kimin etmədiyi bir qarışıq janr, həm də sözlərin maraqlı olacağını düşündüyüm nüanslara diqqət etdim.

Məncə, musiqi sözləri deyir, yəni mən sözlərə musiqi yazmıram. Heç bir təhsilim yoxdur, amma bu, təhsillə əlaqədar olan bir şey deyil. Özünü inkişaf etdirmək, hər şeydə özümdən bir parça tapmaq kimi bir şeydir.

Necə ki, bədənimiz 7 oktillion atomdan ibarətdir, o 7 notu duymaq, hiss etmək əsas komponent olaraq daxilimizdədir. Artıq hisslərimizdən və həmin anda olduğumuz əhval-ruhiyyədən asılı olaraq mahnı sözlərini və musiqisini yazırıq. ☺️

Hazırda yaradıcılıq həyatınızda ən böyük məqsədiniz nədir?

Ən böyük məqsədim bəlkə də anam oxuyanda hirslənəcək, amma tam səmimi deyirəm ki, uşaqlığımdan canım, qanım, hisslərim, özümü təşkil edən “MƏN” incəsənətdən ibarət idi.

Buna ailəm icazə vermədi və məni aid olmadığım, tamam fərqli bir sahəyə yönləndirdilər. Təsəvvür edin ki, sizin ölçünüzdə olmayan, sizin heç vaxt xoşbəxt ola bilməyəcəyiniz və özünüzü həmin yerə heç vaxt aid hiss etməyəcəyiniz bir istiqamət!

Çox əziyyətlər çəkdim, o sahəni sevdim, öyrəndim, haqqını verdim, amma… İnsanın ruhu hara aiddirsə, gec-tez ora dönəcək!

Hazırda ruhumun aid olduğu yerdəyəm və bununla mənim kimi olan minlərlə insana ilham olmaq istəyirəm. Mahnılarımla insanların qəlbinə toxunmaq istəyirəm. Əsas güc sənsən və o gücə yön vermək sənin əlindədir.

Hazırda süni intellekt dövrüdür və mən utanmadan, çox rahatlıqla deyirəm ki, təkbaşına süni intellektlə hər şeyi etdim. Gənclər, mənfi deyilənlərə və böyük maddiyyatlara ehtiyac yoxdur! Ehtiyac olan elm, savad, bilik və bir an belə yorulmadan məqsədinə…

Elton Səlimlə söhbətimizdən də göründüyü kimi, onun sənət yolunun arxasında illərdir formalaşan bir arzu və özünü ifadə etmək istəyi dayanır. O, bu gün yalnız musiqi yaratmaqla kifayətlənmir, eyni zamanda fərqli yanaşması və yaradıcılıq baxışı ilə öz auditoriyasını formalaşdırmağa çalışır.

Sənətçi üçün qarşıdakı mərhələ yeni mahnılar, yeni layihələr və səhnə ilə bağlı daha böyük planlarla yadda qalacaq.

Elton Səlimə yaradıcılıq yolunda uğurlar arzulayır, qarşıdakı layihələrini səbirsizliklə gözləyirik.