Qlobal mediada musiqinin Oskarı adlandırılan Qremmi mükafatlandırma mərasiminə növbəti ildən etibarən yeni kateqoriyalar əlavə olunacaq.
Belə ki, yeni əlavə olunan 5 kateqoriya ilə birlikdə ümumi mükafat sayı 100-ə yüksələcək.
İlk olaraq son illərdə Asiya musiqisinin dünya səviyyəsində yüksəlişi Qremminin də diqqətindən yayınmadı. Yeni qərara əsasən Ən Yaxşı Asiya Pop Musiqisi İfası kateqoriyası əlavə olundu. Bu kateqoriya K-pop, C-pop, J-pop kimi xüsusi auditoriyaya məxsus janrları daha ön plana çıxarmağa dəstək olacaq.
Ən Yaxşı Latın Mahnısı kateqoriyası
Son dövrlərdə Latın Amerikası ölkələrinin dünya bazarına təqdim etdiyi hitlər Qremmi təşkilatçılarının da gözündən qaçmayıb. Uzun illərdir görməzdən gəlinən mahnılar artıq növbəti ildən Qremmidə şansını sınayacaq. İspandilli mahnılara olan marağı dəyərləndirərək, bu kateqoriya əsasən və ya 51% ispan dilində yazan müəlliflər (bəstəkarlar) üçün nəzərdə tutulub.
Ən Yaxşı R&B Əməkdaşlığı
2000-ci illərin Amerika ulduzlarının yüksəliş janrı olan R&B növbəti sezondan artıq solo dəyərləndirilməyəcək. Duo/Qrup İfası kateqoriyası R&B janrını qrup və ya digər əməkdaşlıqlar üzrə dəyərləndirmək üçün nəzərdə tutulub.
Ən Yaxşı Ənənəvi Pop Vokal İfası – məlum pop janrı üçün deyil, daha çox ənənəvi vokallara üstünlük veriləcək.
Ən Yaxşı Ənənəvi Folk Albomu
Taylor Swiftin səyləri nəhayət illər sonra öz yerini tapdı. Bu, ənənəvi folk musiqisi və ya folk albomu üzrə sənətçiləri dəyərləndirəcək kateqoriyalardan biridir.
Həmçinin, “Ən Yaxşı Yeni İfaçı” kateqoriyasında da dəyişikliklər var. Ötən illərdə hər sənətçi bu kateqoriya üzrə 3 dəfə namizəd göstərilə bilirdisə, bu say artırılaraq 4-ə yüksəldildi. Bu da yeni ifaçıların Qremmi qazanmaq şansını artırmış oldu.
Bununla yanaşı, təqdim olunan albomlar və bir neçə yeni texniki dəyişiklik də mükafatlandırma mərasiminin gündəmindədir.
Albomun material faizi, yəni daxil olan musiqilərin yeni yazılma faizi 75%-dən 66%-ə endirilib.
Ballot Plus (səsvermə sistemi) səsvermədə iştirak edən şəxslərə öz kateqoriyaları ilə yanaşı, ümumilikdə 15 kateqoriyaya qədər səs vermək hüququ tanıyır.
Albom kateqoriyalarında qalib olan albomların bəstəkarları və söz müəllifləri də Qremmi heykəlciyi və sertifikatla mükafatlandırılacaq.
Son olaraq qeyd edək ki, internet vasitəsilə yayımlanan rəqəmsal relizlər də “Ən Yaxşı Albom Qeydləri” və “Ən Yaxşı Tarixi Albom” kimi kateqoriyalar üzrə dəyərləndirilməyə namizəd ola bilər.
Qəbul olunan bu dəyişikliklər vasitəsilə qlobal təsiri yetərincə güclü olan Asiya musiqisi mərasimin bir parçasına çevriləcək. Eyni zamanda, mərasim rəqəmsal dünyadakı yenilikləri də izləyərək daima canlı qalmağa nail olacaq.
