Moda həftələrinin əsl dəyəri podiumda göstərilən geyimlərin sayında deyil. Onlar bir şəhərin özünə olan inamını ölçür. Bu baxımdan Mercedes-Benz Moda Həftəsinin ilk gecəsi kolleksiyaların nümayişi ilə yanaşı Bakının regional moda xəritəsində yerini yenidən müəyyənləşdirmək cəhdi idi. Bəs ilk gecə necə yadda qaldı?
Gecədə üç brend “Leya Couture”, “Belskaya” və “Rina Collection” öz geyimlərini sərgilədi. Moda redaktorumuz Tərlanın kolleksiyalar ilə əlaqədar ümumi fikirləri isə belədir:
Leya Couture:
Ağ rəng modada risklidir. Çünki ağ rəng qüsurları gizlətmir, əksinə onları görünən edir.
Leyli Zalova bunu bilirdi, və məhz buna güvəndi.
Kolleksiya boyunca ağ rəng müxtəlif formalarda təqdim olundu, lakin monotonluğa çevrilmədi. Özünə təkrar etmək əvəzinə inqilab sərgilədi. Hər siluet, hər detal və hər qat Azərbaycan gəlinlik modasının artıq yalnız ənənəyə söykənmədiyini, həm də öz müasir dilini formalaşdırmağa başladığını göstərirdi.
Bu, gəlinlik gecə libasları, ziyafət geyimləri ilə yanaşı bazarın bu istiqamətdə olan gələcəyinə dair bəyanat idi.
Belskaya:
Artıq heç bir şübhə yoxdur ki, müasir moda getdikcə daha çox performansa çevrilir. “Belskaya” bunu yaxşı anlayır.
Qara və qırmızının dominant olduğu təqdimat kolleksiyadan çox qaranlıq teatr səhnəsini xatırladırdı. Səhnədə qurulan atmosfer tamaşaçıları müşahidəçi olmaqdan çıxarıb hadisənin iştirakçısına çevirdi.
Gecənin ən çox danışılan anlarından biri modellərdən birinin əlindəki şüşə akvariumun iplərindən sıyrılıb sınması oldu. Planlaşdırılmış olub-olmamasından asılı olmayaraq, həmin an nümayişin emosional gərginliyini daha da artırdı. Və bu Belskayanın bizə göstərdiyi ritual və ayin atmosferi dolu performansını uğurla başa çatdığına işarət idi. Düşünürəm ki edilən rituallar və ayinlər özünü bu nöqtədə göstərdi.
Çünki bəzən moda diqqət çəkməyə çalışır. Bəzən isə diqqəti tamamilə öz üzərinə alır.
“Belskaya” ikinci kateqoriyaya aid idi.
Rina Collection:
Ən çətin iş hər kəsə xitab etməkdir.
Rina Collection bunu təəccüblü dərəcədə rahat şəkildə bacardı.
Kolleksiya yaş sərhədlərini nəzərə almadan müxtəlif auditoriyalara müraciət etdi, lakin bunu kompromis hesabına etmedi. Rənglər düşünülmüş, siluetlər balanslı, təqdimat isə özünəinamlı idi.
Gecənin ən uğurlu qərarı isə brendin yaradıcısı Katrina xanımın Rusiyanın tanınmış modelləri ilə birlikdə podiuma çıxması oldu. Bu addım kolleksiyanı şəxsi, emosional və daha inandırıcı etdi.
Moda sənayesində insanlar hekayələrə inanırlar. Brendin tac logosu kolleksiyanın “Kraliçaların Yürüyüşü” adlandırılması dizaynerində dediyi kimi mən bu statusa layiqəm sözünün canlı sübutu idi. Və mənim o gecə üçün tam xalımı almağı bacardı.
İlk gecə geridə qalarkən bir reallıq dəyişmir. Bakı artıq yalnız moda həftələrini qəbul edən şəhər olmaq istəmir. O, moda haqqında danışmaq, müzakirə yaratmaq və öz estetik mövqeyini formalaşdırmaq niyyətindədir. Aysel Hüseynova təqdimatında bu çox uğurlu şəkildə baş tutur və davam edir.
