Azərbaycan estradasının özünəməxsus simalarından olan Tünzalə Ağayeva uzun illərdir ki, həm güclü vokalı, həm də fərqli musiqi tərzi ilə dinləyicilərin rəğbətini qazanır və adından bəhs etdirməyi uğurla bacarır. Onun repertuarında müxtəlif dövrlərin ruhunu əks etdirən onlarla mahnı yer alsa da, bunların arasında elə bəstələr var ki, illər keçsə belə populyarlığını qoruyur və hələ də dinləyəndə sizlərdə eyni hissləri yaşadır. Tünzalə Ağayevanın yaradıcılığından sizin üçün hələ də sevilərək dinlənən 5 mahnı seçmişik.
1. Xoş gəldin
2013-cü ildə dinləyicilərinə təqdim olunan “Xoş gəldin” mahnısı musiqi rəyçiləri tərəfindən müğənninin ən uğurlu romantik əsərlərindən biri hesab olunur. Mahnıda sevdiyi şəxsin həyata gətirdiyi işıq və ümid poetik dillə təsvir edilir. Güclü melodiyası, emosional ifası və yaddaqalan nəqarəti sayəsində qısa zamanda geniş auditoriyanın sevgisini qazanan bu əsər uzun müddət radiolarda və televiziya kanallarında səslənib. Bu gün də Tünzalə Ağayevanın konsertlərində ən tələb görən mahnılarındandır.
2. Pərvanə
2011-ci ildə dinləyicilərinə təqdim olunan “Pərvanə” sevginin insanı necə dəyişdirdiyini və onun uğrunda hər çətinliyə dözəməyə hazır olduğunu musiqi dili ilə ifadə edir. Mahnının dinamik ritmi ilə sözlərinin dərin təsirinin vəhdəti onu dövrünün ən çox dinlənilən estrada nümunələrindən birinə çevirib və dinləyənlərinə sevdirib. “Pərvanə” Tünzalə Ağayevanın səhnə enerjisini və ifaçılıq imkanlarını nümayiş etdirən uğurlu layihələrdən biri kimi yadda qalıb və buna görədir ki, indi belə bu mahnının uğurundan hələ də bəhs edirik.
3. Sevdi can səni
Tünzalə Ağayevanın yaradıcılığının klassik nümunələrindən biri sayılan “Sevdi can səni” Səməd Vurğunun eyniadlı şeiri əsasında bəstələnib. Klassik Azərbaycan poeziyasının müasir estrada musiqisi ilə sintezi mahnını fərqləndirən əsas başlıca cəhətlərdəndir. Mahnı həm kədəri, həm də böyük bir eşq coşqusunu eyni anda ötürə bilir. Ritmi insanı hərəkətə gətirsə də, melodiyası və sözləri ruhun dərinliklərinə toxunur. Bu səbəbdən illər keçsə də, hələ də toy-nişan məclislərindən tutmuş böyük konsert səhnələrinə qədər dinamik və sevilərək dinlənilən bir kompozisiyadır.
4. Sevgilər
Tünzalə Ağayevanın musiqi irsində xüsusi yer tutan “Sevgilər” həm melodiyası, həm də sözlərinin poetikliyi ilə digər musiqilərdən olduqca seçilir. Mikayıl Müşfiqin sözləri ilə bəstələnən mahnı sevginin paklığı və hiss edilən ülviliyini təcəssüm etdirir. İllərin sürətlə ötüşməsinə baxmayaraq, bu mahnı hələ də müxtəlif musiqi platformalarında fanatlar tərəfindən sevilərək dinlənilir və dinləyicilər tərəfindən Azərbaycan estradasının unudulmayan mahnılarından biri kimi qiymətləndirilir.
5. Hədiyyə
2011-ci ildə paylaşılmış “Hədiyyə” romantik atmosferi və müasir pop aranjimanı ilə hər kəs tərəfindən diqqət çəkib. Mahnıda sevginin ən qiymətli hədiyyə olduğu fikri ön plana çıxarılır. Güclü melodiyası və səmimi ifası sayəsində “Hədiyyə” qısa müddətdə hitə çevrilərək Tünzalə Ağayevanın repertuarının ən çox sevilən nümunələrindən biri olaraq yer tutub və bu gün də dinləyicilər tərəfindən maraqla dinlənir.
Tünzalə Ağayevanın yaradıcılığı Azərbaycan estrada musiqisinin son iyirmi ildən artıq dövrünü əhatə edən zəngin bir irsdir. Bu mahnılar bir daha sübut edir ki, keyfiyyətli musiqi zaman keçdikcə dəyərini itirmir, əksinə yeni dinləyicilər qazanıb şedevr olaraq bir-bir klassikaya çevrilirlər.
