Skip to content

Dynamix

Bakının əsas moda həftələrindən biri – BFW geri qayıdır

May ayının ilk üç günü paytaxtda ilin ən diqqət çəkən moda hadisələrindən biri “Baku Fashion Week” keçiriləcək.

“Stock in Stock out” və “Modepoint.az” təşkilatçılığı ilə baş tutacaq bu tədbirdə həm yerli, həm də beynəlxalq dizaynerlər öz seçilmiş kolleksiyalarını təqdim edəcəklər. Üç gün ərzində podiumda Payız/Qış 2026–2027 mövsümünün əsas trendləri nümayiş olunacaq — bəzən daha cəsarətli və konseptual, bəzən isə gündəlik həyatda rahatlıqla istifadə oluna bilən zərif və funksional parçalarla.

1 mayda qapılar saat 18:30-da açılacaq. Axşam De Majnuns brendinin debüt çıxışı ilə başlayacaq, ardından Gürcüstandan House of Jesus Star səhnəyə çıxacaq. Qısa fasilədən sonra isə Uventa kolleksiyası təqdim olunacaq.

2 mayda proqram bir qədər erkən başlayır — saat 17:30-dan etibarən. Günün ilk çıxışı Yamama brendinin debütü olacaq, sonra Latviyadan Selina Keer kolleksiyasını təqdim edəcək. Axşam isə Zümrüd Mirzəliyevanın çıxışı ilə davam edəcək.

3 mayda isə Leinea brendinin debütü ilə başlayan gün, Qazaxıstandan ZHSAKEN və Azərbaycan dizayneri Sultan Qədimbəylinin təqdimatları ilə yekunlaşacaq.

Tədbir bu dəfə Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək və bu məkan üç gün ərzində tamamilə fərqli bir atmosferə bürünəcək.

Xatırladaq ki, bir neçə gün əvvəl açıqlanmış məlumata görə, bu mövsümün səfiri sevilən influenser Nigar Kalbiyeva olacaq. O, tədbir çərçivəsində öz auditoriyası üçün aktiv iştirak edəcək

Tədbirdə iştirak üçün biletləri buradan əldə edə bilərsiniz.