Skip to content

Dynamix Magazine

Elizabeth Holmes: mövcud olmayan gələcəyi dünyaya satan qadın

Elə hekayələr var ki, onlarda ambisiyanı və vəsvəsəni, insanları inandırmaq bacarığını və yalan danışmaq qabiliyyətini arasındakı sərhədi müəyyənləşdirmək çətinləşir. Elizabeth Holmes-un hekayəsi də məhz bunlardan biridir. Bir vaxtlar onu yeni Steve Jobs, Silikon Vadisinin ən perspektivli sahibkarlarından biri və tibbin gələcəyini dəyişə biləcək insan kimi təqdim edirdilər. Bu gün isə onun adı Amerika texnologiya sənayesi tarixinin ən böyük korporativ fırıldaqçılıq hadisələrindən biri ilə assosiasiya olunur.

2026-cı ilin oktyabrında rejissorlar Nathan Fielder və Lance Oppenheim-in ərsəyə gətirdiyi You Can See Everything sənədli filmi ekranlara çıxdı. A24 studiyasının istehsalı olan, təxminən üç saatlıq bu film Holmes-un həyatına qeyri-adi bir baxış təqdim edir. Burada hadisələr arxiv müsahibələri, məhkəmə iclasları və ya ənənəvi sənədli kino rekonstruksiyaları vasitəsilə deyil, Holmes-un özü və ailəsinin gündəlik həyatının uzunmüddətli müşahidəsi əsasında təqdim olunur.

Elizabeth Holmes 1984-cü ildə Vaşinqtonda anadan olub. Hələ yeniyetməlik illərindən sahibkarlığa, texnologiyaya və öz biznesini qurmaq ideyasına maraq göstərirdi. 2002-ci ildə kimya mühəndisliyi üzrə təhsil almaq üçün Stenford Universitetinə daxil olur. Lakin universitetdəki təhsilini davam etdirmək əvəzinə, 2003-cü ildə, cəmi 19 yaşında, öz layihəsini yaratmaq qərarına gəlib. Adını «therapy» və «diagnosis» sözlərinin birləşməsindən alan Theranos şirkətinin əsası həmin zaman qoyulub.

Şirkətin irəli sürdüyü ideya, demək olar ki, fantastik səslənirdi. Ənənəvi qan analizləri üçün bir neçə sınaq şüşəsi və kifayət qədər böyük həcmdə biomaterial tələb olunduğu halda, Theranos barmaq ucundan götürülən cəmi bir neçə damcı qanla onlarla, hətta yüzlərlə laboratoriya müayinəsi aparmağı vəd edirdi. Pasiyentlər üçün bu daha az ağrılı, əlçatan və mürəkkəb tibbi prosedurlara ehtiyac duymadan sağlamlıq vəziyyətini mütəmadi izləmək imkanı demək idi. Səhiyyə sənayesi üçün isə potensial texnoloji inqilab vədi daşıyırdı.

Holmes Theranos-u sadəcə perspektivli tibbi startap kimi təqdim etmirdi; o, demək olar ki, «gələcəyin özünü» satırdı. Qara boğazlı sviter, alçaq səs tonu, təmkinli danışıq tərzi və özünü Apple-ın qurucusu ilə müqayisə etdirən obraz onun ictimai kimliyinin ayrılmaz hissəsinə çevrilmişdi. Sahibkar xarizmasının bəzən peşəkarlığın müstəqil göstəricisi kimi qəbul edildiyi Silikon Vadisində bu obraz kifayət qədər təsirli oldu. Holmes gələcəkdən elə danışırdı ki, sanki həmin gələcək artıq yanımızda idi və reallığa çevrilmişdi.

