Skip to content

Dynamix

Şrek bizi yenidən uzaq krallığa aparacaq

Uzun illərdir gözlənilən an nəhayət gəlib çatdı. Animasiya tarixinin ən uğurlu və sevilən franşizalarından biri olan “Şrek” seriyasının beşinci filmindən ilk rəsmi treyler yayımlanıb.

DreamWorks-un əfsanəvi yaşıl divi illər sonra yenidən tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. Yayımlanan görüntülər göstərir ki, yeni film həm klassik “Şrek” ab-havasını qoruyacaq, həm də hekayəyə yeni nəfəs gətirəcək.



2001-ci ildə nümayiş olunan ilk “Şrek” filmi animasiya sənayesində yeni dövrün başlanğıcı hesab olunur. Nağıllara satirik yanaşması, fərqli yumoru və yadda qalan personajları sayəsində film qısa müddətdə dünya miqyasında fenomenə çevrilmişdi. Sonrakı illərdə ekranlaşdırılan davam filmləri də böyük uğur qazanaraq seriyanın ümumi gəlirini 2,9 milyard dollardan çox səviyyəyə çatdırdı. İlk film eyni zamanda “Ən yaxşı animasiya filmi” nominasiyasında Oskar qazanan ilk animasiya layihəsi kimi tarixə düşdü.

İllər keçsə də, Şrek, Fiona və Eşşək populyarlığını itirməyib. Bunun ən böyük sübutu isə treylerin yayımlanmasından sonra sosial şəbəkələrdə yaranan böyük maraqdır. Bir çox izləyici uşaqlıq illərinin qəhrəmanlarını yenidən ekranda görməkdən həyəcan duyduğunu bildirib.

“Şrek 5”də əsas obrazları yenə də Mike Myers, Cameron Diaz və Eddie Murphy səsləndirəcək. Filmin diqqət çəkən yeniliklərindən biri isə Şrek və Fionanın qızı Felisiya obrazıdır. Bu personajı məşhur aktrisa Zendaya canlandıracaq.

Filmin rejissorları Walt Dohrn və Brad Ablesondur. “Şrek 5”in 2 iyul 2027-ci ildə dünya kinoteatrlarında nümayişə çıxacağı planlaşdırılır.

İlk treylerdən görünən odur ki, yaradıcılar “Şrek” kainatını yeni nəslə təqdim etməklə yanaşı, illər əvvəl bu personajlarla böyüyən tamaşaçıları da bir daha uzaq-uzaq krallığa qaytarmağa çalışacaq.