Qədim Qafqaz ölkələri Azərbaycan, Gürcüstan və Ermənistan Avroviziya Mahnı Müsabiqəsi 2026-da təmsil olunacaq çıxışlarını təqdim ediblər.
Qafqazın odlar yurdu Azərbaycanı Jiva səhnə ləqəbli Cəmilə Həşimova təmsil edəcək. Onun səsləndirəcəyi mahnı “Just Go” adlanır. Mahnı azərbaycanlı bəstəkar Fuad Cavadov tərəfindən ərsəyə gətirilib. Mahnı ən çətin keçən münasibətdə qürurlu bir qadının hekayəsindən bəhs edir. Mahnının orijinal versiyası ilə yanaşı alternativ olaraq rok versiyası da mövcuddur. Jiva Azərbaycan adından 14 may tarixində keçiriləcək 2-ci yarımfinalda 2-ci sırada çıxış edəcək.
Qvevri ənənəsi ilə məşhur Qafqaz ölkəsi Gürcüstanı “Bzikebi” qrupu “On Replay” mahnısı ilə təmsil edəcək.
2008-ci ildə Uşaq Avroviziyası layihəsi üçün yaranan qrup həmin il Avropanı “BZZZ” mahnısı ilə fəth edərək qələbə qazanmışdı. 18 il sonra yenidən Avroviziya üçün bir araya gələn qrup şanslarını sınamaq və ölkələri adından növbəti uğur üçün 1-ci yarımfinalda 6-cı sırada çıxış edəcək.
Növbədə Ermənistandır. Ölkəni Simon Hovhannisyan təmsil edəcək. Onun səsləndirəcəyi mahnı “Paloma Rumba” adlanır. Müasir tərzli və yüksək templidir. Gündəlik həyatın çaxnaşmasından qaçmaqdan danışan Simon klipində “sticky notes” ilə də diqqət çəkir. Ermənistan 2-ci yarımfinalda 6-cı sırada çıxış edəcək.
70-ci yubiley buraxılışı ilə Avroviziya Mahnı Müsabiqəsi 12, 14 və 16 may tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində baş tutacaq.