Skip to content

Dynamix

Sevinc Əliyevadan yeni layihə – “Mikrorayon”

Kinoprodüser və aktrisa Sevinc Əliyeva yeni layihəsi ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Daha əvvəl böyük maraq doğuran “Vətəndaş A” serialını təqdim edən sənətçinin rəhbərlik etdiyi “SFN Production” bu dəfə də İctimai Televiziya ilə əməkdaşlıq edərək yeni ekran işi — “Mikrorayon” serialını hazırlayıb.

Serialın süjeti Sovet dövründən qalan və zamanla çox da dəyişməyən bir mikrorayonda baş verən hadisələri əks etdirir. Əsas hadisələr Sumqayıtda cərəyan edir. Hekayə bir qrup yeniyetmənin dostluğu, ailə problemləri və daxili dünyaları üzərində qurulub. Onlar yalnız birlikdə vaxt keçirmək və əylənmək üçün deyil, həm də həyatın ilk ciddi sınaqları ilə üzləşmək üçün bir araya gəlirlər.

Ekran işinin əsas qəhrəmanları — Adil, Fərid, Sabir, İdris və Daşqın — hər biri öz qorxuları, travmaları və arzuları ilə mübarizə aparan yeniyetmələrdir. Serial onların həyatını, seçimlərini və böyümə prosesini tamaşaçıya təqdim edir.

Layihənin diqqət çəkən məqamlarından biri də illər sonra ekranlara qayıdan Əməkdar artist Məsmə Aslanqızının baş rollardan birini canlandırmasıdır. Serialda həmçinin Eltəkin Xan, Ülvi Haşım, Orxan İskəndərli, Elşən Əskərov, Nataban Qeybani, Oktay Mehtiyev və Vüsalə Ağayeva da rol alıblar.

Bundan əlavə, ekran işində Əməkdar artist Şövqi Hüseynov, Elşən Rüstəmov, aktyorlar Abbas Qəhrəman və Niyaz İlyasoğlu, aktrisalar Zemfira Əbdülsəmədova, Zülfiyyə Qurbanova, Şəlalə Şahvələdqızı və digər tanınmış simalar da yer alır.

Serialın rejissoru Qulu Əsgərov, ideya müəllifi Sevinc Əliyeva, ssenari müəllifi isə Gəray Həsəndir.

Sumqayıt şəhərində, Sahil qəsəbəsində və Bakıda çəkilən “Mikrorayon” serialı 12 bölümdən ibarətdir və yaxın zamanda İctimai Televiziyanın efirində tamaşaçılara təqdim olunacaq.