Skip to content

Dynamix

Əfsanəvi H.O.S.T qrupunun yaranmasından 19-il ötür

Azərbaycan rep səhnəsində elə adlar var ki, sadəcə musiqi ilə yox, dövrün özü ilə yadda qalır. H.O.S.T Alliance də məhz bu adlardandır.

Bu il qrupun yaranmasından 19 il keçir və bu illər geridə təkcə treklər yox, bir atmosfer buraxıb.
H.O.S.T dövründə musiqi səhnədən kənara daşmışdı. Şəhərdə “H.O.S.T” yazılı geyimlər dolaşırdı, çantalarda, köynəklərdə bu ad görünürdü. Hətta divarlarda boya ilə yazılmış mahnı sözləri belə vardı.

Bu artıq fanatlıq deyildi bu, bir aidiyyət hissi idi. Qrupun adı şəhər mədəniyyətinin bir parçasına çevrilmişdi.
Konsertlər isə həmin illər üçün tamamilə fərqli idi. Bu, sadəcə ifa olunan mahnılar yox, vizual və ideoloji performans idi. Azərbaycan gənci ilk dəfə musiqi vasitəsilə daxili etirazını açıq şəkildə ifadə edirdi. Səhnə ilə zal arasında sərhəd yox idi — hamı eyni emosiyanın içində idi.

Hətta konsertlərin birində səhnəyə tabut içində daxil olmaları o dövr üçün şok effekti yaratmış, H.O.S.T-un hər addımını ikonik edən məqamlardan birinə çevrilmişdi.
Qrupun fəaliyyəti 2007–2012-ci illəri əhatə etsə də, təsiri bu illərlə məhdudlaşmadı. 50-dən çox konsert, ölkə xaricində çıxışlar və bir nəsli formalaşdıran treklər bu dövrün əsas göstəricilərindən oldu.
Bilməyənlər üçün isə H.O.S.T tam bir müəmma idi. Onlar haqqında satanizm, dövlət əleyhinə çıxışlar kimi fikirlər dolaşırdı və bu təsəvvürlər bir qismin yaddaşında hələ də qalır. Halbuki reallıq fərqli idi. Bu, sistemə qarşı yox, sual verən, düşünməyə çağıran və fərqli baxış təklif edən bir hərəkat idi. Anlaşılmamaq da bəzən təsir yaratmağın başqa bir forması idi.


İllər keçib. Zaman dəyişib. Amma geriyə baxanda sual dəyişmir:
Bir zamanlara damğasını vuran H.O.S.T Alliance bizə hansı hitləri və hansı unudulmaz replikaları buraxdı?