Avropa tarixinin ən isti günlərini yaşayarkən Paris, bütün hərarəti alacaq dalğalar arasında, bir dəb şousuna ev sahibliyi edərək bütün moda dünyasının gözünü öz üzərinə çəkməyə nail oldu. Brendin kişi geyimləri üzrə kreativ direktoru Pharrell Williams bu dəfəki şousunda qarşıdakı izləyiciləri yenilənmiş paltar kolleksiyaları ilə deyil, həmçinin fərqli mədəniyyətləri bir araya gətirən olduqca yaradıcı bir hekayə ilə qarşılayıb. Paris Moda Həftəsi çərçivəsində keçirilən Louis Vuitton-un 2027 Yaz/Yay kişi kolleksiyası Cité Internationale Universitaire de Paris məkanında keçirildi. Nümayişin ən diqqətçəkən elementi isə podiumun mərkəzində ucaldılmış nəhəng dalğa konstruksiyası idi. Hansı ki, daha əvvəl heç bir moda şousunda bu cür konstruksiya inşa edilməmişdi. Qumla örtülmüş səhnə və taxta keçidlər tamaşaçıları sanki şəhərin ortasında yaradılmış bir çimərlik atmosferinə sörf etdirmək üçün aparırdı. Bu quruluş kolleksiyanın əsas ideyasını ilk baxışdan bütün izləyənlərinə dərindən hiss etdirməyi bacarırdı.
KOLLEKSİYANIN MƏRKƏZ VƏ ÖZƏYİNDƏ SÖRF HƏYAT TƏRZİ DAYANIR
Rahat biçilmiş şalvarlar, yüngül gödəkçələr, yumşaq parçalar və dəniz motivli detallar müasir kişi modasına yeni nəfəs gətirirdi. Nəzərə alsaq ki, “ənənəvi” modanı mənimsəmiş şəxslər bu cür geyimləri istifadə edən şəxsləri cəmiyyətdən kənarlaşdırmağa çalışır, bu nöqtədə modanın ictimai məsələlərdəki önəmi gün üzünə çıxır. Pharrell Williams klassik dərzilik ənənələrini qoruyaraq onları daha sərbəst və gündəlik görünüşlərlə birləşdirməyə çalışıb və heç şübhəsiz, buna nail olmağı da bacarıb.
RƏNG PALİTRASINDA OKEANIN MÜXTƏLİF ÇALARLARI ÖZ ƏKSİNİ TAPIRDI
Mavi, yaşıl, qum rəngi və ağ tonları kolleksiyanın ümumi atmosferini formalaşdıraraq bənzərsiz bir təcrübəni hər kəslə paylaşılıb. Bəzi geyimlərdə mərcan riflərini və dəniz canlılarını xatırladan teksturalar istifadə edilmişdi ki, bu da kolleksiyanın təbiətlə əlaqəsini daha da gücləndirərək təsirli bir görüntü formalaşdırıb.
Aksesuarlar da diqqətdən kənarda qalmırdı. Louis Vuitton-un məşhur çantaları yeni rənglər, naxışlar və materiallarla təqdim olunurdu. Xüsusilə dama-dama motivli modellər və okean ilhamlı dizaynlar sosial mediada böyük maraq doğurdu.
Kolleksiya yalnız moda nümayişi deyil, həm də ətraf mühitə diqqət çağırışı kimi qiymətləndirilə bilər. Şounun hazırlanmasında istifadə olunan materialların bir hissəsinin sonradan yenidən istifadə ediləcəyi açıqlanıb. Bundan əlavə, Louis Vuitton və Pharrell Williams mərcan riflərinin qorunmasına yönəlmiş layihələrə dəstək verəcəklərini bildiriblər. Bir daha gördük ki, moda sadəcə gündəlik geyim deyil, həm də təbiətdə baş verən problemlərə diqqət çəkən vasitələrdən biridir.
Hər mövsümdə olduğu kimi, bu mövsüm də bir çox tanınmış şəxs ən ön cərgədən bu valehedici şounu izlədi. Bunlara “Shameless” serialı ilə adını dünyaya tanıtmış Jeremy Allen White, amerikan repinin öndə gedən reperlərindən olan A$AP Nast, K-POP-un ən öndə gedən qrupundan olan BTS-in üzvü olan J-Hope, “Warfare” filminin ulduzu Finn Bennett, “Squid Game”in xarizmatik aktyoru Gong Yoo Ni kimi adlar daxildir. Bu şəxslər qlobal şouya rəng qatan amillərdən idi.
Louis Vuitton Men’s Spring/Summer 2027 kolleksiyası bizlərə göstərdi ki, Pharrell Williams brend üçün sadəcə geyimlər hazırlamır, eyni zamanda hər mövsüm yeni bir dünya yaradır. Keçən il Hindistan mədəniyyətini “İlanlar və Nərdivanlar” konsepti ilə tanış edən Pharrell Williams bu dəfə həmin dünyanı okeanın ritmi, dalğaların gücü və azadlıq hissi ilə formalaşdırdı.
