Azərbaycan estradasında rok janrı deyiləndə ilk ağıla gələn adlardan biri olan Mərdan Kazımov yeni video klipini təqdim edib. YouTube platformasında cover ifaları ilə tanınan sənətçi ötən gün yeni ekran işinin təqdimat mərasimini keçirib. Bir çox sənət nümayəndəsinin qatıldığı gecədə mahnı dinləyicilər tərəfindən müsbət rəylərlə qarşılanıb.
Böyük həssaslıqla ərsəyə gələn ekran işi isə qlobal problemlərdən birinə — narkomaniyaya toxunur. Sosial mesaj ağırlığı daşıyan klipdə narkotik asılılığından əziyyət çəkən bir insanın həyata yenidən dönüşü və özünü tapmaq uğrunda apardığı daxili mübarizə təsvir olunur. Tamaşaçıların daha çox müğənni kimi görməyə alışdığı Mərdan Kazımov bu ekran işində aktyorluq bacarığını da nümayiş etdirib.
Mahnının sözlərinə nəzər saldıqda isə insanın öz vicdanı ilə üzləşməsinin poetik təsviri diqqət çəkir. Sözlərdə “gecə” anlayışı xüsusi simvol kimi istifadə olunub. Burada gecə yalnız zaman anlayışı deyil, insanların gizlətdiyi hisslərin, günahların və daxili savaşların üzə çıxdığı məkan kimi təqdim edilir. “Gecələr pərdəsi kor eləyir hər kəsi” misrası cəmiyyətin bəzən həqiqətə göz yummasını, insanların isə maskalar arxasında yaşamasını ifadə edir.
Mahnının ən diqqətçəkən məqamlarından biri isə “maskanı çıxar” çağırışıdır. Bu fikir insanın saxtalıqdan uzaqlaşıb öz həqiqi kimliyi ilə üzləşməli olduğunu göstərir. Çünki insan başqalarını aldada bilsə də, öz vicdanından qaça bilmir. “Günahını bilən var” misrası da məhz bu məqamı vurğulayır.
Əsərdə ümidsizlik deyil, əksinə dönüş və bağışlanma mesajı üstünlük təşkil edir. “Bəlkə, hələ ümid var” sözləri insanın nə qədər səhv etsə belə, doğru yolu tapa biləcəyinə işarədir. Mahnı dinləyiciyə mənəvi təmizlənmə, tövbə və Yaradanın yoluna qayıtmaq düşüncəsini aşılayır.
