İTV-nin yeni serialı “Mikro rayon” yayımlandığı ilk günlərdən etibarən diqqət mərkəzinə düşüb. Layihənin ilk bölümü YouTube platformasında cəmi iki gün ərzində 100 mindən artıq baxış toplayaraq uğurlu start götürüb.
Hər həftə şənbə günləri efirə gedən serialın müəllifi və prodüseri Sevinc Əliyevadır. Layihə sosial şəbəkələrdə də geniş müzakirə olunub və izləyicilər tərəfindən maraqla qarşılanıb. Gənclərin həyatından bəhs edən ekran işi xüsusilə bu auditoriyanın diqqətini çəkib.
Serialda uzun fasilədən sonra ekranlara qayıdan Əməkdar artist Məsmə Aslanqızı əsas rollardan birində çıxış edir. Eyni zamanda Eltəkin Xan, Ülvi Haşım, Orxan İskəndərli, Elşən Əskərov, Nataban Qeybani, Oktay Mehtiyev və Vüsalə Ağayeva kimi aktyorlar da layihədə yer alıblar.
Bundan əlavə, Əməkdar artist Şövqi Hüseynov, Elşən Rüstəmov, Abbas Qəhrəman, Niyaz İlyasoğlu, Zemfira Əbdülsəmədova, Zülfiyyə Qurbanova və Şəlalə Şahvələdqızı da serialın heyətindədir.
Layihənin rejissoru Qulu Əsgərov, quruluşçu operatoru Vasif Əlizadədir. Ssenari Gəray Həsənə məxsusdur, ideya isə Sevinc Əliyevaya aiddir.
Çəkilişlər Bakı, Sumqayıt və Sahil qəsəbəsində aparılıb. 12 bölümdən ibarət olan serial “SFN Production” tərəfindən istehsal olunub. Qeyd edək ki, şirkət daha əvvəl “Vətəndaş A” serialı ilə də tamaşaçıların qarşısına çıxmışdı.