Skip to content

Dynamix

Musiqi və təbiətin vəhdəti ilə İZ Fest

11 iyul 2026-cı il tarixində Bakının ən füsunkar və bənzərsiz məkanlarından biri olan Mərkəzi Nəbatat Bağı elektron musiqi həvəskarlarını bir araya gətirən İZ Fest “Nəbatat” festivalına ev sahibliyi edib. “Secret Garden” (Gizli Bağ) konsepsiyası ilə təşkil olunan tədbir təbiətin sakitliyi ilə müasir elektron musiqinin enerjisini birləşdirərək iştirak edən hər bir şəxsə fərqli festival təcrübəsi yaşadıb. Gecəyarısına qədər davam edən festival indiyə qədər baş tutmuş İz Fest-lər arasında ən fərqlilərdən biri kimi yadda qalıb.

İZ Fest son illərdə Azərbaycanın qeyri-adi məkanlarda keçirilən musiqi layihələri arasında seçilən festivallardan birinə çevrilib. Təşkilatçıların ən əsas məqsədlərindən biri hər tədbir üçün tarixi və ya təbii məkan seçərək həmin məkanın özünəməxsus atmosferini musiqi ilə bir araya gətirəcək məkanları müəyyən etməkdir. Elə bu səbəbdəndir ki, Mərkəzi Nəbatat Bağının yaşıllıqları, əsrarəngiz cığırları və açıq səma altında qurulan səhnəsi ilə iştirakçılara şəhərin alışılmış olan qulaq batıran səs-küyündən uzaq səssiz bir mühit təqdim edib.

Festivalın əsas konsepsiyası yalnız musiqi təqdim etmək deyil, ziyarətçilərin özlərini təbiətin bir parçası kimi hiss edəcəkləri estetik məkan yaratmaq idi. Xüsusi işıqlandırma, dekor elementləri və vizual effektlər axşam saatlarında Nəbatat Bağını tamamilə fərqli atmosferə bürüyüb. Ağaclar arasında qurulan səhnə və işıq sistemi tədbirin “Secret Garden” ideyasını uğurla bütünlüklə tamamlanıb.

İZ Fest artıq təkcə musiqi tədbiri deyil, həm də alternativ mədəniyyət platforması kimi formalaşmağa davam edir. Əvvəlki festivalların Atəşgah Məbədi, Şahdağ Dağ Kurortu və Dreamland kimi fərqli məkanlarda keçirilməsi layihənin hər dəfə yeni konsepsiya ilə çıxış etdiyini sevənlərinə göstərir. Sonuncu İz Fest isə bu silsilənin dördüncü dayanacağı olaraq təbiət və elektron musiqinin harmoniyasını ön plana çıxarıb.

Azərbaycanda açıq hava festivallarına marağın artdığı bir dövrdə İZ Fest həm yerli, həm də xarici qonaqlar üçün yayın yaddaqalan mədəni hadisələrindən biri olmağa nail olub. Festival göstərdi ki, musiqi yalnız səhnədə deyil, ətraf mühitlə və məkanın ruhu ilə vəhdətdə təqdim edildikdə sahib olduğundan daha da təsirli və unudulmaz təcrübəyə çevrilə bilir. Təbiətin qoynunda keçirilən bu gecə iştirakçıların yaddaşında sadəcə fərqli musiqisi ilə deyil, həm yaratdığı atmosfer və estetik təəssüratı ilə də adı kimi bir “İZ” qoyub.