Skip to content

Dynamix Magazine

t.A.T.u. Spotify-ın bir milyardlıq klubunda

t.A.T.u.-nun “All The Things She Said” mahnısı Spotify-da 1 milyard dinlənməni keçib.

2000-ci illərin əvvəllərində dünya musiqi səhnəsinə damğasını vuran t.A.T.u. qrupunun əfsanəvi “All The Things She Said” mahnısı 2026-cı ilin sentyabrında Spotify-da 1 milyard dinlənmə həddini keçdi. 2002-ci ildə yayımlanan hit bu göstəriciyə çatan ilk t.A.T.u. mahnısı oldu. Qrupun rəsmi açıqlamasına əsasən, bu nəticə ilə t.A.T.u. Spotify-da 1 milyard dinlənməyə çatan ilk rusiyalı qrup olub.


Lena Katina və Yuliya Volkovadan ibarət duonun ən məşhur mahnılarından biri olan “All The Things She Said” həm musiqisi, həm də klipi ilə böyük rezonans doğurmuşdu. İvan Şapovalovun rejissorluğu ilə çəkilən klipdə məktəbli forması geyinmiş iki müğənninin yağış altında dəmir hasarın arxasında dayanması və öpüşməsi səhnələri dövründə geniş müzakirələrə səbəb olmuş, birmənalı qarşılanmamışdı. Bəzi ölkələrdə klipin televiziyalarda yayımlanmasına qarşı çağırışlar edilsə də, ətrafında yaranan qalmaqal mahnının daha geniş auditoriyaya çatmasına kömək etdi.

2002-ci ildə təqdim olunan mahnı əslində qrupun rus dilindəki “Я сошла с ума” mahnısının ingilisdilli versiyasıdır. Trevor Horn tərəfindən ərsəyə gətirilən beynəlxalq versiya qısa müddətdə dünya miqyasında böyük uğur qazandı. Mahnı Böyük Britaniyanın rəsmi sinql çartında birinci pilləyə yüksələrək t.A.T.u.-nu bu nəticəni əldə edən ilk rusiyalı ifaçı etdi və dörd həftə zirvədə qaldı. Avstraliya, Avstriya, Danimarka, İrlandiya, İtaliya, Yeni Zelandiya və İsveçrənin musiqi siyahılarında da liderliyə yüksələn mahnı ABŞ-nin Billboard Hot 100 çartında 20-ci yerə qədər çatdı.

Mahnının yaranma tarixçəsi də maraqlıdır. Bəstəkar və söz müəllifi Elena Kiper mahnının ideyasının diş həkimi kabinetində olarkən gördüyü yuxudan yarandığını bildirib. Onun sözlərinə görə, yuxusunda başqa bir qadını öpüb və oyandıqdan sonra beynində rus dilində “Я сошла с ума” (“Ağlımı itirmişəm”) ifadəsi səslənməyə davam edib. Bu təcrübə mahnıya ilham verib və sonradan əsas misralara çevrilib.

Yayımlandığı vaxtdan uzun illər keçməsinə baxmayaraq, mahnı yeni nəsil dinləyicilər arasında da populyarlığını qoruyur. Sosial şəbəkələrdə yenidən yayılması və müxtəlif videolarda istifadə olunması dinlənmə sayının artmasında böyük rol oynayıb. Mahnı hətta “Heated Rivalry” serialında da səslənib: 4-cü bölümdə gərgin və emosional səhnənin əsas musiqi elementi kimi istifadə olunub və serialın rəsmi soundtrack albomuna da daxil edilib.

t.A.T.u. Yuliya Volkova və Yelena Katina tərəfindən yaradılmış rus musiqi qrupudur. Qrup 1999-cu ildə prodüser İvan Şapovalov və bəstəkar Aleksandr Voytinski tərəfindən təsis edilib. İlk fəaliyyət illərində iki üzv arasındakı lezbiyan münasibətlərini əks etdirən səhnə obrazı ilə geniş şöhrət qazanıb. Bu cəsarətli və mübahisəli imic qrupun həm Rusiyada, həm də beynəlxalq səviyyədə böyük maraqla qarşılanmasına səbəb olub. Sonrakı illərdə qrup bu obrazdan tədricən uzaqlaşıb və fəaliyyətini fərqli istiqamətdə davam etdirib.

2003-cü ilin may ayında qrup “Avroviziya” mahnı müsabiqəsində iştirak edərək üçüncü yeri tutdu. 2011-ci ildə qrup rəsmi olaraq mövcudluğunu sonlandırdığını açıqladı və solistlər hər biri ayrılıqda öz musiqi yollarına davam etdi. Tam 14 il sonra, 2025-ci ildə əfsanəvi qrup yenidən qayıtdığını və birgə oxuyacaqlarını bəyan etdi.


Beləliklə, “All The Things She Said” yalnız 2000-ci illərin deyil, bütövlükdə pop musiqi tarixinin yadda qalan hitlərindən biri kimi öz yerini qoruyub saxlayır.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.