Həftə sonunu faydalı və sosial şəkildə dəyərləndirmək istəyənlər üçün seçimimiz “Mühakimə” tamaşasıdır.
Mühakimə müasir Azərbaycan teatrında sosial-psixoloji dram janrının diqqət çəkən nümunələrindən biri kimi təqdim olunur. Klassik “12 Angry Men” filminin motivləri əsasında qurulan tamaşa, tanış süjeti lokal kontekstdə yenidən işləyərək daha aktual və düşündürücü məzmunu ilə qarşımıza çıxır.
Səhnə əsərinin mərkəzində qapalı bir otaqda toplaşan yeddi nəfərin 18 yaşlı bir gəncin taleyi ilə bağlı qərar vermə prosesi əks olunur. Lakin tamaşa irəlilədikcə aydın olur ki, bu, sadəcə hüquqi müzakirə deyil. Personajlar arasında yaranan gərginlik, fərqli sosial və psixoloji mövqelər, eləcə də şəxsi qərəzlər qərarvermə prosesini mürəkkəbləşdirir və onu daha çox daxili qarşıdurmalar müstəvisinə keçirir.
İlqar Aydının müəllifi olduğu pyes və Məhəmməd Məmmədovun quruluşu, minimal səhnə həlli ilə diqqəti tamamilə dialoqlara və aktyor oyununa yönəldir. Bu yanaşma tamaşanın əsas ideyasını ədalətin obyektivliyinin sual altına alınmasını daha aydın şəkildə ön plana çıxarır. Və tamaşaçının əsas foksunu mühakiməyə yönləndirir.
Tamaşa 29 mart və 19 aprel tarixlərində saat 20:00-da Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının səhnəsində nümayiş olunacaq. Rollarda Aynur Zərrintac, İlaha Şahverənli, Arzu Əmiraslanova, Ülkər Əliyeva, Nərminə Fətullayeva, Məhəmməd Gülmalıyev və Səlim Xəyal çıxış edirlər.
Tamaşanı izləmək üçün bileti buradan əldə edə bilərsiniz.