Skip to content

Dynamix

İstirahət günlərində YouTube-da pulsuz izləyə biləcəyiniz 10 məşhur animasiya

Artıq yay gəldi və bu o deməkdir ki, gənclər öz asudə vaxtlarını keçirmək üçün yeni hobbilər və məşğuliyyətlər əldə edə bilərlər. Bunlardan ən maraq doğuran məşğuliyyətlərdən biri də məhz “Youtube” platformu üzərindən qısametrajlı animasiyalar izləməkdir. Minlərlə qısametrajlı animasiya filmləri arasından sizin üçün seçdiklərimiz bunlardır:

1. Toy story of terror- Bu animasiyanı “Youtube” üzərindən bir playlist halında ardıcıl olaraq izləyə bilərsiniz. Bu animasiyada oyuncaqlar yeni sahibləri Bonnie ilə birlikdə avtomobil səyahətinə çıxır, lakin qorxunc bir moteldə qalır. Oyuncaqlar sirli şəkildə yox olmağa başlayanda, Jessie qorxularını dəf etmək və dostlarını xilas etmək üçün irəli çıxır.


2. A single life- 2 dəqiqə 23 saniyəlik bu animasiya olduqca dərin mövzular ehtiva edir. Baş qəhrəmanımız Pia müəmmalı bir vinyl əldə edir və hekayə bununla da başlayır. Vinylin üzərində iynəni hər dəfə hərəkət etdirdikcə o həyatının fərqli dövrlərini səyahət edirdi. Animasiyanın əsas mövzuları zamanın sürətlə keçməsi, insanların keçmişi və gələcəyi idarə etmək arzusu, peşmanlıq, ölüm və fanilik, həyatın bir dəfə yaşanmasıdır. Hər kəsin ən az 1 dəfə izləməli olduğu qısametrajlı animasiyalar silsiləsindəndir.


3. Being Pretty- 1984 sevənlər yaxın əyləşin, çünki 3 dəqiqəlik bu animasiya tam sizin axtardığınız animasiyadır. 1984 ilə eyni mövzunu ələ alan “Being Pretty” diktator rejimin televiziya kanallarını ələ keçirərək hələ insanların kiçik yaşlarından beyinlərini yumaq arzusu güdür.


4. Yuki`s Sun- Hər birimiz ən az bir dəfə də olsun iki dəfə Oscar mükafatı qazanmış Hayao Miyazakinin filmini izləmiş və ya səhnəsini görmüşsünüzdür. Bəs onun yaradıcıllığının başlanğıc işlərindən olan bu qısa animasiyanı bilirdinizmi? Əgər bilmirdinizsə, səhnələri nağıl və xəyal kimi olan bu animasiya əla seçim olardı. Yetim bir qızın öz bioloji valideynlərini tapmaq üçün çıxdığı macəralı səyahətdən bəhs edərkən sizi valeh edən səhnə quruluşu ilə fərqli bir təcrübə əldə edəcəksiniz.


5. Blind Eye- Bu animasiya insan şüurunu mükəmməl şəkildə təqdim edir. Bu qədər iman və sədaqətlə anlaya bilməyəcəkləri bir şeyə ibadət etmək haqda gözəl bir nümunədir. Hətta animasiyada göstərilən obrazlar doğru olmaya biləcək bir şeyə inanaraq bütün həyatlarını itirirlər. Dini və feminizmlə bağlı işarələr daşıyan bu animasiya şans verilməyə layiqdir.


6. The Little Mole as a Painter – Uşaqlığımızın ən sevimli və qədimi animasiya qəhrəmanlarından biri olan Balaca Köstəbəy bu dəfə rəssam olmağa qərar verir və yeni macəraya qatılır. Sadə görünən bu qısametrajlı animasiya yaradıcılığın, dostluğun və xəyal gücünün canlıları necə dəyişə biləcəyini rəngarəng səhnələrlə nümayiş etdirir. Serbiyalı rejissorun burada dialoqdan demək olar ki, istifadə etməməsi isə onu bütün yaş qrupları üçün rahat izlənilə bilən, heç vaxt yaddaşdan silinməyəcək və universal bir animasiyaya çevirir.

