11 iyul 2026-cı il tarixində İZ Fest növbəti premium tədbiri — “Nəbatat” ilə Bakının ən füsunkar məkanlarından biri olan Mərkəzi Nəbatat Bağında musiqisevərləri bir araya gətirəcək.
Təbiətin sakitliyi ilə elektron musiqinin enerjisini birləşdirən festival qonaqlara açıq səma altında fərqli və eksklüziv təcrübə yaşatmağı hədəfləyir. Məkanın özünəməxsus atmosferini və tədbirin xüsusi konsepsiyasını qorumaq məqsədilə biletlərin sayı məhdud saxlanılıb.
Gecənin əsas qonağı dünya elektron musiqi səhnəsində özünəməxsus yeri olan misirli DJ və prodüser BASET-dir. “Afterlife” və “Cercle” kimi nüfuzlu platformalardakı çıxışları ilə tanınan sənətçi Anyma və Argy kimi məşhur adlarla eyni səhnəni bölüşüb. BASET “Nəbatat” festivalında məhz bu gecə üçün hazırladığı xüsusi live set performansı ilə çıxış edəcək.
Festival səhnəsində həmçinin Almaniyadan Gareden, eləcə də Azərbaycanın tanınmış elektron musiqi nümayəndələri fade.N və ALIGEE yer alacaqlar.
Qonaqların rahatlığını təmin etmək üçün tədbir ərazisində geniş istirahət zonaları, müxtəlif qida və içki məkanları, yerli sənətkarların əl işlərinin təqdim olunacağı Craft Bazaar, eləcə də barlar fəaliyyət göstərəcək.
VIP və Backstage kateqoriyalı biletlərin sahibləri üçün əlavə üstünlüklər də nəzərdə tutulub. Onlar xüsusi ayrılmış istirahət zonalarından yararlanacaq, VIP qonaqlar isə bağın daxilində eksklüziv parkinq və fərdi bar xidmətindən istifadə edə biləcəklər.
Tədbirin yüksək standartlarını və məkanın təmizliyini qorumaq məqsədilə əraziyə kənardan qida və içki gətirilməsi, eləcə də tütün məhsullarından istifadə qadağandır. Qaydaları pozan şəxslər xəbərdarlıqdan sonra tədbir ərazisindən uzaqlaşdırılacaqlar.
İZ Fest “Nəbatat” təbiət, musiqi və müasir festival mədəniyyətinin vəhdətini yaşamaq istəyən hər kəsi yay gecəsinin ən yaddaqalan tədbirlərindən birinə dəvət edir.
Biletləri buradan əldə edə bilərsiniz;
