“Mən heç vaxt səhnədən uzaqlaşmamışam. Sadəcə bir müddət kənardan izlədim. Musiqiyə olan bağlılığım heç zaman bitməyib.”
Bir vaxtlar Azərbaycanın ən çox danışılan gənc ifaçılarından biri idi. Televiziya yarışmalarında fərqli səsi, cəsarətli səhnə obrazları və yadda qalan çıxışları ilə diqqət çəkən Elyanə Arslan (Əhmədova) illər sonra yenidən danışır.
Onu xatırlayanların yaddaşında ilk növbədə “Yeni Ulduz” səhnəsi, 2011-ci il Avroviziya seçim turları və kibritlərdən hazırlanmış məşhur geyimi qalıb. O dövrdə bəzilərinin təəccüblə qarşıladığı obrazlar sonradan dünya səhnəsində trendə çevrildi. Elyana isə öz yoluna davam etdi.
Musiqi ilə tanışlığı cəmi 7 yaşında, məktəbin son zəng tədbirində başlayıb. Sonralar “Yeni Ulduz 4” yarışması onun peşəkar sənət yolunun başlanğıcına çevrildi. Daha sonra Avroviziya seçimlərində iştirak etdi, Türkiyənin “Star Akademi” layihəsində yer aldı, Atilla Özdemiroğludan dərs aldı, Ajda Pekkan və Sərtab Ərener kimi sənətçilərin dəstəyini qazandı.
İllər sonra Türkiyədə ailə həyatı quran, ana olan sənətçi bu gün yenidən yaradıcılıq fəaliyyətini davam etdirir. Hazırda bəstəkar Gövhər Həsənzadə ilə yeni layihələr üzərində çalışan Elyana Arslan ilə keçmişdən bu günə uzanan sənət yolundan, yadda qalan obrazlarından və gələcək planlarından danışdıq.
Sizi ilk dəfə peşəkar səhnəyə gətirən nə oldu? Musiqi yolunuz necə başladı?
Əslində musiqi yolum 7 yaşımdan başlayıb. Bacımın son zəng günü idi, mən də rəqs qrupunun içində rəqs edirdim. Məktəb direktoru dedi ki, “sənin gözəl səsin var, bəlkə sən də bir mahnı oxuyasan”. Mən təəccüblə baxdım, çünki indiyə qədər oxumamışdım, rəqsə marağım daha çox idi. Demək ki, o zamandan fərq edilmişdim, ya da bir işarə idi. Peşəkar səhnə yolum isə “Yeni Ulduz 4″dən başladı.
2011-ci ildə Azərbaycanın Avroviziya seçim turlarında iştirak etmisiniz. Həmin dövrü necə xatırlayırsınız?
2011 Avroviziya dövründə qrup yoldaşlarımın təkidi ilə gizlicə qatıldım. Həmin dövrdə xarici ölkələrdən müxtəlif təkliflər, maraqlı layihələr gəlirdi. Lakin ailəm istəmədiyi üçün onların heç birini qəbul edə bilmədim.
O illərdə qeyri-adi səhnə obrazlarınızla diqqət çəkirdiniz. Xüsusilə kibritlərdən hazırlanmış geyiminiz uzun müddət müzakirə olunmuşdu. Bu ideya necə yarandı?
Kibrit geyimi hazırda Türkiyədə də tanınan aktyor Nahid Abbaszadə ilə birlikdə hazırlanmışdı. İdeya ona məxsus idi. Təbii ki, o dövrdə belə bir geyimi kim geyinə bilərdi? Mən. (gülür)
Sizcə, həmin dövrdə Azərbaycan tamaşaçısı təqdim etdiyiniz yenilikçi obrazlara hazır idimi?
Hazır olmasa da, maraqla izləyirdi. Mənim geyindiyim bəzi obrazlar o vaxt qəribə qarşılanırdı. Sonra Lady Gaga bənzər tərzdə geyinəndə hamı “vau” deyirdi.
Azərbaycandan Türkiyəyə köçmək qərarını necə verdiniz?
Ailə həyatı qurdum. Nə olursan ol, insanın ailəyə və övlada ehtiyacı var. Allah hər bir xanıma gözəl ailə nəsib etsin.
“Star Akademi” layihəsi sizin üçün nə ifadə edir? Bu yarışma sizə hansı təcrübələri qazandırdı?
