Skip to content

Dynamix

83-cü Qızıl Qlobus mükafatları öz sahiblərini tapdı

2025-ci ilin film və televiziya sahəsində ən uğurlu işlərini ön plana çıxaran 83-cü “Golden Globe” mükafatları bu il məşhur komediyaçı Nikki Qleyzerin aparıcılığı ilə baş tutub. Ənənəvi olaraq Hollivudun ən nüfuzlu tədbirlərindən biri sayılan bu mərasim ilin yadda qalan layihələrini və sənətçilərini bir araya gətirib. Tədbir Kaliforniyadakı “Beverly Hilton” otelində keçirilib və 11 yanvar 2026-cı il tarixində CBS kanalı vasitəsilə, həmçinin “Paramount+” platformasında canlı yayımlanıb.

“One Battle After Another”, “Hamnet” və “Adolescence” 83-cü “Golden Globe” mükafatlarında gecənin ən böyük qalibləri sırasında yer alıb.
Rejissor Pol Tomas Andersonun qara komediya janrında çəkdiyi film bazar günü axşamı dörd mükafat qazanaraq diqqət çəkib. Film, o cümlədən, “musiqili və ya komediya janrında ən yaxşı film” nominasiyasında əsas mükafata layiq görülüb. Axşamın ilk qalibi isə inqilabçı obrazına görə ikinci plan qadın aktyor mükafatını qazanan Teyana Teylor olub. Anderson həmçinin ən yaxşı rejissor və ən yaxşı ssenari nominasiyalarında da qalib gəlib.

Kloi Caonun rejissorluğu ilə çəkilən “Hamnet” filmi ən yaxşı dramatik film mükafatını qazanıb. Filmin ulduzu Cessi Bakli isə drama janrında ən yaxşı qadın aktyor nominasiyasında qalib olub.

Digər film qalibləri sırasında 1970-ci illərdə Braziliyada hərbi diktatura dövründə gizlənməyə məcbur qalan bir professoru canlandıran Vaqner Mouranın baş rolda çəkildiyi Braziliya istehsalı “The Secret Agent”, eləcə də animasiya musiqili fenomeninə çevrilən “KPop Demon Hunters” yer alıb.
“Sinners” filmi isə kassa uğuru nominasiyasında mükafata layiq görülüb.

Televiziya kateqoriyasında Netflix platformasının sarsıdıcı “Adolescence” serialı ön plana çıxaraq ən yaxşı mini-serial nominasiyasında əsas mükafatı qazanıb. Layihə eyni zamanda Stiven Qrem, Ouen Kuper və Erin Doertinin fərdi aktyor uğurları ilə gecənin ən diqqətçəkən işlərindən biri olub.

HBO Max platformasının “The Pitt” serialı ən yaxşı dramatik serial seçilərək mükafata layiq görülüb, Apple TV+ platformasının “The Studio” layihəsi isə komediya janrında ən yaxşı serial nominasiyasında qalib gəlib.