Bu həftə tövsiyə etdiyimiz film son dövrlədə Azərbaycan kinosunda sakit dili, regional koloriti və ağır emosional xətti ilə seçilən “Soyuq Günəş”-dir.
Hadisələr Qusar rayonunun Həzrə kəndində baş verir.
Filmdə Yarqunatla Yarmətin sevgisi sadəcə iki gəncin hissləri deyil, taleyə qarşı çıxan bir bağ kimi təqdim olunur. Bu sevgi o qədər dərin və sarsılmazdır ki, qarşısına çıxan heç bir maneə onu sındıra bilmir.

Lakin Yarqunatın valideynləri başqa cür düşünür: onlar qızlarının var-dövlət içində yaşamasını istəyir və bu səbəbdən Yarqunatı Osmanla evləndirməyə qərar verirlər. Osman maddi imkanları ilə ailəyə təhlükəsiz gələcək vəd edir, amma Yarqunat üçün bu evlilik bir məcburiyyətdən başqa bir şey deyil.
Günlərin birində taleyin hökmü ilə Yarqunat Osmanın evinə gəlin köçür. Elə həmin anlarda Yarmət bu evliliyin qarşısını almaq üçün ortaya çıxır və sevgisinin hələ bitmədiyini sübut edir. Hadisələrin gedişində kəndə təşvişli bir xəbər yayılır: bir qadın həyətə qaçaraq alman faşistlərinin müharibəyə başladığını bildirir. Və hekayə bundan sonra tam başqa bir yol alır.

Filmin rejissoru Məlahət Əhməddir. Layihənin prodüseri, ssenari müəllifi və musiqi müəllifi Sədaqət Kərimova, icraçı prodüser isə Mübariz Əzizovdur. Operator işi Elxan Rüstəmova məxsusdur; Filmdə geyimlər Sevda Məmmədova tərəfindən hazırlanıb və dövrün ruhuna uyğun sadəlik üzərində qurulub.
Baş rollarda isə ,Yarmət obrazını Sənan Kazımov, Yarqunat obrazını isə İranə Kərimova canlandırır.