Skip to content

Dynamix Magazine

Günay Sings: “Heç vaxt öz yolumdan dönmədim”

Sosial şəbəkələrdə xarici hitləri Azərbaycan dilində necə səslənə biləcəyini təsəvvür edən videoları ilə diqqət çəkən Günay Sings son dövrlərdə fərqli musiqi formatı ilə geniş auditoriyanın marağını qazanıb. Onun coverləri sadəcə məşhur mahnıların tərcüməsi deyil; burada sözlərin ritmə, melodiyaya və Azərbaycan dilinin öz ahənginə uyğunlaşdırılması xüsusi rol oynayır.

Lakin sosial şəbəkələrdə gördüyümüz Günay Sings-in arxasında musiqidən başqa bir həyat da var. Beynəlxalq münasibətlər üzrə təhsil alan və dövlət sektorunda beynəlxalq əməkdaşlıq sahəsində çalışan Günay real həyatda videolarındakı qədər cəsarətli olmadığını, əksinə, daha sakit və utancaq biri olduğunu deyir.

Dynamix Magazine Günay Sings ilə yaradıcılıq yolu, viral olmaq və keyfiyyətli musiqi arasındakı balans, tənqidlər, musiqi zövqü və gələcək planları haqqında danışdı.

Əvvəlcə sizi tanımayan biri üçün Günay Sings kimdir? Sizi sosial şəbəkələrdə gördüyümüz “cover ifa edən həvəskar musiqiçi” obrazından kənarda necə təsvir edərdiniz?

Sosial şəbəkədən kənarda əslində ayrı bir həyatım var. Beynəlxalq münasibətlər fakültəsi üzrə təhsil almışam və saat 9-dan 6-ya qədər dövlət sektorunda beynəlxalq əməkdaşlıq sahəsində çalışan bir işçiyəm. Günay Sings isə mənim musiqi ilə özümü ifadə etdiyim tərəfimdir.

“Bəlkə də həyatımda ilk dəfə risk edib fərqli bir şey etmək istədim”

“Bu mahnı Azərbaycan dilində necə səslənərdi?” ideyası necə yarandı? İlk videonu çəkəndə bu formatın belə maraq görəcəyini düşünürdünüz, yoxsa sadəcə “görək necə alınacaq” deyib paylaşmışdınız?

Çox vaxt film və ya cizgi filmlərində səslənən mahnılar rus dilində səslənəndə mənə maraqlı gəlirdi ki, görəsən, məşhur mahnılar Azərbaycan dilində necə səslənərdi? Bəzi tərcümələri çoxdan edib özümdə saxlamışdım, paylaşmağa utanırdım.

İlk videonu paylaşanda heç bir gözləntim yox idi. Bəlkə də həyatımda ilk dəfə risk edib fərqli bir şey etmək istədim. Sən demə, risk etmək lazım imiş. Bu qədər maraq görəcəyini, insanların bunu bəyənib davamını gözləyəcəyini bilməzdim.

“Məqsədim sözlərin melodiyaya yapışdırılmış kimi səslənməməsidir”

Mahnı seçərkən ən çətin hissə nədir? Xarici hitin həm mənasını, həm qafiyəsini, həm də melodiyasını qoruyaraq Azərbaycan dilinə uyğunlaşdırmaq üçün xüsusi metodunuz varmı?

Ən çətin hissə “həmin” mahnını tapmaqdır. Elə mahnı olmalıdır ki, həm ürəkdən oxuyum, həm də dinləyicilər onu eşidəndə “Aa, heç belə təsəvvür etməzdim” reaksiyasını versin.

Ona görə seçim edəndə mahnının nə qədər məşhur olmasından çox, bizim dilimizdə maraqlı olub-olmamağına fikir verirəm. Orijinal sözlərin heca sayına və vurğularına diqqət edirəm. Bəzən sözün hərfi tərcüməsini yox, oxşar alternativini seçirəm. Məqsəd odur ki, sözlər melodiyaya “yapışdırılmış” kimi səslənməsin.

