Skip to content

Dynamix Magazine

Zəngin Azərbaycan kino sənayesinin 7 dəyərli filmi

Azərbaycan kinosu XX əsrin əvvəllərindən formalaşmağa başlayan və zəngin irsə malik sənət sahələrindən biridir. 1898-ci ildə Aleksandr Mişonun Bakıda çəkdiyi qısametrajlı süjetlər ölkədə kino tarixinin başlanğıcı hesab olunur. Sonrakı illərdə “Qaynana”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Uzasq sahillərdə” kimi filmlər təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də böyük maraqla qarşılanıb. Bu ekran əsərləri milli mədəniyyəti, adət-ənənələri və cəmiyyətin müxtəlif dövrlərini əks etdirərək Azərbaycan kinosunun formalaşmasında mühüm rol oynayıb.

Son illərdə isə Azərbaycan film sənayesi yeni mərhələyə qədəm qoyub. Gənc rejissorların meydana çıxması, beynəlxalq film festivallarında iştirakın artması və rəqəmsal platformaların inkişafı yerli kino istehsalına yeni imkanlar yaradıb. Bununla yanaşı, maliyyələşmə, distribusiya və beynəlxalq bazarda tanınma kimi problemlər hələ də sahənin əsas çağırışları olaraq qalır.
İndi isə sizlərlə Azərbaycan kino sənayesində önəmli yer tutan 7 filmi təqdim edirik:

1. Şərikli çörək:

Təsəvvür edin, bu film 1969-cu ildə çəkilməsinə baxmayaraq, hər cəhətdən mükəmməl bir ekran işidir. Uşaqların aktyor oyunu belə heyrətamiz və qüsursuzdur. Finaldakı mahnı isə bütün izləyənlərin ürəyinə elə bil ki, dağ basıb parçalayır.
İndi isə hekayə üzərində danışaq. Hekayə heç nəyi gizlətmədən, tam çılpaq şəkildə bir uşağın yaşadığı çətinlikləri mükəmməl formada tamaşaçıya çatdırır. Anası işləyir, atası isə şəhid olub. Uşağın performansı ilə bizə tənhalığı iliklərimizə qədər hiss etdirir, amma bu yalnızlığa baxmayaraq o öz həyat mübarizəsini də davam etdirir. “Şərikli çörək” başlığı altında keçmiş SSRİ hökumətinin ideologiyası çox uğurla təqdim olunur: insanlar eyni ölkədə yaşayırsa, hər cəhətdən bərabər olmalıdırlar, hətta yedikləri çörəkdə belə. Xüsusi ilə X və Y nəsillərinin bildirdiyi bir nüans var o dövrlə bağlı. O da uzun çörək növbələridir və bu filmdə onu açıq-aydın görürük. Zənnimizcə, bir dövrün sancıları və kədəri bundan daha uğurlu şəkildə göstərilə bilməzdi.

Hekayə bu ağrını bizə göstərməklə yanaşı, eyni zamanda komediya elementləri də təqdim edir. Bu da filmi 7-dən 70-ə hər kəs üçün izləməyi zövqlü edir. Uşaqlıqda filmdən anladıqlarınızla indiki baxışınız tamamilə fərqlənəcəkdir. “Şərikli çörək” bizləri əyləndirərkən, eyni zamanda həyat və cəmiyyət haqqında düşünməyə vadar edir. Bu filmdə nəsə çatışmadığını deyənlər mütləq olacaq, amma Azərbaycanın o dövrdəki şəraitini nəzərə alınarsa, bu film qüsursuz bir işdir.

2. Bizim Cəbiş Müəllim

Hekayənin özü SSRİ-in maraqları doğrultusunda yoğrularaq çəkildiyi çox bəllidir. Filmdəki baş obraz olan Cəbişin motivasiyası birəbir SSRİ-in yeritməyə çalışdığı idealogiya ilə eyni olub, cəmiyyət üçün bir propagandanın qurbanı halını alıb. Müharibədə iştirak etməyin hər bir kişinin ən başlıca vəzifəsi kimi diqtə edilib, müharibənin az da olsa, romantikləşdirilməsi bir çox müasir izləyicini cin atına mindirirdi. Və film bu perspektivi elə ələ alırdı ki, yəni ya əsgər olacaqsan, ya da cəbhədə olmadan vətən müharibəsində faydan olmalıdır. Əksi düşünülə bilməz və ya əks bir davranış sərgiləmək olmaz. Belə bir davranış göstərən şəxs vətən xaini kimi adlandırılıb cəmiyyət tərəfindən qısnamaya məruz qoyulur. Bu film bildiyiniz müharibədən çıxmış bir ölkədə hakimiyyətin gücü əlində rahat tutmaq üçün filmləri propaqanda kimi işlətməyə çalışmasının bir nümunəsidir (İkinci dünya müharibəsinin bitməsindən 24 il keçmiş olmasına baxmayaraq).