“Star Akademi” mənim üçün böyük məktəb oldu. Türkiyənin dahi bəstəkarlarından Atilla Özdemiroğlu ilə tanış olmaq, ondan dərs almaq, Ajda Pekkan və Sərtab Ərener kimi sənətçilərdən “sən səhnə üçün doğulmusan” sözlərini eşitmək hər insana nəsib olmur. Bu təcrübələr sayəsində bu gün daha özgüvənli və qürurluyam.
Daha sonra aparıcılıq fəaliyyətinə başladınız. TMB-də keçirdiyiniz dövrü necə xatırlayırsınız?
TMB TV-də müxtəlif layihələrim oldu. Hər iş və hər yol bir təcrübədir. Hətta həyat yoldaşımla da orada tanış olmuşdum. Bəlkə də qismət məni məhz ora aparmışdı.
Hazırda musiqi fəaliyyətiniz hansı mərhələdədir?
Hazırda dahi bəstəkarımız Gövhər Həsənzadə ilə əməkdaşlığımız var. Yeni layihələr üzərində işləyirik və onları həyata keçiririk.
Sizi yenidən böyük bir musiqi layihəsində görmək mümkündürmü?
Əlbəttə mümkündür. Maraqlı və gözəl layihələrdən gələn təklifləri dəyərləndirirəm.
Səhnədən tam uzaqlaşmamağınızın əsas səbəbi nədir?
Mən heç vaxt uzaqlaşmamışam. Sadəcə bir müddət kənardan izlədim. Musiqiyə olan bağlılığım heç zaman bitməyib. Yaxınlarım bilir ki, bu yolda hansı əziyyətlərdən keçmişəm.
Karyeranızın ən aktiv dövründə sosial media indiki qədər güclü olsaydı, sizcə hər şey fərqli ola bilərdi?
Düşünmürəm. Qismətdən artıq yemək olmur. İndi sosial media dövrüdür, amma müğənnilərin sayı da çoxdur. Demək olar ki, hər ailədə bir müğənni var.
Heç “Azərbaycanda qalsaydım, bəlkə də bu gün tamam fərqli bir yerdə olardım” deyə düşündüyünüz anlar olubmu?
Yox, heç vaxt. Çünki bəlkə də o zaman həyatımda oğlum olmayacaqdı. Övladıma baxanda hər şey üçün min dəfə şükür edirəm. Kim olursan ol, ən gözəl hiss ana olmaqdır. Əsas odur ki, insan özünü xoşbəxt hiss etsin.
Özünüzü zamanını qabaqlayan sənətçi hesab edirsinizmi?
Bəli, hesab edirəm. Bu sənət üçün yeni bir ad idim. Özüm getsəm də, izim qalacaqdı. Hələ də o geyimlərdən danışılırsa, deməli nəsə etmişəm. Universitet illərində belə həmin obrazlarla yadda qalmışdım.
Bu gün 2011-ci ildəki Elyanə Əhmədovaya bir məsləhət vermək imkanınız olsa, ona nə deyərdiniz?
Bu gün çox gözəl yerlərdə olan sənətçi dostlarım var. Universitet illərindən hər zaman onların yanında olmuşam. Hamısına uğurlar arzulayıram. Amma zaman göstərdi ki, çoxları artıq yoxdur. Bəzən insan dəstəyə ehtiyac duymasa da, dostlarını yanında görmək istəyir.
Son olaraq illər keçsə də, Azərbaycan tamaşaçısı sizi unutmur. Bu sizə nə hiss etdirir?
İnsanlar məni tanıyanda, xatırlayanda çox duyğulanıram. Sarılıb sevgilərini göstərirlər. Məni sevən də, sevməyən də olsun, mən insanları sevirəm. İzləyənlərimə demək istəyirəm ki, bilirəm yeniliklər gözləyirsiniz. Səbrinizə və sevginizə görə sonsuz təşəkkür edirəm. Az qaldı…
İllər keçsə də, Elyanə Arslanın adı hələ də bir dövrün yaddaşı ilə birlikdə xatırlanır. Bu gün o, həm keçmişinə minnətdarlıqla baxır, həm də yeni layihələrlə tamaşaçılarının qarşısına çıxmağa hazırlaşır.
Bəlkə də sənətçinin dediyi kimi, özü bir müddət görünməsə də, qoyduğu izlər yaşayır. Görünən odur ki, Elyanənin hekayəsində hələ deyiləcək çox söz var.