Skip to content

Dynamix

Son estrada yenilikləri

Azərbaycan estradasında son günlər bir sıra yeni musiqi layihələri təqdim olunub. Tanınmış ifaçılar yeni mahnıları və layihələri ilə dinləyicilərin diqqətini çəkiblər.

Xalq artisti Aygün Kazımova bir neçə gün əvvəl anons etdiyi və səbirsizliklə gözlənilən “Karma” adlı yeni mahnısını təqdim edib. Mahnı elan olunan kimi sosial şəbəkələrdə böyük maraq doğurub. Bəstənin söz və musiqisi reper Yap10-a məxsusdur. Müğənni mahnını xüsusi fotosessiya ilə birlikdə təqdim edib. Fotosessiyada Aygün Kazımova dark-glam üslubunda avanqard obrazda yer alıb. Onun obrazı üzərində dünyaca məşhur azərbaycanlı dizayner Rüfət İsmayıl çalışıb, fotoların müəllifi isə fotoqraf Azər Cəfərdir. “Karma” artıq sənətçinin rəsmi YouTube kanalında və digər musiqi platformalarında yayımlanır.

Müğənni Nura Suri isə uzun fasilədən sonra yeni layihə ilə dinləyicilərin qarşısına çıxıb. O, “Ürəyimin adamı” adlı yeni mahnı və klipini təqdim edib. Sənətçi bildirib ki, üzərində çalışdığı beş mahnıdan ibarət layihəni əvvəlcə albom kimi təqdim etməyi planlaşdırsa da, sonradan mahnıları tək-tək sinql olaraq yayımlamaq qərarına gəlib. Layihə çərçivəsində mahnılar iki aydan bir təqdim olunacaq.

Avroviziya qalibimiz Nigar Camal və müğənni Samir Piriyev də yeni duetlə gündəmə gəlib. Onlar “Bu sevgidən” adlı mahnını birlikdə ifa ediblər. Bəstənin müəllifi Aynur Mehdiyevadır. Klip üçün ifaçılar kamera qarşısına keçərək romantik süjetli video təqdim ediblər. Layihənin təsvir rejissoru Xəyal Murtuzov, montajı isə Eko Ağalarov tərəfindən həyata keçirilib.

Xalq artisti Faiq Ağayev isə repertuarının sevilən hitlərindən olan “Pəncərə” mahnısını yeni versiyada təqdim edib. Mahnının musiqisi və sözləri Rasim Müzəffərliyə məxsusdur. Yeni versiyanın aranjimanı, miks və mastering işi Givi Usenashvili tərəfindən hazırlanıb, gitara partiyaları isə İntizar Məmmədzadə tərəfindən ifa olunub. Qeyd edək ki, “Pəncərə”nin orijinal versiyası 2002-ci ildə təqdim olunmuş və qısa müddətdə dövrünün məşhur hitlərindən birinə çevrilmişdi.


Müğənni Samira Efendi isə “Şərq-Qərb” adlı yeni mahnısını dinləyicilərə təqdim edib. Layihə vizual video ilə birlikdə yayımlanıb. Mahnının sözləri Rafael Şabanov və Asoundady tərəfindən yazılıb, musiqisi isə İrada Babayeva-Mikayılovaya məxsusdur. Layihədə emosional mətn və milli alətlər bir araya gələrək fərqli musiqi atmosferi yaradıb.

Musiqiçi Hüseyn İrzayev dinləyicilərə “İkimiz üçün varam” adlı yeni emosional layihəsini təqdim edib. İlk sevginin insan həyatında buraxdığı izlərdən və gənc yaşda yaşanan böyük bir itkinin yaratdığı hisslərdən bəhs edən mahnı xüsusi klip ilə birlikdə yayımlanıb.

Layihənin süjet xətti gənc yaşda ağır itki ilə üzləşmiş bir insanın daxili dünyasını göstərir. Klipdə qəhrəmanın ağrı, boşluq və depressiya mərhələlərindən keçərək zamanla bu itkini qəbul etməsi təsvir olunur. Hekayə boyunca o, həyatın davam etdiyini anlayır və mühüm bir qərar verir — artıq yalnız özü üçün deyil, iki nəfərin yerinə yaşamağa davam etmək. Məhz bu fikir mahnının adında da öz əksini tapır: “İkimiz üçün varam”. Bu qərar qəhrəmana yaşadıqlarını və hisslərini başqaları ilə bölüşmək üçün güc verir.

Mahnının söz və musiqisi Amir Paşayevə məxsusdur. Aranjiman, miks və masterinq işləri Zoydi Label tərəfindən həyata keçirilib. Layihədə back vokalları Cəmilə Həşimova (JİVA) və Amir Paşayev ifa edib.

Klipin rejissoru və operatoru Eresmoon (Royal Safarov), ssenari müəllifi isə Hüseyn İrzayevdir. Montaj Rasim Pirazov (McB a.k.a. Kray) tərəfindən hazırlanıb. Ekran işində Yui Ismayilova və Nuru Idrisov rol alıblar. Layihənin make-up işləri Valentina İaremchenko tərəfindən həyata keçirilib.

“İkimiz üçün varam” mahnısı və klipi artıq dinləyicilərin ixtiyarına verilib.