Cəbiş istisna bütün obrazlar çox realist idi. Düzdür, Cəbiş müəllim özü də realistlik parçaları daşıyır özündə, lakin o çox uc bir səviyyədə vətənpərvərlik və sistem sevərlik edirdi. Çoxları üçün ən normal obraz elə Cəbişin yoldaşı olan ana obrazı idi. Qadının motivasiyası birbaşa reallığı izləyiciyə şapalaq kimi çırpır. Onun öncəliyi özü və övladlarıdır, dövlət deyil. Müasir izləyiciləri əsəbləşdirən ayrı detal isə filmin sanki o qadını pis obraz timsalı kimi göstərməyə çalışmasıdır.

Filmi propaqanda aləti olduğu üçün nə qədər atəşə tutulmuş olsa da, o dövrün çətinliyini və problemlərini səhnələşdirməkdə məharətli olublar. İnsanların ilkin ehtiyaclara olan qida və gigiyena vasitələrinə olan əlçatanlığının az olması kimi problemlər tam çılpaqlığı ilə izləyiciyə çatdırılır. Məhz bu nöqtədə Cəbiş və ana obrazları qarşı-qarşıya gəlir deyə bilərəm, bir tərəf vətənimiz qısa müddətli pis vaxtdan keçir nə edə bilsək faydalıdır deyib dövlətə bir növ kölə kimi çalışmaq tərəfdarı ikən, digər tərəf dövlətdən qabaq şəxsi mənafeyin olduğu fikrinə sahib çıxıb qoruyur.

3. Ögey Ana

1958-ci ilin Azərbaycanında ögey ana üçün pozitiv bir film çəkməklərini bir çoxları üçün gözlənilməz idi. Yəni qədim dövrdə  ögey ana obrazına qarşı mövcud olan neqativ yanaşma bu filmdə tam tərsinədir.

Film anasını itirmiş İsmayıl obrazısının atasının evə yeni həyat yoldaşı gətirməsi ilə başlayır. Və İsmayılın Solmaz xala obrazının qaza gətirməsi ilə ana obrazına qarşı qıcıq hərəkətlər eləyib onu özündən, evdən uzaqlaşdırmağa çalışır. Solmaz xala elə müasir dövrdəki bir çox anaların timsalıdır.
Bu filmdəki uşaqların nümayiş etdirdiyi aktyorluq də eynilə “Şərikli çörək” filmindəki kimi əfsanə idi. Hələ o məlum

-ANAAAA!!!
+İSMAYILLLL!!!

səhnəsi bütün izləyicilərin ortaq olaraq məyus olduğu səhnələrdəndir. Bu səhnə kino tariximizin ən qızıl səhnələri arasında net top 10-da olmalıdırda. O səhnədəki kamera çəkilişi, aktyorluğun möhtəşəmliyi və emosional olaraq vuruculuğu olsun hər şeyi mükəmməl idi. O dövrdə yarasa effekti üçün bu cür yol tapmaqları da əla olubdur.

4. Uzaq Sahillərdə

Tarantinonun “Inglourious Bastards” filmini sevənlər yaxın əyləşsin. Tarantino deyəsən bu filmdən ilhamlanıb “Inglourious Bastards” filmini çəkəndə. Zarafat bir yana, ikisinin də məzmununda bənzərliklər var. Həmçinin 1958-ci ildə çəkilmiş olması nəzərə alınsa, olduqca keyfiyyətli bir iş alınıb.

Azərbaycan film tarixinin ilkin filmlərindən biri olması səbəbi ilə xüsusi əhəmiyyət kəsb edir bu film. Filmdəki bir neçə dialoq yaddaşlarımızdan silinməyəcək qədər ikonikdir. Xüsusi ilə Anjelikanın “zabitlə görüşüm var” hissəsi əfsanədir.

