Dünyaca məşhur mahnılar, milyonlarla dinləyici, dünya turneləri və saysız-hesabsız hitlər… Amma bütün bunlara baxmayaraq, bəzi sənətçilər hələ də Grammy mükafatını qazana bilməyiblər. Mahnılarını əzbər bildiyimiz, musiqi tarixində iz qoymuş bu ulduzlar kimlərdir? Gəlin, birlikdə baxaq!
Siyahının ilk sırasında Post Malone var. 2025-ci il mərasimindən sonra 18 Grammy nominasiyasına sahib olan ifaçı hələ də qalibiyyət əldə etməyib.
Reper Snoop Dogg-un təxminən 17, islandiyalı müğənni Björk-ün isə 16 nominasiyası var. Fərqli musiqi üslubları ilə tanınan bu iki sənətçi də indiyədək Grammy qazana bilməyib.
Katy Perry 13 nominasiya ilə siyahıdadır. Onun Teenage Dream albomundan beş mahnının Billboard Hot 100 siyahısında birinci yerə yüksəlməsinə baxmayaraq, albom Grammy-də ilin albomu mükafatını qazana bilməyib.
Musiqi əfsanəsi Diana Ross-un təxminən 12–13 nominasiyası var. O, 2012-ci ildə fəxri Lifetime Achievement mükafatına layiq görülsə də, rəqabət kateqoriyalarında qalib olmayıb.
Nicki Minaj 12, Lana Del Rey isə 11 nominasiya ilə Grammy qazana bilməyən sənətçilər arasındadır.
Travis Scott-un təxminən 10, Sia-nın isə 9 nominasiyası var. Xüsusilə Sia-nın Chandelier mahnısının eyni mərasimdə dörd kateqoriyada namizəd göstərilməsi diqqət çəkir. Kanadalı müğənni Avril Lavigne də 8 nominasiya ilə siyahıdadır. Onun son namizədliyi 2003-cü ildə qeydə alınıb.
Bəs musiqi qrupları necə? Onların arasında da Grammy qazana bilməyən əfsanələr var. Məsələn, ABBA! Dancing Queen, Mamma Mia və The Winner Takes It All kimi hitlərin müəllifi olan qrup ilk Grammy nominasiyasını yalnız 2022-ci ildə əldə edib. Ümumilikdə 5 nominasiya əldə etsə də, hələ qalibiyyəti yoxdur.
Queen qrupunun 4, Guns N’ Roses qrupunun isə 3 Grammy nominasiyası var. Hətta Queen-in əfsanəvi Bohemian Rhapsody mahnısı da namizəd olduğu iki kateqoriyada qalib gələ bilməyib.
Solo ifaçılara qayıdaq. Jennifer Lopez-in cəmi iki Grammy nominasiyası var. Hər ikisi 2000 və 2001-ci illərdə rəqs musiqisi kateqoriyasında əldə edilib. Demi Lovato, Shawn Mendes və Bebe Rexha da hələ Grammy qazana bilməyən sənətçilər sırasındadır.
İndi isə 2026-cı ilə nəzər salaq. 68-ci Grammy mərasimində Lady Gaga Abracadabra mahnısı ilə qalib gəldi.
Eyni kateqoriyada namizəd olan Selena Gomez, Zara Larsson və Tate McRae isə mükafatsız qaldılar. Selena Gomez üçün bu, üçüncü, Zara Larsson və Tate McRae üçün isə ilk Grammy nominasiyası idi.
K-pop dünyasında da vəziyyət fərqli deyil. BTS 2021-ci ildə Dynamite mahnısı ilə Grammy-yə namizəd göstərilən ilk K-pop ifaçısı kimi tarixə düşüb. Qrupun ümumilikdə 5 nominasiyası olsa da, hələ qalibiyyəti yoxdur.
BLACKPINK isə qrup olaraq Grammy nominasiyası əldə etməyib. Bununla belə, qrupun üzvü Rosé Bruno Mars-la birlikdə ifa etdiyi APT. mahnısına görə 2026-cı ildə üç kateqoriyada namizəd göstərilib, lakin qalib ola bilməyib.
Fransızdilli hitlərə sahib olan Indila və Lara Fabian isə ümumiyyətlə heç bir kateqoriyada namizəd göstərilməyib. Indila isə YouTube platformasında ilk bir milyard dinlənməni keçən – Dernière Danse – mahnısına sahibdir.
Yazının sonunda sizi bir sual ilə baş başa qoyuruq: musiqi tarixində iz buraxmaq üçün mütləq qızıl qramofona sahib olmaq lazımdırmı?
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.