7. The Girl Who Cried Pearls – Hisslərin dəyərini poetik dillə izah edən bu qısametrajlı animasiya göz yaşlarını mirvariyə çevirən bir qızın hekayəsindən bəhs edir. İnsan tamahı, sevginin saflığı və duyğuların maddi qazanca çevrilməsinin yaratdığı faciəvi nəticələr bu nağılvari atmosferdə təqdim olunur. Vizual üslubu və verdiyi mesaj sayəsində uzun müddət yadda qalacaq animasiyalardan biridir. Elə bu səbəbdəndir ki, bu il Oscar mükafatına layiq görüldü.


8. Dinner for Few – Mövcud dünyadakı siyasi və iqtisadi sistemi bu animasiya qədər uğurla tənqid edən əsərlər çox azdır. Süfrə arxasında başlayan sadə bir nahar zaman keçdikcə gücün, acgözlüyün və kapitalizmin insan cəmiyyətini necə məhv etdiyini simvolik şəkildə, Heyvanıstan kitabından səhnəymişcəsinə göstərir. Cəmi bir neçə dəqiqə ərzində sosial bərabərsizlik, istismar və hakimiyyət uğrunda mübarizə haqqında düşündürən olduqca güclü bir animasiyadır. Xüsusən o sonluq ən unudulmaz animasiyalardan biri edir onu.


9. Best Friend – Texnologiyanın həyatımızın ayrılmaz hissəsinə çevrildiyi dövrdə insanlar arasındakı münasibətlərin necə dəyişdiyini göstərən düşündürücü bir animasiyadır. Baş qəhrəmanın virtual dostluğa və sosial mediaya olan bağlılığı zaman keçdikcə onu real dünyadan uzaqlaşdırır və asılılıq üzündən həyatı necə məhv olur onu görürük. Qısa müddət ərzində müasir cəmiyyətin tənhalıq, asılılıq və ünsiyyət problemlərini uğurla əks etdirən animasiya diqqətə layiqdir.


10. Paperman – Disneyin ən uğurlu qısametrajlı animasiyalarından biri hesab olunan “Paperman” təsadüfən qarşılaşan iki insanın taleyindən bəhs edir. Ağ-qara vizual üslubu, romantik atmosferi və demək olar ki, dialoqa ehtiyac duymadan hekayə danışma bacarığı onu xüsusi edən əsas xüsusiyyətlərdəndir. Bəzən kiçik təsadüflərin həyatımızı necə dəyişə biləcəyini göstərən olduqca təsirli bir animasiyadır. Kim bilir, bəlkə də bu animasiyadan sonra siz də öz təsadüfi eşqinizi tapdınız.


BONUS. Look Back- Əgər dostluq, peşmanlıq və sənət haqqında dərin emosional hekayələr sevirsinizsə, bu animasiyanı mütləq izləməlisiniz. 2025-də Letterboxd-də ən yüksək reytinqlə dəyərləndirilən “Chainsaw Man- The Movie: Reze Arc”-ın yaradıcsı Tatsuki Fujimoto tərəfindən yazılmış manqa əsasında hazırlanan bu film iki gənc rəssamın illər boyu davam edən münasibətini, arzularını və həyatın gözlənilməz dəyişikliklərini olduqca təsirli şəkildə təqdim edir. Sadə görünən süjetin arxasında yaradıcılıq ehtirası, itki, peşmanlıq və həyata davam etməyin mənası haqqında güclü mesajlar gizlənir. Vizual üslubu və emosional yükü ilə son illərin ən təsirli anime filmlərindən biri hesab olunur. Elə məhz buna görədir ki, yaxın zamanda bu animasiyanın live-action-u sevənləri ilə bölüşüləcək.



Qısametrajlı olsalar da, bu animasiyaların hər biri cəmi bir neçə dəqiqə ərzində tammetrajlı filmlər qədər güclü hekayələr danışaraq sizlərdə uzun müddət izi silinməyəcək qədər qalacaq təəssürat yaratmağı bacaracaqdır.