Obrazların və hekayənin real həyat əsasında çəkilmiş olması isə filmdə olan obrazların keyfiyyətini hər kəsə görə bir qədər yüksəltdi. Aktyor işi olaraq da müasir Azərbaycan filmlərində yer alan aktyor və aktrissalardan daha mahir iş görüblər. Filmin çox aşağı bir büdcə ilə çəkildiyi bir qədər bəlli olur. Məsələn filmdə gərginliyi izləyiciyə ötürə biləcək olan silahlı qarşıdurma səhnələri daha keyfiyyətli ola bilərdi. Bəzən hind filmlərində dövr edib yıxılan şəxslər kimi dururdular. Bu baxımdan inandırıcı deyildi.
Və zənnimcə, Mixaylonun rəssam imicinə girməsi (hərəkətləri) Azərbaycan film tarixində ilk dəfə maskülen kişi obrazından kənar bir davranış görürük. Müasir dünyada daha feminen adlandırılacaq davranışların bu filmdə yer almasını gözlənməyən şeylərdən biridir.

Hekayənin çox da müzakirə edilə biləcək və ya tənqid ediləcək yeri olduğu çox da müzakirəyə açıq deyil, çünki bu filmdə sadəcə tarixi bir şəxsi səhnələşdirməyə çalışıblar.
Qərb filmləri necə şərqi düşmən olaraq təyin edib filmlərində bunu yansıdıbsa, SSRİ də həmçinin o cür edibdir. Bu filmdə də siz Almaniyaya qarşı kini və nifrəti hiss edə bilərsiniz.

5. Qaynana

“Qaynana” filmi ilk baxışdan sadəcə gülüş doğuran ailə komediyası təsiri bağışlayır biz izləyənlərinə. Lakin filmin populyarlığının sirrini yalnız yumora bağlamaq heç düz deyil. O, ailə münasibətləri, nəsillərarası münaqişə, patriarxal dəyərlər və insan eqosu haqqında incə müşahidələr aparan güclü sosial satiradır. O dövrdə cəmiyyətini ustalıqla tənqid etməyi bacarıb.

Bu filmləri izlədikcə insanlar Azərbaycan cəmiyyətini və arxasındakı səbəbləri daha yaxşı anlayır. Bu səbəbdən qeyd olunan filmlər hər bir kəs tərəfindən ən az bir dəfə izlənməlidir.

Filmin mərkəzində dayanmış olan və heç də sevilməyən qaynana obrazı Azərbaycan mədəniyyətində illər boyu formalaşmış nifrətə yol açan həmin stereotipin təcəssümüdür. Cənnət xala özünü ailənin mütləq rəhbəri hesab edir və övladlarının, xüsusilə də gəlininin həyatına daim müdaxilə edir sanki onun həyatında öz seçimləri ola bilməzmiş kimi. Hətta “Gəlin evin süpürgəsidir. Harda qoydum orda da dayanar.” ifadəsi fərdin hür iradəsini yoxa saymaqdır. Maraqlıdır ki, film bu obrazı tamamilə mənfi təqdim etmir. Əksinə, onun davranışlarının arxasında övlad sevgisi, vərdişlər və özünü haqlı hesab etməsini təsvir eləməyə çalışır. Məhz buna görə obraz bu gün də millətimiz üçün inandırıcı görünür.

Filmin əsas konflikti nəsillər arasındakı düşüncə fərqindən ortaya çıxır və qar topu misalı kimi böyüməyə davam edir. Yaşlı nəslin ailə üzərində tam nəzarət etmək istəyi ilə gənclərin müstəqil həyat qurmaq arzusu toqquşur. Bu münaqişə təkcə bir ailənin problemi deyil, sürətlə dəyişən cəmiyyətin də eynilə problemidir. Film bu yerdə göstərmək istəyir ki, sevgi və qayğı bəzən istəmədən və ya istəyərək həddindən artıq nəzarətə çevriləndə ailə daxilində gərginlik yaranır.
Filmdəki komediyanın ən güclü tərəfi onun həyatiliyi və reallığıdır. Buradakı dialoqlar süni səslənmir, çünki həqiqətən də günlük həyatınızda bu cür səhnələrlə qarşılaşmağınız mümkündür. İzləyici olaraq biz ekranda öz qohumlarımızı, qonşularımızı görə bilirik. Elə buna görə də “Qaynana” uzun illər keçməsinə baxmayaraq öz aktuallığını itirməyib. Çünki, cəmiyyət dəyişsə də, ailədaxili münasibətlərdəki bəzi davranışlar dəyişmədən qalır.

