Skip to content

Dynamix

Simoorg Academy 18 fərqli hekayəni bir podiuma daşımağı bacardı

Simoorg Academy Mercedes-Benz Fashion Week səhnəsinə 18 dizaynerini gətirdi. Hər biri aylarla üzərində işlədiyi kolleksiyası ilə. Monoxrom konsepsiya ilk eşidəndə sadə görünür, amma səhnədə gördükləriniz sizi düşündürür: eyni palitrada bu qədər fərqli bir dünya necə qurulur? Gənc dizaynerlərin hər biri buna öz cavabını verdi.

Akademiyanın təsisçisi Hədiyə Talıbova və icraçı direktor Katerina Eren ilə bu kolleksiyanın arxasında nələr olduğunu danışdıq. Və podium sonrası ilk müsahibəni təqdim edirik.

Brendinizin estetik kodu bu kolleksiyada necə yenidən yazılır və bu season-un adı hansı ideyanı daşıyır?

Bu kolleksiya məktəbimizin əsas prinsipini yaradıcı fərdiliyin inkişafını və peşəkar moda yanaşmasını əks etdirir. Kolleksiya üzərində 18 gənc dizayner çalışıb və onların hər biri öz baxışını təqdim edib. Ümumi tapşırıq monoxrom obrazların yaradılması idi: geyimdən ayaqqabıya və aksessuarlara qədər bütün elementlər eyni rəng tonunda hazırlanmalı idi. Bu yanaşma həm mövsümün aktual tendensiyalarını nümayiş etdirməyə, həm də rəngin ifadə vasitəsi kimi gücünü ön plana çıxarmağa imkan verdi.

Bu kolleksiyanın başlanğıc nöqtəsi nə idi bir obraz, bir hiss, yoxsa bir sosial narativ?

Layihənin əsasında rəng və forma vasitəsilə özünü ifadə ideyası dayanırdı. Biz tələbələrə müasir qlobal moda tendensiyalarını araşdırmağı və onları öz yaradıcı baxışları ilə yenidən interpretasiya etməyi təklif etdik. Nəticədə kolleksiya müxtəlif emosiyaları, xarakterləri və estetik yanaşmaları bir araya gətirdi, eyni zamanda vahid monoxrom konsepsiyanı qoruyub saxladı.

Lookların arxasında gizli qalan, yalnız sizin bildiyiniz “invisible detail” nədir?

Bəli. Hər obrazın arxasında onun müəllifinin şəxsi hekayəsi dayanır. Bir çox dizayner öz təcrübəsini, hisslərini və xarakterini müəyyən detallar vasitəsilə ifadə edib. Tamaşaçı bu məqamları dərhal hiss etməyə bilər, lakin məhz bu detallar kolleksiyanı səmimi və canlı edir.

Yaradıcı prosesdə sizi ən çox destabilizə edən an hansı oldu?

Ən böyük çətinlik hər bir dizaynerin fərdiliyini vahid konsepsiya daxilində qorumaq idi. Monoxrom yanaşma siluetlərə, fakturalara, proporsiyalara və detallara daha çox diqqət tələb edir, çünki burada rəng müxtəlifliyi əsas vurğu vasitəsi deyil. Bu çağırış tələbələr üçün çox dəyərli peşəkar təcrübəyə çevrildi.

Bu kolleksiya ilə hansı emosional vəziyyəti catwalk-a daşıyırsınız?

Biz gənc dizaynerlərin özünəinamını, yaradıcı azadlığını və cəsarətini nümayiş etdirmək istəyirik. Bu kolleksiya öz səsini axtaran və modanın gələcəyini formalaşdırmağa hazır olan yeni nəslin hekayəsidir.

Moda sizin üçün bu gün daha çox ifadədir, yoxsa müqavimət forması? Bu kolleksiya bu balansı necə qurur?

Bizim üçün moda həm özünüifadə, həm də fikri çatdırmaq vasitəsidir. Dizayner geyim vasitəsilə hekayə danışa, emosiyasını paylaşa və ya ətraf aləmə münasibətini ifadə edə bilər. Bu kolleksiyada hər bir iştirakçı bunu özünəməxsus şəkildə edib, eyni zamanda ümumi vizual konsepsiyanı qoruyub saxlayıb.

Material seçimi barədə nə deyə bilərsiniz?

Material seçimi zamanı tələbələr həm müasir moda tendensiyalarını, həm də öz dizayn ideyalarının xüsusiyyətlərini nəzərə alıblar. Monoxrom kolleksiyada fakturalar xüsusi əhəmiyyət daşıyır, çünki məhz onlar obraza dərinlik, həcm və vizual dinamika qazandırır.

Palitra bir hekayə danışırsa, bu hekayənin tonallığı nədir? Sakitlik, gərginlik, yoxsa transformasiya?

Bu, fərdilik və transformasiya hekayəsidir. 18 dizaynerin hər biri özünəməxsus rənglə işləyib və həmin rəng onun yaradıcı baxışına uyğun seçilib. Məqsəd bir rəngin bütün potensialını siluet, faktura, detal və aksessuarlar vasitəsilə açmaq idi. Nəticədə kolleksiya müxtəlif xarakterlərin və yaradıcı yanaşmaların bir palitrasına çevrildi. Hər rəng öz hekayəsini danışır, birlikdə isə onlar müasir gənc modanın çoxşaxəli mənzərəsini yaradır.

Show bitəndən sonra auditoriyanın yaddaşında necə bir iz qoymaq istəyirsiniz?

İstəyirik ki, tamaşaçılar gənc dizaynerlərin potensialını görsün və bir konsepsiya daxilində nə qədər fərqli və müasir yanaşmaların mümkün olduğunu hiss etsinlər. Bizim üçün ən vacibi ilham, yaradıcı enerji və gələcəyə inam hissi yaratmaqdır.

Mercedes-Benz Fashion Week səhnəsi sizin üçün nə ifadə edir?

Bu, məktəbimiz üçün yalnız böyük bir şərəf deyil, həm də tələbələrimizə beynəlxalq səviyyəli peşəkar platformada real təcrübə qazanmaq imkanıdır. Mercedes-Benz Fashion Week gənc dizaynerlərin öz ideyalarını geniş auditoriyaya təqdim edə və moda sənayesində ilk ciddi addımlarını ata bildikləri mühüm bir məkandır.

Bəs bu 18 fərqli hekayə daşıyan lookların yaradıcı dizayneri kimlərdir onları da tanıyaq.

Kamilla Mamedzade
Sevda Qadaşova
Ayan Məmmədli
Aysel Hüseynova
Fatimə Bədirxanova
Sədaqət Bədirxanova
Gülçöhrə Əliyeva
Gülnar Quluzadə
Leyla Məmmədova
Leyla Tağızadə
Xədicə Məmmədli
Sevinç Keleş
Şəhla Kərimova
Xalid Əsgərxan
Şəms Əbilsoy
Samira Nagi
Zülfiyyə İslamzadə
Ləman Əliyeva

Müsahibə üçün Hədiyə Talıbovaya təşəkkürlərimizi bildiririk.