Bir vaxtlar jurnalistikanın ən böyük problemi informasiya çatışmazlığı idi. İndi isə problem əksinədir həddindən artıq informasiya və bir-birinin kopyasına çevrilən kontentlər. Sosial şəbəkəyə daxil olursan, müəyyən saytları açırsan, eyni başlıqlar, eyni cümlələr, eyni emosiyasız press-reliz.
Bunun əsas səbəblərindən biri də AI-dan istifadədir.
Bu gün bir çox media nümayəndəsi artıq tədbirə getmədən, sənətçi ilə danışmadan, mövzunu hiss etmədən sadəcə məlumatı AI-a ötürüb “mətn yaz” deyir. Nəticədə ortaya texniki baxımdan “düzgün”, amma ruhsuz yazılar çıxır. Oxuyursan və ilk cümlədən anlayırsan ki, bu mətn yaşamayıb sadəcə yaradılıb.
Ən qəribəsi isə odur ki, hamı kreativ görünmək istəyir, amma hamı eyni görünür. *“Yeni layihəsi ilə gündəmə gəldi”, *“yenidən diqqət mərkəzindədir”,* *“sosial şəbəkələrdə *maraqla qarşılandı”* kimi başlıqlar artıq bir növ avtomatik şablona çevrilib. Halbuki jurnalistika hazır cümlə oyunu deyil. Jurnalistika baxışdır.
AI burada günahkar deyil. Problem ondadır ki, bəzi insanlar onu köməkçi kimi yox, əvəzləyici kimi istifadə edir. Süni intellekt ideyanı sürətləndirə bilər, dili təmizləyə bilər, strukturu qura bilər. Amma o, jurnalistin yerinə müşahidə edə bilməz. Küçənin ritmini, tədbirin atmosferini, insanın mimikasını AI hiss etmir.
Ən təhlükəli nöqtə isə standartlaşmadır. Çünki media tarixində heç vaxt bu qədər “bir-birinə oxşayan” mətn dövrü olmamışdı. Bir xəbəri oxuyursan, sonra başqa saytda eyni xəbəri görürsən və sadəcə cümlələrin yerləri dəyişib. Bu artıq informasiya deyil, kontent fabrikidir.
Bəlkə də gələcəyin ən dəyərli jurnalistləri AI-dan istifadə etməyənlər yox, AI istifadə edib yenə də öz səsini qorumağı bacaranlar olacaq. Çünki texnologiya hər kəsə eyni aləti verir. Fərqi yaradan isə hələ də insanın düşüncə tərzidir.
