Skip to content

Dynamix Magazine

İllüziyalarını sənətə, sənətini modaya çevirən qadın Yayoi Kusama

Avanqard sənətinin ən tanınan simalarından olan Yayoi Kusama uşaqlığından bəri gördüyü hallüsinasiyaları öz sənətinin ayrılmaz parçasına çevirdi. Erkən yaşlarda gördüyü fərqli naxışlarla mübarizə aparmaq yerinə, onlarla barışaraq çəkməyə, yəni reallaşdırmağa başladı. Ailəsi onun rəsmə olan bu istəyinə qarşı çıxaraq onun klassikləşmiş həyat standartları çərçivəsindən çıxmamasını və evlənməsini istəyirdi. Bu kimi təzyiqlər altında yaşamağın onun üçün çətin olacağını anlayan Kusama Amerikaya köçərək həyatını orada davam etdirməyə qərar verdi.
Vermiş olduğu bu qərarla birlikdə Kusama mühüm yaradıcı işlərə imza atdı. Onun sənətinin əsas ünsürləri olan rənglər, təkrarlanan naxışlar (nöqtələr) və sonsuzluq kimi motivlər fərqli üslublarda inkişaf edərək böyüdü. Bu dövr Kusama yaradıcılığının ən əsas hissəsi, sözsüz ki, Infinity konsepti olmuşdu. Xüsusilə də yaratmış olduğu “Infinity Mirror Rooms” adlı instalyasiyalarında güzgülərdən, işıqlardan, nöqtələrdən fərqli üslublarda istifadə edərək sonsuzluq məfhumuna güclü vurğu etmiş, insanları da bu əsərin bir parçasına çevirməyə nail olmuşdur.
Yayoi Kusama yaradıcılığında ən çox tanınan motivlərdən biri, şübhəsiz, Pumpkin (balqabaq) olmuşdur. Sarı balqabağın üzərində tez-tez istifadə etdiyi polka dot motivləri onun əvəzolunmaz imzasıdır desək, yanılmarıq. Bu motivin də meydana gəlməsi heç də təsadüfi deyildi.

Uşaqlıq illərində ailəsi kaboça balqabağı yetişdirib. Oradan ilhamlanan Kusama balqabağı əsərlərinin ən əvəzsiz parçasına çevirir. Müsahibələrin birində qeyd edir: “Onların cazibədar və cəlbedici forması məni valeh etdi. Məni ən çox cəlb edən şey balqabağın səxavətli və iddiasızlığı idi.” Onun bu mövzuda yaratdığı ən tanınan əsərləri Pumpkin (1994), Yellow Pumpkin, Red Pumpkin və s. olmuşdur.

Louis Vuitton x Kusama

Sözsüz, ən çox bilinən sənətçi və moda əjdahasının birgə əməkdaşlığıdır. 2012-də meydana gələn bu birləşmə nəticəsində Kusamanın nöqtələri qlobal bir moda evinin loqosu ilə birləşdirildi. Bu nöqtələr fərqli dəri məhsullarına, ayaqqabılara, aksessuarlara və qiymətli əşyalara qədər yayıldı. Bu sadəcə bir kolleksiya deyildi. New York, SoHo-da açılan pop-up mağazası adətən Kusamanın dünyasına çevrildi. Bunun ardından dünyanın fərqli şəhərlərində də pop-up mağazaları açıldı. Tam 10 il sonra Kusama və LV yenidən əməkdaşlıq üçün bir araya gəldi. 2023-cü ildə bu sənət moda üzərindəki hissəsini daha da genişləndirərək qadın, kişi geyimlərindən çantalara, fərqli aksessuarlara qədər yayıldı. Bu əməkdaşlıq çox sevilərək geniş auditoriyalara çatdı, xüsusilə də sosial mediada böyük əks-səda yaratdı.

Könüllü olaraq öz doğma vətənində, Yaponiyada, bir psixiatrik klinikada yaşayan Yayoi Kusama 14 avqust 2026-cı il tarixində dünyasını dəyişdi. Ölümü ilə bağlı verilən bəyanatda bildirilir ki: “O, son günlərinə qədər rəsm çəkməyə davam etdi, fırçasını heç vaxt kənara qoymadı və əbədi sevgi və əbədi ruhu araşdırmağa davam etdi.” Yayoi Kusama geriyə təkrarolunmaz bir sənət irsi buraxdı.

Mənbə: BBC.com, Artsy.net, Cincinnatiartmuseum.org