Skip to content

Dynamix

Castin Biberin gənc ulduzluqdan ağır şöhrətə gedən yolu – onu nə dəyişdi?

Bir vaxtların dünyaca məşhur uşaq ulduzu Castin Biber bu gün niyə əvvəlki kimi görünmür?

Təsəvvür edin: hələ yeniyetməlik yaşına belə çatmamış bir uşaq bütün dünyanı hit mahnıları ilə fəth edir. Çox erkən yaşda sürətlə şöhrət qazanaraq pop musiqisinin, xüsusilə də gənc qızların sevimlisinə çevrilir. Qısa zamanda artan sevgi ilə yanaşı, ona qarşı böyük tənqid dalğası da yaranır.

Cəmiyyətdə yeniyetmə qızların sevdiyi kişi sənətçilər çox vaxt “ciddi qəbul olunmayan” obraz kimi təqdim edilir və bu da onun üzərində əlavə təzyiq yaradırdı.
Bütün bunlara baxmayaraq, Castin dayanmadı və karyerasını davam etdirdi. Böyüdükcə səsi dəyişməyə, imici formalaşmağa başladı. 2010-cu ildə yayımlanan “Baby” mahnısı onu qlobal səviyyədə zirvəyə daşıdı. Ardınca gələn “Sorry”, “Love Yourself”, “Boyfriend” kimi hitlər isə xüsusilə yeniyetmələrin qəlbini fəth edərək sürətlə yayıldı.

Castin Biber – Baby

2010-cu illərin əvvəlində Selena Qomez ilə başlayan münasibəti onları yalnız o dövrün deyil, bu günün də ən çox danışılan cütlüklərindən birinə çevirdi. Bu çalxantılı münasibət həm böyük fanat kütləsi yaratdı, həm də ciddi təzyiq formalaşdırdı. Castini dərindən sevən bəzi fanatlar bu münasibəti qəbul etmirdi və onların ayrılmasını istəyirdi. Beləliklə, şəxsi həyat artıq sadəcə şəxsi deyildi — milyonların müzakirə mövzusuna çevrilmişdi.

Onun mediada hər zaman müsbət xəbərlərlə gündəmə gəlmədiyi də məlumdur. Paparazzilərlə qalmaqallar, sürət həddini aşması və 2014-cü ildə həbs olunması kimi hadisələr gənc yaşda olan bir insan üçün ciddi psixoloji yük idi.

Sonrakı illərdə verdiyi müsahibələrdə o; depressiya, tükənmişlik və kimlik böhranı yaşadığını etiraf edib. Uşaq yaşda qazanılan şöhrətin insanın psixologiyasına ağır təsir göstərdiyini açıq şəkildə bildirib.
Selena ilə yollar ayrıldıqdan sonra həyatında əvvəldən dost olduğu Heyli Biber ilə münasibəti yenidən başladı və 2018-ci ildə evləndilər. Bu münasibət də enişli-yoxuşlu dövrlərdən keçdi. Son illərdə Castin daha sakit, daha qapalı və mediadan uzaq bir həyat seçdi.

Son illərdə onun səhhəti də gündəmə gəldi. 2022-ci ildə “Ramsay Hunt” sindromu səbəbilə üz iflici keçirməsi dünya mediasında geniş işıqlandırıldı və bu səbəbdən turnesini yarımçıq dayandırdı. Uzun müddət səhnədən uzaq qalması həm fiziki, həm də psixoloji bərpa prosesi ilə əlaqələndirilir.

Mediada zaman-zaman onun özünü yorğun, emosional və əvvəlki enerjisindən uzaq göstərən görüntüləri yayılır. Bir çoxları bunu “çöküş” kimi qiymətləndirsə də, əslində bu, erkən şöhrət travması yaşayan bir insanın böyümə və özünü qoruma mərhələsi kimi də şərh oluna bilər.

Castin artıq əvvəlki yeniyetmə pop ulduzu deyil. O, həm ailə həyatı quran, həm sağlamlıq problemləri ilə mübarizə aparan, həm də şöhrətin ağır tərəflərini yaşamış bir sənətçidir.