Skip to content

Dynamix

MBFW Azerbaijan ikinci günün xülasəsi

Mercedes-Benz Moda Həftəsinin ikinci gecəsi fərqli coğrafiyalardan, fərqli estetik yanaşmalardan və fərqli ambisiyalardan ibarət idi. Bəzi kolleksiyalar gündəlik qarderoba müraciət etməyə çalışırdı, bəziləri isə ümumiyyətlə belə bir niyyət daşımırdı.

Gecə də isə yerli və beynəlxalq olmaqla dörd kolleksiya Lala Talısxanova, Simoorg Academy, Desi Vogue By Vishal və Lazizar brendləri çıxış etdilər. Moda redaktorumuz Tərlan kolleksiyaları sizin üçün deyərləndirdi.

Lala Talısxanova:
Moda həmişə geyinilmək üçün yaradılmır. Lalanın kolleksiyası da məhz bu kateqoriyaya aid idi. Gündəlik istifadə baxımından praktik hesab etmək çətindir. Lakin məqsəd də heç bu deyildi.

Kolleksiya görünüş üzərində qurulmuşdu. Kreativlik, eksperiment və səhnə effekti əsas prioritetlər idi. Bəzən detalların çoxluğu siluetin özünü kölgədə qoyurdu, lakin əl işləri həmin riskin qarşılığını verirdi.
Look-lar üzərində işlənmiş əl işi elementlər sadəcə dekorativ detal deyil, kolleksiyanın ən güclü tərəfi idi. Onlar sənət obyekti təsiri bağışlayırdı və təqdimata yüksək dəyər qatırdı.

Bu kolleksiya küçəyə deyil, podiuma məxsus idi. Və məhz podium üçün qiymətləndirdikdə öz missiyasını uğurla yerinə yetirirdi.

Simoorg Academy:
Bu kolleksiyanı izləyərkən ağlıma bir mahnı düşdü: Əfsanəvi Bonnie Tyler-dən “Total Eclipse of the Heart”.

Yəni “Tam bir ürək tutulması”.
Əgər zərifliyin modada bir adı olsaydı, o gecə həmin ad Simoorg Academy olardı.

Görünən o idi ki, akademiyanın tələbələri yalnız müəllimlərindən dərs almayıblar, həm də onların etimadını qazanmaq üçün bir-biri ilə yarışıblar. Və nəticə podiumda aydın görünürdü.

Monoxrom obrazlar kolleksiyanın ən güclü tərəflərindən biri idi. Bəzən rənglərin çoxluğu diqqəti yayındırır. Burada isə hər şey əksinə işləyirdi. Rəng seçimi sanki dil açıb tamaşaçıya bir cümlə deyirdi:

“Mənə bax.”

Və siz baxırdınız. Hər lookun arxasında ayrıca bir müəllif, ayrıca bir hekayə və ayrıca bir baxış vardı. Kolleksiya bütöv görünürdü, amma eyni zamanda fərdiliyini də itirmirdi. Gecənin ən təsirli anlarından biri isə final idi. Hər dizaynerin öz geyimini daşıyan model ilə birlikdə podiuma çıxması sadə detal kimi görünə bilərdi. Amma həmin an tamaşaçı sadəcə geyimləri deyil, onları yaradan insanları da görürdü. Bəzən moda yalnız parça və kəsimdən ibarət olmur. Bəzən moda arzuların, gecələrlə çəkilən zəhmətin və özünə inanmağın podiuma çıxmış halıdır. Simoorg Academy məhz bunu göstərdi. Məndən tam xal.

Desi Vogue By Vishal:
Ənənə və müasirlik arasında balans tapmaq modanın ən çətin tapşırıqlarından biridir.
Desi Vogue məhz bu xətt üzərində hərəkət edirdi.

Kolleksiyada hind əl işlərinin izləri, milli ornamentlərin təsiri və zəngin sənətkarlıq ənənəsi hiss olunurdu. Lakin təqdimat klassik hind estetikasını təkrarlamaq əvəzinə onu daha qlobal və müasir kontekstə daşımağa çalışırdı. İzlərkən müasir Bollywood abu havasını hiss etməmək mümkün deyildi. Kolleksiyanın yaradıcısı Vishal ilə şəxsi tanışlıq qurub kolleksiya barədə məlumat əldə etdikdə isə aydın oldu ki, kolleksiyanın kökündə böyük Rabari irsi və mədəniyyəti dayanır.

Kəsimlər, material seçimi və detallar diqqətəlayiq idi. Ümumi nəticəm gözləntimi yetəri qədər qarşıladı. Dizaynerin gənc olması nəzərə alındıqda, bu kolleksiya daha böyük potensialın ilkin siqnalı kimi görünür. Bəzən ən maraqlı məqam hazırkı nəticə deyil, gələcək vəddir.

Lazizar:
Bəzi kolleksiyalar haqqında uzun danışmağa ehtiyac olmur. Lazizar belə kolleksiyalardan idi.
Burada dəbdən çox sənət, trendlərdən çox ustalıq ön planda idi. Kəsimlərin dəqiqliyi, materialların keyfiyyəti, milli ornamentlərin istifadəsi və rəng palitrasının incəliyi kolleksiyanı gecənin ən güclü təqdimatlarından birinə çevirdi.
Bir çox dizayner Şərqdən ilham alır. Lazizar isə sadəcə ilham almırdı — o,

Şərqi təqdim edirdi.
Təmtəraqla zəriflik, lükslə mədəni irs arasında qurulan balans kolleksiyanın əsas üstünlüyü idi. Heç bir detal təsadüfi görünmürdü.
Brendin gecənin son nümayişi olması da təsadüfi seçim təsiri bağışlamırdı. Çünki moda şoularında ən yadda qalan çıxışların sonda saxlanılması köhnə bir qaydadır. Və Lazizar həmin yeri doldurmağı bacardı. Bu kolleksiya sadəcə geyimlərdən ibarət deyildi.

Bu, Şərqin müasir dəbdə necə görünə biləcəyinə dair iddialı və inandırıcı bir cavab idi. Tək bir cümlə ilə yekun desəm bu şərqin moda üzərində imzası idi.

İkinci gecə göstərdi ki, Bakı Moda Həftəsinin əsas gücü tək bir estetik istiqamətdə deyil. Onun gücü fərqli səslərə eyni podiumu verməsindədir.
Lakin gecənin sonunda bir sual mənim üçün açıq qaldı.
Moda sadəcə gözəl görünmək üçündür, yoxsa yadda qalmaq üçün?
Ən uğurlu kolleksiyaların cavabı artıq məlum idi..