Fransada yaranmış, Milan mərkəzli geyim brendi Moncler son günlərdə Yay 2026 kolleksiyası ilə gündəmdədir. Aprelin 16-da təqdim edilən “Have a Puffy Summer” kolleksiyası ənənəvi yay geyimlərindən olduqca fərqlənir. Kolleksiya brendin qışla assosiasiya olunan “şişmə” teksturaları və həcmli geyimləri yay fəslinə daşımaq fikrindən ortaya çıxıb. Geyimlər kifayət qədər həcmlidir, əsasən də üst geyimlərdə parlaq parçalar və şişkin tekstura diqqət cəlb edir.
İlk görünüşdə brendin bu təşəbbüsü sual yaradır – həcmli və qış geyimi görünüşlü geyimlər yayda nə qədər komfortlu və rahat ola bilər?
Moncler bu suala kolleksiyanı yüngüllüyün yeni tərifi kimi təqdim edərək cavab verir. Yəni, həm şişkin və parlaq, həm də bir o qədər havalıdır.
Kolleksiyada qadınlar üçün pastel çəhrayı, meşə yaşılı, bej və açıq mavi tonları ilə gül teksturaları və krujevalı detallar birləşir. Kişilər üçün isə skarlet qırmızısı, sarı və göy rənglərdə üst geyimlər və şortlar daxildir. Kolleksiyanın üzü “The Fall”, “Belfast”, “Fifty Shades” kinolarından tanıdığımız aktyor Jamie Dornandır. Kolleksiyanın tanıtım fotolarında onun əlində dondurma və qat-qat geyimlər diqqət çəkir. Kifayət qədər güclü mesaj ötürən fotosessiyada eyni anda həm qış, həm də yay fəslinin elementlərinin olması cəlbedicidir.
Vizual konsept ideyası da kifayət qədər güclüdür. Dəniz canlılarının nəhəng, rəngli və şişirilmiş formaları ideyasının müəllifi Andy Hillmandır. O, dəniz atı, xərçəng, osminoq, dəniz ulduzu və flaminqo fiqurlarından istifadə edərək kolleksiyanın təqdimatında mühüm rol oynayıb. Kolleksiya bu yay görünüşündə fərqlilik axtaranlar üçün ideal seçimdir.
Sürətlə inkişaf edən və yenilənən moda sənayesi Dynamix Magazine-nin diqqətindədir. Daha çoxu üçün bizi sosial şəbəkələrdə izləməyi unutmayın.