Bu il “Baku Art Weekend” çərçivəsində Bakıya gələn, incəsənət sahəsinə fərqli yanaşması ilə seçilən sənətçilərdən biri də Chris Levine idi. Onu digər sənətçilərdən fərqləndirən əsas cəhət öz əsərlərində lazer və holoqramlardan istifadə etməsidir. Onun bu istiqamətə marağı uşaq yaşlarından başlayıb. Maraqlıdır ki, Levine-in ilk arzusu sənətçi deyil, musiqiçi olmaq olub. Təxminən 11 yaşında məktəbin fizika laboratoriyasında lazerlə tanış olan Chris daha sonra London Elm Muzeyində gördüyü holoqramdan təsirlənərək öz sənət yolunda irəliləyib.
Bakıda olduğu müddətdə Levine tanınmış memarlıq nümunələrini fotoşəkillərini çəkib, onlara lazer xətləri və işıq elementləri əlavə etmişdir. Biz fotolarda lazer şüalarının Alov Qüllələrini, İçərişəhərin tarixi daş divarlarını kəsərək fərqli vizual kompozisiya yaratdığını görürük. Beləliklə, Bakının həm müasir, həm də tarixi memarlığı onun işıqla qurduğu özünəməxsus üslubda görünüş qazanmışdır.
Sənətçinin 2026-cı ildə Venesiya Biennalesinin açılışından əvvəl təqdim etdiyi “Higher Power” instalyasiyası da unutmaq olmaz. O öz instalyasiyasında, yeddi gecə boyunca davam edən lazer şüası ilə səmada nəhəng işıq halqası yaratmışdır. Layihənin ən maraqlı tərəfi isə istifadə olunan texnologiyanın arxasındakı ideyadır. Əvvəllər hərbi məqsədlərlə əlaqələndirilən lazer bu dəfə sülh mesajı vermək üçün istifadə olunub.
Yeri gəlmişkən, Levine-i geniş auditoriyaya tanıdan ən məşhur əsərlərindən biri Kraliça II Elizabetin “Lightness of Being” portretidir. Bu portret ənənəvi kraliça portretindən bir xeyli fərqlənir. Çünki, fotoşəkil kraliçanın gözü bağlı və düşüncəli olduğu bir anda çəkilib. Beləliklə, təsadüfi bir an sənətçinin ən tanınan əsərlərindən birinə çevrilib. Levine yalnız kraliçanın deyil, Kate Moss, Grace Jones və Naomi Campbell kimi tanınmış simaların da portretlərini yaradıb. Onun portretlərində əsas məqsəd insanın sadəcə xarici görünüşünü əks etdirmək deyil, işıq və texnologiya vasitəsilə fərqli bir obraz yaratmaqdır.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.