Taxt sirkələnir, Oscar gecəsində taxt oyunları öz imzasını qoyacaq. Söhbət burda əfsanəvi “Game of Thrones” serialından getmir.
Oskar Akademiyası 2026 namizədlərini açıqlayan kimi sosial mediada bir detal hamının gözünə dəydi. Bu il siyahının mərkəzində tək bir ad var — “Sinners!” Film düz 16 nominasiyayla mövsümə damğasını vurub. Bununla da “Titanic” və “La La Land”in illərdir toxunulmaz kimi görünən 14 namizədlik rekordunu tarixə göndərib. Rekordun qırılması bir yana, bunu edən filmin hekayəsi daha maraqlıdır. Blues ruhu, qorxu janrı, vampirlər və irqçilik mövzusu…
Rayn Kuqlerin rəhbərliyin altında çəkilən film 1930-cu illərdə Mississippidə Amerikanın hələ də danışmaqdan qaçdığı mövzuların üstünə gedir. Maykl B. Cordanın ikili rolu isə tam Oskarlıq materialdır. Riskli, emosional və aktyoru ön plana çıxaran performans!
“Ən yaxşı film” namizədlərinə baxanda bu ilin ümumi havası da hiss olunur. Akademiya sanki iki fərqli dünyanı eyni masaya oturdub. Bir tərəfdə “F1” kimi böyük, parlaq, kommersiya yönümlü layihələr, digər tərəfdə isə “Hamnet” və “Sentimental Value” kimi daha sakit, daha şəxsi filmlər. Amma bu müxtəlifliyin içində də diqqəti “Sinners” çəkir.
Rejissor siyahısında Paul Tomas Anderson və Kole Zao artıq bu səhnənin köhnə oyunçularıdır. Onların adı görünəndə təəccüblənmirik, amma Kuqlerin burada yer alması başqa mesaj verir – bu, onun “blokbaster rejissoru” etiketindən çıxıb birbaşa Oskar liqasına keçididir.
Aktrisa kateqoriyalarında böyük şok yoxdur, amma oxuna bilən detallar var. Emma Stonun yenə siyahıda olması Akademiyanın sevdiyi adlardan asanlıqla vaz keçmədiyini göstərir. Eyni zamanda Rinate Reinsve və Cessi Bakli kimi adlar bu yarışda Avropa nəfəsinin hələ də güclü qaldığını xatırladır.
Film dünyasının ən böyük mükafat gecəsi martın 15-də Los Ancelesdəki Dolby teatrında olacaq.