Bir neçə il ərzində Theranos ABŞ biznesinin və siyasətinin ən nüfuzlu nümayəndələrindən investisiyalar cəlb etməyə başladı. Şirkətə inananlar arasında media maqnatı Rupert Murdoch, Oracle şirkətinin qurucusu Larry Ellison, ABŞ-ın keçmiş dövlət katibləri Henry Kissinger və George Shultz da var idi. Theranos-un bazar dəyəri təxminən 9 milyard dollara çatmış, Holmes-un şəxsi sərvəti isə müəyyən dövrdə 4.5 milyard dollar həcmində qiymətləndirilmişdi. Lakin bütün bu uğur hekayəsinin arxasında ciddi bir problem dayanırdı: şirkətin biznes modelinin əsasını təşkil edən texnologiya rəhbərliyin vəd etdiyi şəkildə işləmirdi.

Hadisələrin gedişatını dəyişən əsas məqamlardan biri The Wall Street Journal qəzetinin jurnalisti John Carreyrou tərəfindən 2015-ci ildə dərc olunan araşdırma oldu. Jurnalist müəyyən etmişdi ki, şirkət öz analizatorlarından yalnız məhdud sayda müayinə üçün istifadə edir, analizlərin əhəmiyyətli hissəsi isə digər istehsalçıların adi laboratoriya avadanlıqları vasitəsilə aparılır. Bundan əlavə, bəzi müayinələrin nəticələrinin dəqiq olmadığı üzə çıxarılmışdıı. Tibbi sahədə bu, artıq sadəcə kommersiya uğursuzluğu deyil, pasiyentlərin sağlamlığı üçün potensial təhlükə demək idi. Theranos-un böyük vədlərinin arxasında texnologiyanın real imkanlarını xeyli üstələyən iddialar və açıqlamalar sistemi dayandığı aydınlaşmağa başladı.

2018-ci ildə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) Holmes-i və Theranos-un keçmiş prezidenti Ramesh Balwani genişmiqyaslı fırıldaqçılıqda ittiham etdi. Sonradan şirkət fəaliyyətini dayandırdı, Holmes isə ABŞ korporativ tarixinin ən çox müzakirə olunan məhkəmə proseslərindən birinin mərkəzinə çevrildi. 2022-ci ilin yanvarında andlılar məhkəməsi onu investorların aldadılması və dələduzluq məqsədilə əlbir olmaqla bağlı dörd maddə üzrə təqsirli bildi. Həmin ilin noyabrında isə məhkəmə onu on bir il üç ay müddətinə azadlıqdan məhrum edib.

Filmə qayıtdığımızda, o Holmes-un federal həbsxanaya göndərilməsinə 34 gün qalmış başlayır. O, həyat yoldaşı Billy Evans-la birlikdə rejissorları öz evlərinə dəvət edir və onlara ailənin gündəlik həyatını çəkmək üçün demək olar ki, məhdudiyyətsiz imkan yaradır. Fielder və Oppenheim bu imkandan istifadə edir, və çəkiliş qrupu bir neçə həftə ərzində məişət söhbətlərini, ailədaxili münasibətləri və gündəlik hadisələri müşahidə edir. Lakin filmin çəkilişləri Holmes-un həbsxanaya göndərilməsi ilə başa çatmır. Layihə növbəti üç il ərzində davam edir və tədricən tamamilə fərqli bir məzmun qazanır.

Nathan for You və The Rehearsal layihələri ilə tanınan Nathan Fielder burada kifayət qədər qeyri-adi rejissor yanaşmasından istifadə edir. O, tamaşaçıya hadisələrin səbəblərini ardıcıl izah edən, sübutları nümayiş etdirən və əvvəlcədən müəyyənləşdirilmiş nəticəyə aparan ənənəvi cinayətkar portreti təqdim etməyə çalışmır. Əksinə, rejissor özü də baş verənlərin bir hissəsinə çevrilir. Onun Holmes-la söhbətləri bəzən psixoloji eksperiment təsiri bağışlayır və müəyyən məqamda kimin kimi müşahidə etdiyini ayırd etmək çətinləşir. Hətta rejissorun özünün də anlamağa çalışdığı insana münasibətdə obyektivliyini qoruyub saxlaya biləcəyinə şübhə yaranır.

