Skip to content

Dynamix

Gözəlliyin yeni fəslini yazacaq kolleksiya Khayam Khanukaev ilə “MBFW” öncəsi söhbət

İlin ən böyük moda hadisələrindən biri olan Mercedes-Benz Fashion Week çərçivəsində ilk dayanacağımız Khayam Khanukaev Atelier oldu.

Ötən mövsümdə nümayiş etdirdiyi zərif, eleqant və gözoxşayan libaslarla podiumu əsl moda bayramına çevirən dizayner Khayam diqqətimizi cəlb edən adlardan biri olmuşdu. Onun estetik baxışı və incə detallara verdiyi önəm “Khayam Khanukaev” moda radarımızın ən maraqlı markalarından birinə çevirmişdi.

Bu mövsümdə isə bizi hansı yeniliklərin gözlədiyini öyrənmək üçün dizaynerlə həmsöhbət olduq. Podium işıqları yanmazdan əvvəl, Khayam Khanukaev Atelier-in təqdim edəcəyi yeni kolleksiya haqqında maraqlı detalların yer aldığı müsahibəmizi sizlərə təqdim edirik.

Kolleksiyanızın adı nədir və onun əsas ideyası, ilham mənbəyi nədən ibarətdir?

“Dinastiya” kolleksiyası qadınlığın və üslubun təcəssümüdür. Kolleksiyanın əsasını XX əsrin 80-ci illərinin əvvəllərinə aid siluetlər və biçimlər təşkil edir. Bu, podiumlarda və modada dəbdəbənin, zərifliyin hakim olduğu, qadınlığın ön planda dayandığı və geyim dekorunun ayrılmaz hissə hesab edildiyi dövrə bir ehtiramdır.

Kolleksiyanı bir cümlə ilə ifadə etməli olsanız, onu necə səsləndirərdiniz?

Kolleksiyanı bir ifadə ilə təsvir etməli olsaq, bu yəqin ki, “Gözəllik” olardı. Çünki bizim üçün əsas olan qadın gözəlliyini vurğulamaq, qadın fiqurunun bütün zərifliyini və qamətini nümayiş etdirən siluet yaratmaqdır.

Gələcək kolleksiyada hansı rəng palitralarından və materiallardan istifadə etməyi planlaşdırırsınız?

Yeni kolleksiyada iki əsas rəngdən – qırmızı və qara rənglərdən istifadə edirik. Bunları tamamlayan rənglər kimi açıq yaşıl, gümüşü və ağ tonlar da yer alacaq. Eyni zamanda kolleksiyada kristal, mirvari, daş və payetlərlə işlənmiş çoxlu sayda əl tikmələri istifadə olunur. Bütün bu elementlər ipək, voal, orqanza və şifondan hazırlanan geyimləri bəzəyir.

Bu kolleksiyanın yaradılması prosesində sizi ən çox yönləndirən əsas ideya və ya hiss nədir?

Bütün kolleksiyalarımızın əsasında qadına sevgi, qadın bədəninin gözəlliyinə sevgi və hər bir qadının fərdiliyinə hörmət dayanır. Dünyadakı ən gözəl şeylər təbiət tərəfindən yaradılıb və biz sadəcə bu gözəlliyi öz yaradıcılığımız, daha dəqiq desək, geyim vasitəsilə yenidən təqdim edən vasitəçilərik.

Mercedes-Benz Fashion Week platformasında təqdimat sizin üçün nə ifadə edir?

Mən bakılıyam və Mercedes-Benz Fashion Week-də iştirak etmək mənim üçün çox şəxsi və həyəcanverici bir hadisədir. Bu, şəhərimə və vətənimə olan hörmətimin ifadəsidir. Eyni zamanda, mənə bir sənətkar kimi bu şəhərin mənə bəxş etdiklərini podiumda nümayiş etdirmək imkanı verən xüsusi bir məqamdır. Bu, vətənə olan sevgi və ehtiramın ifadəsidir.

Brendinizin gələcəkdəki mövqeyini necə görürsünüz: siz trendlərin arxasınca gedirsiniz, yoxsa trendləri formalaşdırırsınız?

Biz trendləri izləmirik. Biz keyfiyyətə dəyər verən, fərdiliyini sevən, müasir, zövqlü və uğurlu qadının obrazını yaradırıq. Qadın gözəlliyinə olan ehtiram isə hər zaman aktualdır.

Bu kolleksiyanın nümayişindən sonra izləyicilərdə hansı hissin qalmasını istəyirsiniz?

İstərdik ki, tamaşaçılar bu kolleksiyaya bəxş etdiyimiz bütün gözəlliyi, hissləri və həyəcanı görə bilsinlər. Nümayişdən sonra onların ilhamlanmış, sevgi və gözəllik hissi ilə dolu şəkildə ayrılmalarını arzulayırıq.

Qadınlığın, zərifliyin və fərdiliyin tərənnümü olan “Dinastiya” kolleksiyası artıq indidən böyük maraq doğurur. Dizaynerə bizimlə söhbətə vaxt ayırdığı üçün təşəkkür edir, Mercedes-Benz Fashion Week podiumunda bu hekayənin necə canlanacağını səbirsizliklə gözləyirik.