Skip to content

Dynamix

BFW – De Majnuns debütü

BFW podiumunda çıxış edən De Majnuns ilk dəqiqələrdən diqqəti öz üzərinə çəkməyi bacardı. Debüt olmasına baxmayaraq, brend açılış gününün enerjisini düzgün tutdu və bunu kolleksiyasında aydın şəkildə göstərdi nə tələskənlik var idi, nə də süni iddia. Hər şey balanslı, düşünülmüş və öz dilini bilən bir təqdimat idi.

Brend 2026-cı ilin yanvarında Səbuhi Məcnunlu tərəfindən yaradılıb və ilk gündən istiqamətini dəqiq müəyyən edib: unisex luxury sport. Bu yanaşmada rahatlıq sadəcə funksionallıq deyil, artıq estetik qərara çevrilir. Kolleksiyanın mərkəzində dayanan “Controlled Madness” ideyası da məhz bu nöqtədə özünü göstərir  xaosla nizamın, sərbəstliklə intizamın paralel və harmonik mövcudluğu.

Podiumda təqdim olunan look-lara daha yaxından baxdıqda isə qarşımıza “Modern Utilitarian” və “Street-Avant-garde” sintezində qurulmuş güclü vizual dil çıxır. Siluetlərdə açıq şəkildə oversized və relaxed fit dominantdır. Baggy şalvarlar, düşürülmüş çiyin xətləri və geniş formalar bədəni sıxmayan, daha çox azadlıq hissi yaradan bir struktur qurur. Bu, həm müasir streetwear kodlarına uyğundur, həm də kolleksiyanın ümumi ruhunu dəstəkləyir.

Layering burada sadəcə stil elementi deyil, kompozisiyanın əsas hissəsidir. Fərqli qatların bir-birinin altından görünməsi, xüsusilə uzun qollar və kontrast material keçidləri vizual dərinlik yaradır. Bəzi look-larda hiss olunan asimmetriya isə bu strukturun içində kiçik “xaos” effektini əlavə edir — Controlled Madness ideyasının konkret vizual qarşılığı kimi.

Material seçimi və tekstura oyunu kolleksiyanın ən güclü tərəflərindən biridir. Mat və “quru” səthlər urban estetikanı ön plana çıxarır. Xüsusilə parçalanmış, yanmış effektli sviterlər distressed fashion istiqamətinə açıq istinad edir və kolleksiyaya daha xam, toxunulmamış enerji qatır. Digər tərəfdən, daha strukturlaşmış üst geyimlərlə yumşaq trikotajların birlikdə istifadəsi sərt və yumşaq arasında balans yaradır.

Rəng palitrası isə konsepti tamamlayan əsas elementlərdəndir. Qəhvəyi, xaki, tütün tonları, boz və kömür qarası kolleksiyaya həm təbii, həm də bir qədər industrial, hətta post-apokaliptik aura verir. Ton-sür-ton yanaşma siluetləri daha uzun və bütöv göstərir, vizual səs-küyü minimuma endirərək diqqəti formaya yönəldir.

Ayaqqabı seçimində istifadə olunan ağ sneakerlər bu tünd palitranın içində məqsədli “işıq nöqtəsi” rolunu oynayır. Bu detal obrazı yüngülləşdirir və balanslaşdırır. Aksessuar olaraq seçilən kəskin formalı qara günəş eynəkləri isə look-lara əlavə xarakter verir  bir qədər distant, bir qədər də sirli.

Ümumilikdə, De Majnuns bu kolleksiya ilə quiet luxury ilə high-street arasında incə bir xətt çəkir və onu pozmadan üzərində hərəkət edir. Burada həm klassik qarderob elementlərinə hörmət var, həm də eksperimental yanaşma. Ən vacibi isə odur ki, bu geyimlər sadəcə trend təqibi deyil  onlar bir mövqeni ifadə edir.