Holmes-un kamera qarşısındakı davranışı da ayrıca diqqət çəkir. O, özünün günahsız olduğunu iddia etməkdə davam edir, heç vaxt insanları qəsdən aldatmadığını söyləyir və ətrafındakıların onun hərəkətlərini niyə fərqli qiymətləndirdiyini sanki həqiqətən anlamır. Fielder onun açıqlamaları ilə məhkəmədə müəyyən edilmiş faktlar arasındakı ziddiyyətləri araşdırmağa çalışdıqca söhbətlər az qala absurd xarakter alır.Və bu filmin ən narahatedici tərəflərindən biridir: tamaşaçı həyatından son dərəcə əminliklə danışan bir insanı izləyir. Lakin bu əminlik heç də onun səmimi olduğunu göstərmir.

You Can See Everything yalnız Holmes-un müşahidəsi ilə məhdudlaşmır. Onun həyat yoldaşı da hekayənin müstəqil iştirakçısına çevrilir. Elizabeth həbsxanaya göndərildikdən sonra məhz Evans onunla çəkiliş qrupu arasında əsas əlaqə vasitələrindən biri olaraq qalır. Tədricən rejissorların diqqəti cütlüyün münasibətlərinə, aralarındakı nəzarət bölgüsünə, ailənin ictimai obrazına və Evans-ın tamaşaçıya təqdim edilən hekayənin formalaşmasında oynadığı rola yönəlir.

Ən maraqlı rejissor qərarlarından biri isə 2022-ci ildə yayımlanan The Dropout serialında Holmes obrazını canlandırmış Amanda Seyfried-in ekran işinə daxil edilməsidir. Aktrisa sənədli filmdə yenidən sahibkarın obrazına qayıdır, lakin bu dəfə onun canlandırdığı personajla real Elizabeth Holmes eyni hekayə məkanında mövcuddur. Nəticədə real insan, onun ekran təcəssümü və tamaşaçının həmin insan haqqında formalaşdırdığı təsəvvür arasında qəribə bir oyun yaranır, çünki sənədli kino gözlənilmədən bədii filmin üsullarından istifadə etməyə başlayır.

Holmes-un hekayəsi konkret məhkəmə işinin sərhədlərini çoxdan aşıb. O, inandırıcı ideya təqdimatının bəzən ideyanın özündən daha dəyərli hesab edildiyi müasir uğur mədəniyyətinin bir növ tədqiqatına çevrilib. Silikon Vadisi onilliklər ərzində vizioner sahibkar obrazını formalaşdırır, və bu adam hamıdan daha böyük düşünən, şübhələrə məhəl qoymayan və qeyri-mümkün görünənə inanmağı bacaran biri olmalıdır. Theranos-un hekayəsi isə xatırladır ki, innovasiya iddiası biznesi məsuliyyətdən azad etmir. Əsasən əgər söhbət insan sağlamlığından gedirsə.

Bəlkə də You Can See Everything filmini maraqlı edən əsas məqam Elizabet Holmes-un kim olduğunu birdəfəlik izah etməyə çalışmaması, əksinə, onu tamamilə anlamağın mümkünlüyünə dair illüziyanı rədd etməsidir. Üç saatlıq ekran müddətində film onun davranışlarına dair universal psixoloji izah təqdim etmir. İzləyicini ziddiyyətlərlə, narahatedici müşahidələrlə və hər zaman birmənalı cavabı olmayan suallarla baş-başa qoyur. Ola bilsin bu vaxtilə dünyaya cəmi bir neçə damcı qan vasitəsilə gələcəyi görməyi vəd edən, lakin sonda özü sonsuz müşahidənin obyektinə çevrilən bir insanın hekayəsini tamamlamaq üçün ən dəqiq üsuldur.


Discover more from Dynamix Magazine

Subscribe to get the latest posts sent to your email.