“Zamansızlıq” deyiləndə ağla ilk gələn azərbaycanlı sənətçilərdən biri, şübhəsiz ki, Faiq Ağayevdir. Niyə də olmasın? Axı onunla birlikdə həm yeni nəsil, həm də 90-cı illərin gəncliyi böyüdü, yaşa doldu, həyatın müxtəlif mərhələlərindən keçdi. Faiq Ağayevin ifa etdiyi hər mahnı dövrün deyil, zamanın özünə aid idi.
Eşq, əzab, azadlıq… Bunlar dəyişmir. Elə buna görə də onun mahnıları köhnəlmir.
Faiq Ağayevin 5 zamansız hiti və bizə qatdığı hisslər.
Sözləri Xanım İsmayılqızına, musiqisi Novruz Aslana aid olan bu əvəzsiz hit, klipi və verdiyi emosional ruhla Faiq Ağayev yaradıcılığının təməl daşlarından biridir. Hələ uşaq yaşlarımızda bizə sevginin təkcə xoşbəxtlikdən ibarət olmadığını, onun bir üzündə xəyanətin də dayandığını bu mahnı ilə öyrətdi. Xoşbəxtliyin daimilik daşımadığını dərk etdik.
Hekayəsi real bir itkini anladan, müxtəlif coverləri ilə beynəlxalq populyarlıq qazanan “Sən gəlməz oldun” Faiq Ağayevin repertuarında tamam yeni bir nəfəsə çevrildi. Mahnı ölüm qarşısında sevginin, aşiqin acizliyini, sözsüz qalan bir qəlbin ağrısını danışır. Bu ifa ilə ağrı estetikaya çevrilir.
Sözləri Sabir Rüstəmxanlıya, musiqisi Gülər Həsənovaya aid olan bu hit parça Faiq Ağayevin 21 mart 1996-cı ildə yayımlanan ikinci studiya albomunda yer alır. Gənc yaşlarında sənətkarlarla işləyən Ağayev, indiki əlçatmazlığının təməlini elə o illərdə atmışdı. “Səni əvəz eləmir” insanın içində yaranan boşluq haqqındadır. Həmin boşluq ki, ora heç kim sığmır. Nə yeni üzlər, nə yeni həyatlar nə də ki, bir qədəh şərab… Bu mahnıda Faiq Ağayev bizə deyir ki, bəzən irəliləmək mümkündür, amma unutmaq yox.
Bir Gövhər Həsənzadə klassikası… Bir insanı daxili münaqişəyə, konfliktə bu qədər sürükləyən başqa neçə mahnı var? Qürurun yeri və zamanı olduğunu, sevgidə qətiyyətin nə demək olduğunu Faiq Ağayevin səsi ilə iliklərimizə qədər hiss edirik.
“Qorxuram səni yenə də bağışlaram, odur ki get – dönmə geri”
Bu cümlə başqa cür deyilə bilməzdi.
Problem sevgi idimi, yoxsa həyatın özü? Gövhər Həsənzadə qələmindən çıxan sözlər Faiq Ağayevin təkrarsız səsi ilə birləşir və ortaya emosional tükənmişliyin səmimi etirafı çıxır. Dinlədikcə anlayırıq: bu mahnıda acı var. Amma gözəl tərəfi də elə budur — hiss etmək. Çünki həyatda hər bir duyğu yaşanmalıdır. “Ömür bu mu?” sadəcə söz yığını deyil, həyatımızın bir parçasıdır.
Faiq Ağayev hər zaman yalnız ağrılardan danışmayıb. Onun “Bal kimi”, “Gül”, “La-la-la”, “Biləydin kaş” kimi ümidli, enerjili və əyləncəli mahnıları da var.
Sənətinin 38-ci baharını yaşayan Qızıl Şlyager, bu gün də zamana deyil, zamansızlığa oxuyur.