Filmin ən böyük uğurlarından biri aktyor işidir. Xüsusilə Nəsibə Zeynalovanın yaratdığı qaynana obrazı Azərbaycan kino tarixinin ən yaddaqalan obrazlarından biri kimi qalıb. O, sərtliyi, emosionallığı və gülməli vəziyyətləri elə təbii təqdim edir ki, izləyici bir tərəfdən onun davranışlarına gülür, digər tərəfdən isə onu tamamilə qınaya bilmir. Bu, böyük aktyorluq ustalığının ən gözəl göstəricisidir.
Bu film ailə institutunun mərkəzi rolu, kollektiv düşüncə tərzi və yaşlı nəslə hörmət kimi dəyərləri özündə ehtiva edir. Bununla belə, film bu dəyərləri kor-koranə tərifləmək əvəzinə onların ifrat formasını tənqid edib izləyicilərə təqdim edir. Şübhəsiz əcnəbilər tərəfindən də izlənməli olan bir şahəsərdir.

6.Bəxt Üzüyü

Bizim zəngin film keçmişimizdə elə filmlər var ki, onlar təkcə uğurlu ekran əsəri deyil, həm də xalqın kollektiv yaddaşının və personasının bir hissəsinə çevrilirlər. Bəxt Üzüyü məhz belə filmlərdəndir. Bu filmdə yer alan dialoqlar hələ də uyğun bütün situasiyalarda saysız dəfə təkrarlanır. Bu da bir filmin nə dərəcədə uğurlu ola biləcəyini gözlər önünə sərir. İlk baxışdan sadə məişət komediyası təsiri bağışlasa da, film əslində cəmiyyətimizin xüsusiyyətini, ailə münasibətlərini və insan davranışlarını yumor dili ilə analiz edən güclü sosial satiradır. Çünki rejissor bilir ki, içində olduğumuz cəmiyyətə ən yaxşı bu cür mesaj ötürmək mümkündür.

Filmin hadisələri “Uzaq sahillərdə” və ya “Bizim Cəbiş müəllim”-də olan kimi böyük siyasi və ya tarixi hadisələr ətrafında qurulmur. Bunun tam əksinə, gündəlik həyatın adi görünən situasiyaları ön plana çəkilir. İzləyicilər, yəni biz burada öz ailəsini, qonşularını və ya dostlarını görə bilirik. Yaradılan obrazlar ideal insanlar deyil, çünki onlar səhv edən, daxillərində qopan sonsuz emosiyalara qapılan, bəzən də öz maraqlarını hər şeydən üstün tutan adi insanlardır.

“Bəxt Üzüyü”nün əsas ideyalarından biri insanın xoşbəxtliyi kənarda axtarmasıdır. Filmin adında yer alan “bəxt üzüyü” ilk baxışdan taleyi dəyişən sehrli əşya kimi qəbul oluna bilər. Ancaq hadisələr inkişaf etdikcə aydın olur ki, insanın həyatını dəyişən nə təsadüflərdir, nə də mistik simvollar. Əsl dəyişiklik onun verdiyi qərarlardan və davranışlarından asılıdır. Film bununla taleyə kor-koranə inanmağı deyil, insanın öz məsuliyyətini qəbul etməsini ön plana çıxarır.

Film eyni zamanda Azərbaycan məişətinin kiçik detallarını böyük ustalıqla ekrana gətirir. İndi bir çox səbəbdən cəmiyyətimizdə görə bilmədiyimiz qonşuluq münasibətləri, qohumların bezdirici dərəcədə bir-birinin həyatına həddindən artıq müdaxiləsi, insanların şəxsi həyatını ehtiva edən yerli-yersiz qeybət və insanların özünü səbəbsizcə başqalarına sübut etmək istəyi satiric və yumorlu bir dillə filmdə təqdim olunur. Rejissor bununla acı bir tənqid vermir bizə. O millətin psixoloji qatlarına nəzər salır.

“Bəxt Üzüyü”ndə ailə anlayışı xüsusi yer tutur. Film ailəni müqəddəs institut kimi təqdim etsə də, onun daxilindəki problemləri açıq-aydın təqdim edir. Qarşılıqlı anlaşılmazlıqlar, emosional qərarlar və ünsiyyət çatışmazlığı komik hadisələrin əsas səbəbinə çevrilir. Bununla film vacib bir fikir irəli sürür ki, ailəni bir yerdə saxlayan təkcə qohumluq bağı deyil, qarşılıqlı hörmət və anlayışdır. Bu mesaj bu gün də öz aktuallığını qoruyur və yəqin ki, qorumağa da davam edəcək gələcəkdə. Çünki bunlar Azərbaycan mədəniyyətinin sütunlarından başlıca gələnlərdəndir.

