Skip to content

Dynamix

Coachella festivalından danışırıq: İlk həftə nələr baş verdi?

1999-cu ildə başlayan və indiki günümüzə kimi öz hərarətini qorumağa bacaran festival ilin ən böyük musiqi və incəsənət hadisələrindən biri sayılır. Niyə də olmasın? Çünki heyranlıqla dinlədiyimiz bir çox şöhrətli ulduzlar məhz bu festivalda səhnə alaraq bizə əsl musiqi festivalının necə olduğunu sübut edirlər.

Məhz elə bu səbəbdəndir ki, festivalın biletləri satışa çıxan gündən nə az, nə çox — cəmi 5 günə tükənib. Bəs nədir bu festivalı bu qədər göz önünə çıxaran? Gecənin ən böyüyündən ən kiçiyinə qədər diqqət çəkən bütün detalları sizin üçün bir arada cəmlədiyimiz yazıda tapacaqsınız. Elə isə başlayaq.

10 apreldə start götürən şou, hava şəraitinin təsiri ilə müəyyən dəyişikliklərə baxmayaraq, ilk həftəni yenə də uğurla başa vurdu. Aparıcılıq isə yeni nəsil ulduzlardan bir zamanların ən çox aşiq olunan oğlanı Justin Bieber, ulduzu bir anda parıldayan Sabrina Carpenter və saysız-hesabsız mükafatlar sahibi Karol G-yə həvalə olunmuşdu. Xüsusi diqqət çəkən bu adlar şounun keyfiyyətinə birbaşa nümunə sayılırdı.

Bəs gecədə nələr baş verdi?

İZLƏ: Sabrina Carpenter Coachella səhnəsinə daxil olur

Dior imzalı səhnə geyimi ilə Sabrina Carpenterin ulduz kimi səhnəyə girişi gecənin ən çox danışılan anlarından biri oldu. Gecənin video çarxları isə əsl retro ab-hava yaradırdı. “Espresso”, “Feather”, “Manchild”, “Taste” kimi hit mahnılarını ifa edən müğənni festivalın əsas üç ulduzundan biri olmaqla potensialını yetərincə sübut etdi.

Justin Bieberin səhnəsi isə milyon dollarlarla qurulan səhnələrdən qətiyyən geri qalmırdı. Dairəvi platformada Justin sevilən mahnılarına yeni nəfəs verdi. Ardınca LED ekranda YouTube vasitəsilə özünün ilk səhnəyə çıxdığı yaşdakı görüntüsü ilə duet etməsi dinləyicilər üçün çox həssas anlara səbəb oldu.

Digər ulduz Karol G isə “Latina Foreva”, “Tropicoqueta” və digər hitləri ilə gecəni əsl latın ritmləri ilə coşdurdu.

Səhnədə Addison Rae də yer aldı. O, şousunda səhnə arxası və retro görüntü yaratmaq üçün xüsusi platformalardan istifadə etmişdi. Ötən yayın ən sevilən mahnılarından olan “Diet Pepsi” ilə çıxışına başlayan Addison albomundan ən sevilən mahnılarla yanaşı Charli XCX ilə olan “Von Dutch” sinqlını da ifa etdi.

Gecənin hərarəti Anymadan da yan keçmədi. Belə ki, onun performansı hava şəraitinə görə bir müddət təxirə salındı.

Festivalda səhnə alan yeni dövrün qız qrupu KATSEYE qrup üzvü Manon Bannerman olmadan çıxış etdi. Manonun qrupdan ayrılması ilə bağlı xəbərlər beləliklə öz təsdiqini tapmış oldu.

Festivalın əsas səhnəsi ilə yanaşı digər səhnələrdə də çıxışlar davam edirdi. Ötən il Bakıda konsert verən Mahmut Orhan da Coachella səhnəsində yer aldı. Avroviziya ulduzlarından Joost Klein də şouda çıxış edən sənətçilər arasında idi.

Gecədə həmçinin Sean Paul, David Guetta, Anyma, Lykke Li, Teddy Swims, Tiffany Tyson, Central Cee, Sexyy Red, Joost, Young Thug və Major Lazer də bir-birindən fərqli çıxışları ilə yadda qaldılar.

İndio şəhərində yerləşən Empire Polo Club hələ 1 həftə bu böyük festivala ev sahibliyi edəcək.