Azərbaycan dilində fərqli səslənən mahnılar

Heç olubmu ki, hansısa mahnını Azərbaycan dilinə uyğunlaşdırandan sonra “Əslində, bu versiya daha yaxşı alındı” demisiniz? Belə bir mahnı varsa, hansı olub?

Sırf “orijinaldan yaxşı alındı” dediyim olmayıb. Lakin Azərbaycan dilində özümün də çox bəyəndiyim bir-iki işim var. Məsələn, gürcü mahnısı “Acharuli Gandagana” və Joe Dassin-in “Salut” mahnısı. Məncə, hər ikisi Azərbaycan dilinə gözəl uyğunlaşdı.

“Videolarda daha cəsarətli görünürəm, real həyatda isə utancaqam”

İzləyiciləriniz sizi əsasən coverlərinizlə tanıyırlar. Bəs onların hələ bilmədiyi hansı Günay var? Sosial şəbəkələrdə yaratdığınız obrazdan tamamilə fərqli olduğunuz bir xüsusiyyətiniz varmı?

Real həyatda xeyli fərqliyəm. Məncə, videolarımda daha cəsarətli və özünü ifadə etməkdən çəkinməyən biri kimi görünürəm. Həyatda isə utancaq, bəzən özünə çox da güvənməyən və yeniliklərdən çəkinən bir insanam.

Məktəbdə və universitetdə həmişə “nerd” adlandırdığımız kitab qurdu olmuşam. İndi də sakitlikdə oturub kitab oxumağı çox xoşlayıram.

Viral olmaq, yoxsa yaxşı musiqi?

Sizin üçün viral olmaq, yoxsa yaxşı musiqi yaratmaq daha vacibdir? Sosial mediada bəzən ən çox baxılan iş sənətçinin özünün ən çox sevdiyi iş olmur. Siz bu balansı necə qoruyursunuz?

Mənə görə hər ikisi vacibdir. Yaxşı musiqi yaratmaq önəmlidir, amma insan nəsə yaradanda, təbii ki, əməyinin dəyərləndirilməsini də istəyir. Viral olmaq da bunun bir formasıdır.

Çox şükür ki, mənim auditoriyam sadəcə trendə görə yox, həqiqətən ortaya qoyduğum işi qiymətləndirir. Çalışıram sırf çox baxış gətirəcək deyə sevmədiyim bir şey etməyim. Amma “mən bəyəndimsə, kifayətdir” düşüncəsində də deyiləm.

Ən gözəli odur ki, keyfiyyətli hesab etdiyim iş insanlarda da maraq yaratsın.

“Yəqin ki, Sia olardı”

Təsəvvür edin ki, dünyanın istənilən məşhur müğənnisi sizə zəng edir və deyir: “Mahnımı Azərbaycan dilində oxuyun.” Kimi seçərdiniz və hansı mahnısını Azərbaycan dilində səsləndirmək istərdiniz?

Yəqin ki, Sia olardı. Çünki onun “Unstoppable” mahnısını çox dillərdə eşitmişəm və maraqlı alınıb. Mən də həmin mahnını Azərbaycan dilində oxumaq istərdim. Ancaq zəng gəlsə…)))

“Old-school mahnılarda dərinlik və səmimiyyət var”

Bir az da sizin musiqi zövqünüzdən danışaq. Hamının möhtəşəm hesab etdiyi, amma sizin əslində heç sevmədiyiniz məşhur bir mahnı varmı? Əksinə, çoxlarının diqqət etmədiyi, amma sizin çox sevdiyiniz bir mahnı hansıdır?

Açıq deyim, indiki dövrün mahnılarını çox da tanımıram və onların yalnız az hissəsini dinləyirəm. Daha çox old-school mahnılara üstünlük verirəm. 90-cı, 2000-ci, hətta 80-ci illərin musiqilərini dinləməyi sevirəm.

Mənə elə gəlir ki, o dövrün mahnılarında bir dərinlik və səmimiyyət var. Məsələn, John Denver-in “Take Me Home, Country Roads” mahnısı. 1971-ci ilin mahnısıdır, amma hər dəfə dinləyəndə insana xüsusi bir hüzur verir.