İdeoloji baxımdan “Bəxt Üzüyü” insanın maddi uğuru və ya təsadüfi şansı həyatın əsas məqsədi hesab etməsini olduqca gerçək halda tənqid edir. Film göstərir ki, xoşbəxtlik nə bir üzükdə, nə də hansısa möcüzədə gizlənmir. İnsan münasibətləri, açıq sözlülük, qarşılıqlı hörmət və öz səhvlərini qəbul etmək bacarığı hər cür maddi simvoldan daha qiymətlidir. Bu baxımdan bu komediya formasında təqdim olunmuş əxlaqi dərs təsiri bağışlayır, lakin bunu didaktik üslubdan uzaq şəkildə edir.

Beləliklə, sadəcə gülüş doğuran məişət komediyası deyil. O, Azərbaycan insanının lap başdan bəri qanında gələn xasiyyətinin, ailə münasibətlərini və cəmiyyətin sosial davranışlarını yumor vasitəsilə araşdıran klassik kino nümunəsidir. Onun uzunömürlü olmasının səbəbi yalnız nostalji deyil, film insan təbiəti haqqında danışdığı üçün hər dövrdə aktual qalır. Məhz buna görə “Bəxt Üzüyü” bu gün də yeni nəsillər tərəfindən maraqla izlənilir və Azərbaycan film tarixinin ən dəyərli komediyalarından biri hesab olunur.

7. Nəsimi

Nəsimi Azərbaycan kinosunun ən monumental tarixi-bioqrafik filmlərindən biri hesab olunmaqdadır. Bu film bizlərə mütəfəkkir olan İmadəddin Nəsiminin həyatını, onun həqiqət uğrunda apardığı haqlı mübarizəni və faciəli taleyini bədii dillə ustalıqla təqdim edir. Film təkcə tarixi şəxsiyyətin bioqrafiyasını danışmır, həm də azad fikir, insan ləyaqəti və ideallara sədaqət kimi ümumbəşəri mövzuları yenidən və yenidən ön plana çıxarır. Məhz bunlara görə “Nəsimi” Azərbaycan kinosunda tarixi dram janrının ən mühüm nümunələrindən biri hesab olunur. Film tariximizdə bunun qədər uğurlu tarixi film tapmaq çox çətindir.

Filmin əsas ideoloji xətti insanın öz inancı uğrunda hər cür əzaba dözməsi üzərindir. Nəsimi obrazı qəddar və dini əlində idarə üçün tutan hakimiyyət qarşısında əyilməyən, həqiqəti söyləməkdən heç yerdə və heç bir vaxt çəkinməyən bir şəxsiyyət kimi təqdim edilir. Onun düşüncələri dövrün dini və siyasi hakimiyyətinə təhlükə hesab olunur, lakin o, həyatını xilas etmək naminə belə öz prinsiplərindən imtina etmir. Bu bizlərə Platonun “Apology of Socrates” kitabında qeydə alınan Sokratın yaşadıqları ilə bənzərlik təşkil edir. Film bununla göstərir ki, ideyalar bəzən fiziki gücdən daha güclüdür və həqiqi azadlıq insanın öz daxili vicdanına sadiq qalmasında gizlənir.

Vizual baxımdan “Nəsimi” klassik tarixi filmlərin estetikasını uğurla əks etdirir. Geniş dekorasiyalar, dövrün geyimləri və monumental kütləvi səhnələr tamaşaçını XV əsrin atmosferinə və görünüşünə qısa səyahət təqdim edir. Operatorun işi xüsusilə simvolik təsvirlərlə seçilir; işıq və kölgə kontrastları, memarlıq elementləri və geniş planlar filmin fəlsəfi ovqatını və ab-havasını qat-qat çox gücləndirir.

Filmin emosional yükünün əsas hissəsini baş rol aktyor oyunu daşıyır. Baş rolda Rasim Balayev Nəsimini yalnız tarixi şəxsiyyət kimi deyil, hiss edən, düşünən və əzab çəkən bir insan kimi canlandırır. Hətta deyilənə görə dəri soyulma səhnəsini daha real etmək üçün əlinə qırıq şüşə parçası almış və öz qanını axıdıbmış. Beləcə o daha real və inandırıcı performansla obrazın çəkdiyi əzabı izləyicilərə təqdim edib. Əfsuslar olsun ki, müasir film sənayesi bu cür özünü işinə heyran olan və roluna bu cür məharətlə girən aktyor istehsal etmir. Bu səbəbdəndir ki, bizlər hələ də bu filmi və digər Sovet istehsalı filmləri açıb izləyir və haqqında uzun-uzun danışıb müzakirələr aparırıq.

Məhz bu səbəblərdən “Nəsimi” Azərbaycan kinosunun ən dəyərli və zamanın sınağından çıxmış klassiklərindən biri olaraq qalır.