Skip to content

Dynamix Magazine

Paris Moda Həftəsinin ən yaxşı beş kolleksiyası

Milan Moda Həftəsi kimi diqqətləri öz üzərinə çəkən moda həftələrindən biri də Paris Moda Həftəsidir. Və sentyabrın 28-dən oktyabrın 6-a qədər Paris Fashion Week Womenswear Spring/Summer 2027 həftəsi keçirilib. Bir çox brend öz kolleksiyasını nümayiş etdirərək moda tənqidçiləri tərəfindən yüksək qiymətləndiriliblər. Dynamix Magazine olaraq Paris Moda Həftəsinin ən yaxşı 5 kolleksiyasını təqdim edəcəyik.

1.Saint Laurent

Kolleksiyanın dizayneri Anthony Vaccarello-nun brenddəki son kolleksiyası ola biləcəyi şayiələri fonunda təqdim edilən bu kolleksiya müasir dəbdəbə nümayiş etdirib. Eyfel qülləsi mənzərəli Trokadero meydanında keçirilən şouda qızılı rəng dominantlıq təşkil edirdi. Qızılı rəngli trençkotlar, qələm ətəklər və kokteyl donları kolleksiyanın vizit kartı olub və bu da tənqidçilərin qeydlərində ən çox yer alan nüans olub. Şou zərif qara gecə libasları ilə yekunlaşıb. Son zamanlar “Heated Rivalry” serialı ilə bilinən Connor Storrie və Charli XCX də burada izləyənlər arasında yer alıblar.

2.Christian Dior

Kreativ direktor Jonathan Anderson, Dior-un zəngin irsinə daha yüngül və romantik bir baxış gətirib. “Jardin des Tuileries” bağında keçirilən şouda brendin klassik “New Look” silueti, o cümlədən məşhur “Bar” pencəkləri daha zərif və şəffaf parçalarla yenidən təqdim olunub. Kolleksiyada təbiət və gül motivləri ən əsas və önəmli rolu oynayıb. Anya Taylor Joy, Mia Goth və Blackpink qrupundan Jisoo ön cərgədə izləyənlər olub.

3.Louis Vuitton

Dəbdəbənin ən bilinən brendlərindən olan Louis Vuitton bağlanışı edib. Onlar hazırladıqları kolleksiyasını “Ergonomika” adlandıraraq insan bədəninin hərəkət sərbəstliyini və rahatlığını ön plana çıxarıblar. Gələcəyin futuristik detalları ilə yay fəslinin hərəkətli, yüngül geyimləri mükəmməl balanslaşdırılıb. İpək önlük formalı ətəklər, naxışlı plyaj geyimləri, zərif şalvarlar və qiymətli baş aksesuarları bu kolleksiyada diqqət mərkəzində idi. Tənqidçilərə görə bu müasir insanın həyatının moda ilə olan şərhlərindən yalnız biridir. Elə bu şərh də onu moda həftəsinin ən yaxşı kolleksiyalarından biri edir. Zendaya və iki dəfə Oscar qazanmış Emma Stone kolleksiyanı izləyənlər sırasında olub.

4.Chloé

Brendin yaradıcı rəhbəri Chemena Kamali, Chloé qadını üçün romantizm ilə kəskin və sözün əsl mənasında fransız stilində azadlıq arasında mükəmməl bir balans tapıb. Bu kolleksiyada yüngül, uçuşan parçalardan hazırlanan və bohem havası daşıyan donlar üstünlük təşkil edib. Bununla yanaşı, perforasiya olunmuş yüngül dəri çantalar və parlaq narıncı rəng kolleksiyaya böyük dinamika qatıb. Fərqli stil və rənglərin harmoniyası ilə yaddaqalan bir iş görüblər. Həmçinin kolleksiyanı izləməyə gələnlər arasında Cynthia Erivo da yer alıb.

5.Schiaparelli

Daniel Roseberry bu mövsümdə Schiaparelli brendinə xas olan o teatrallığı və şou xarakterini bir qədər azaldaraq, sürrealizmi gündəlik geyilə bilən moda ilə birləşdirib. Kolleksiya brendin imza xüsusiyyəti olan zarafatcıl və ağıllı dizayn elementlərini qoruyub saxlamağı da bacarıb. İddialı siluetlər, dəniz canlılarından ilhamlanan bədii detallar və bədəni formaya salan korsetlər kolleksiyanın önə çıxan nüansları olub.

2026-cı ilin son Paris Moda Həftəsinin qısa icmalı və ən yaxşı 5 kolleksiyası belə idi.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.