İndi də, əlbəttə, belə mahnılar yazılır, ancaq məncə, onların sayı azdır.

Gözlənilməz uğur qazanan coverlər

İndiyə qədər paylaşdığınız videolardan hansı sizi ən çox təəccübləndirib? “Bunun bu qədər maraq görəcəyini heç düşünməzdim” dediyiniz bir cover olub?

Ən çox bu iki işi deyərdim: rus mahnısı olan “Катюша” və Queen-in “Bohemian Rhapsody” coveri. Xüsusilə ikinci mahnıya Türkiyədən çox reaksiya gəldi və insanlar tərəfindən çox bəyənildi.

“Orijinalın ən yaxşı olduğunu onsuz da bilirik”

Tənqidlərə münasibətiniz necədir? “Orijinal daha yaxşıdır”, “tərcümə mahnını öldürüb” və ya əksinə, “Azərbaycan dilində daha gözəl səslənir” kimi reaksiyalar yaradıcılığınıza təsir edirmi?

Xoş rəylər, əlbəttə, insanı daha da həvəsləndirir. Tənqidlər isə yaradıcılığıma ciddi təsir etmir, çünki bilirəm ki, pis deyənlər həmişə olacaq.

Bəzən “orijinalı qalsın elə” yazanda mənə qəribə gəlir. Çünki onsuz da bilirik ki, orijinal öz yerindədir. Mənim məqsədim mahnını “mənimkiləşdirmək” və ya orijinalı əvəz etmək deyil.

Kobud və haqsız yazanları isə çox vaxt görməzdən gəlirəm.

“İlk mahnımı Azərbaycan dilində təqdim etmək istəyirəm”

İndi coverlərdən bir addım kənara çıxaq. Günay Sings-in tamamilə özünü ifadə etdiyi, heç bir məşhur mahnıya bağlı olmayan ilk böyük işi necə səslənməlidir? Janrı, mövzusu, hətta klipi necə olardı?

Artıq ingilis dilində yazdığım bəzi hazır mahnılarım var, sadəcə hələ reliz etməmişəm. İlk işimi məhz Azərbaycan dilində etmək istəyirəm, ona görə də hələ gözləyirəm.

Musiqi üslubu pop olsa da, Azərbaycan musiqisi ilə qarışıq bir tərzdə olmasını istəyərdim. Bir az “tükürpədici” təsir yaratmağını istərdim. Bu, müəyyən bir sosial mesajla da bağlı ola bilər.

Klipi isə mahnıya uyğun olaraq daha çox qaranlıq və cinematic tərzdə görürəm.

“Heç vaxt öz yolundan dönmədi”

Və son olaraq gələcəyə gedək. Təsəvvür edin ki, 5 il sonra insanlar sizin haqqınızda “Bir vaxtlar sosial şəbəkələrdə xarici hitləri Azərbaycan dilində oxuyurdu” deyə danışırlar. O insanların sizin haqqınızda deməsini ən çox istədiyiniz cümlə nə olardı?

“Heç vaxt öz yolundan dönmədi.”

Çünki həqiqətən, həyatımda nə baş versə də, musiqidən heç vaxt vaz keçmədim. Bu yoldakı davamlılığımı uşaqlıqdan bəri itirmədim.

Günay Sings üçün musiqi yalnız sosial şəbəkə formatı və ya viral videolardan ibarət deyil. Onun sözlərindən də göründüyü kimi, bu yol illərdir davam edən şəxsi bir bağlılıqdır. Xarici hitləri Azərbaycan dilinin ahəngində yenidən təsəvvür edən Günay indi yaradıcılığının növbəti mərhələsinə — öz musiqisini yaratmağa hazırlaşır. Görünür, gələcəkdə Günay Sings-i yalnız coverləri ilə deyil, öz sözləri, öz melodiyaları və öz musiqi dünyası ilə də tanıyacağıq.