Skip to content

Dynamix Magazine

Tarixi yaddaşınızı yeniləyəcək filmlər

Instagram feed-ində gəzişirsən, hamı bu gün fərqli bir əhval-ruhiyyə paylaşıb. Qulaqlığı taxıb küçəyə çıxanda belə, bir anlıq musiqini söndürüb Bakının o qəribə, amma qürurlu səssizliyinə qulaq asmaq istəyirsən. Payızın ilk soyuqları küçələrə yayıldıqca, insanlar təqvimdəki o məlum tarixə baxıb öz-özlüyündə fikrə gedir. Həmin günləri və hadisələri təsvir edən filmləri xatırlayaq.

Müharibənin o sərt reallığını görmək istəyirsənsə, Elxan Cəfərovun 2012-ci ildə ekranlaşdırdığı “Dolu” filmi mütləq ilk seçiminiz olmalıdır. Yazıçı Aqil Abbasın eyniadlı romanı əsasında çəkilən film Qarabağ müharibəsində vuruşan bir qrup əsgərin, daha doğrusu “döyüşən uşaqların” başına gələnlərdən bəhs edir. Səngərdəki gənclərin o çətin anlarda belə yumorlarını, dostluqlarını itirmədiklərini görəndə adamın sadəcə ürəyi titrəyir.

“Kod adı: Yaşma” filmini isə hərbi qulluqçularımızın gizli və çətin hazırlıq prosesini görmək üçün mütləq izləməlisiniz. Xəzər Media tərəfindən hazırlanan bu sənədli iş ilk dəfə 8 Noyabr 2021-ci ildə, Zəfər Günündə Xəzər TV-də nümayiş olunub. Film Azərbaycanın məşhur “Yaşma” Xüsusi Təyinatlı Qüvvələrinin döyüş taktikalarını və Vətən müharibəsindəki şücaətini əks etdirir. Bu igidlərin arxa planda çəkdiyi zəhməti, döyüş meydanındakı soyuqqanlılığını görəndə vətənpərvərlik hissi bir az da güclənəcək.

“Fəryad” filmini isə yəqin ki, böyüklərdən eşitmisiniz. Rejissor və baş rol ifaçısı Ceyhun Mirzəyevin 1993-cü ildə ərsəyə gətirdiyi ekran işi, ermənilərə əsir düşən hərbçi İsmayılın hekayəsidir. İsmayılın əsirlikdə göstərdiyi məğrurluq, yaşadığı çarəsizlik səni də əsirlikdə hiss etdirəcək.

Hekayələr fərqli olsa da, qəhrəmanların ağrısı və mübarizəsi oxşardır. Rejissor Elnur Əliyevin 2018-ci il istehsalı olan “Son nəfəsədək” filmi real hadisələr əsasında çəkilib. Filmdə həbsxanadan çıxıb birbaşa doğma torpağı Füzulini qorumağa yollanan Yaşqa ləqəbli Yavəri və silahdaşlarının igidliyini təsvir edilir.

Xocalı faciəsi bütün Azərbaycanın qanayan yarasıdır, bəs bu faciənin canlı şahidi olan insanlar?

Xocalı şahidi Dürdanə Ağayevanın çəkdiyi zülmü ekrana daşıyan “8 gün əsirlikdə” sənədli-bədii filmində bu faciənin şahidi olan 20 yaşlı gənc Dürdanənin xəyallarının 8 gün içərisində necə məhv edildiyinə də sən şahid olursan.

“44 Gün Xocalının Muradı” filmi isə təkcə bir tarixi hadisəni xatırlatmır — bir xalqın yaddaşını, ağrısını və sarsılmaz iradəsini ekrana daşıyır. Xocalıda şəhid olanların nisgili, 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ilə mənəvi bir rahatlıq tapır. Film faciənin ağrısını dərin emosional çalarlarla təqdim etməklə yanaşı, 2020-ci ildə əldə olunan Zəfəri qürur və ləyaqət hissi ilə tamaşaçıya çatdırır. Ağrı ilə qürurun bu qovuşduğu nöqtədə, itkinin mənasız olmadığını bir daha dərk edirsən.

Elxan Cəfərovun “Yarımçıq xatirələr” filmi isə məsələyə tamam fərqli bir tərəfdən baxır. Film 1941-ci ildə faşizmə qarşı Brest qalasını qoruyan və 50 il sonra doğma Qarabağını müdafiə etmək üçün yenidən əlinə silah alan bir veteranın taleyindən danışır. Veteranın gündəliyində yazılanlar fərqli zamanların eyni nöqtədə necə birləşdiyinin sübutudur.

Rejissor Vahid Mustafayevin 2015-ci ildə çəkdiyi “Qanlı Yanvar” filmi də 1990-cı ilin 20 Yanvar hadisələrini iki qardaşın fərqli baxış bucağı üzərindən göstərir. Azadlıq sözünün ilk qığılcımları necə çətinliklə alovlansa da, tez söndürülür.

Bütün bu ağır, vahiməli səhnələrin içində sakit, amma dərindən sarsıdan bir ana obrazı da var.

Bəs nədir çarəsizlik?

Hər gecə ermənilər kəndin boş olduğunu bilməsin deyə bütün evlərdə tək-tək neft lampası yandırmaqdır. Rejissor Elçin Musaoğlunun 2014-cü ildə çəkdiyi “Nabat” filmində bu çarəsizlik Qarabağ müharibəsi zamanı hamının təxliyə olunduğu bir kənddə xəstə yoldaşı və oğlunun məzarını tərk etməyən tək bir anaya aiddir.

Bir dəfə də olsun bu filmləri mütləq izləməlisiniz. Xatırlayacaqsan, biz unutmadıqca, unutdurmadıqca onların ruhları da hər zaman şad olacaq.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.