Əziz Avroviziya Mahnı Müsabiqəsi sevənlər, yaxın əyləşin. Artıq dünyanın ən böyük qitəsi Asiya da musiqi ilə bir olur. Dynamix Magazine olaraq Avroviziya Mahnı Müsabiqəsi Asiya haqqında bilməli olduğunuz maraqlı faktları qeyd edirik:
Avroviziya Mahnı Müsabiqəsində Qafqaz ölkələri (Azərbaycan, Gürcüstan və Ermənistan), İsrail, Kipr kimi bir sıra Asiya ölkələri iştirak edir. Ancaq bu layihədə tam on bir Asiya ölkəsi yer alıb.
29 mart 2026-cı ildə Avropa Yayım İttifaqı (EBU) tərəfindən elan olunmuş, rəsmi təsdiq ilə ilk dəfə Taylandın paytaxtı Banqkok şəhərində baş tutacağı məlum olmuşdu. Bundan sonra müsabiqənin rəsmi sosial media hesabları da aktiv edilib.
Müsabiqənin yaranma səbəbi nələrdir?
Bildiyiniz kimi Avroviziya Mahnı Müsabiqəsi tarixin ən uzunömürlü və ardıcıl davam edən mahnı müsabiqəsidir və 70 illik bu fəaliyyət nəticəsində dünyanın dörd bir yanında bilinir. Lakin Avroviziya Mahnı Müsabiqəsi Avropa Yayım İttifaqının üzv ölkələrinə açıq olduğu üçün əksər ölkə Avropa ölkəsi idi. Buna baxmayaraq Asiyada bu müsabiqəni 600 milyondan çox insan izləyir. Bu kiçik hesab edilməyəcək qədər çox auditoriya deməkdir. Avropa Yayım İttifaqı 70-ci ilə xüsusi olaraq Asiya qitəsi üçün də çoxölkəli regional versiya yaratmağı hədəfləmişdi.
Tək səbəb, əlbəttə ki, etnik səbəb deyil. Həm də burada pul faktoru böyük rol oynayıb. Özəlliklə müsabiqədə İsrailin iştirakı bir çox Avroviziya Mahnı Müsabiqəsi fanatı və iştirakçı ölkələr tərəfindən xoş qarşılanmayıb və yarışma boykot edilib. Bu da özündə maddi problemlər doğurub. Avroviziya Mahnı Müsabiqəsi Asiya layihəsi ilə bu maddi problemin aradan qalxması hədəflənir.
Bəs niyə Asiyada keçiriləcək müsabiqədə “Eurovision” brendi işlənir?
Bundan əvvəl də Asiya ölkələri üçün vahid platforma yaradılmağa çalışılsa da, uğurlu bir nəticə alınmamışdı. Həm də 2022-ci ildə baş tutan Amerikan Mahnı Müsabiqəsi gözlənilən təsiri bağışlamamış və şöhrət gətirməmişdi. Buna görə də müsabiqənin hər kəs tərəfindən bilinməsi üçün bu addım atılıb və görülən odur ki, uğurlu alınıb.
Hansı ölkələr iştirak edir?
Qeyd etdiyimiz kimi 11 ölkə ilk dəfə keçirilən bu müsabiqədə yer alıb. Bunlar Vyetnam, Kamboca, Laos, Monqolustan, Butan, Filippin, Banqladeş, Tailand, Cənubi Koreya, Nepal, Malayziya idi. Müsabiqədə gələn illərdə Hindistan, Çin, Yaponiya və mərkəzi Asiya ölkələri kimi ölkələrin iştirakı həm arzu olunur, həm də gözlənir.
İlk Avroviziya Mahnı Müsabiqəsi Asiya qalibi isə Filippin olub!
Sobra Sobra mahnısı ilə Carmelle müsabiqəni 211 xalla birinci olaraq başa vurub. Sənətçinin up-tempo mahnısı ilk gündən favorit hesab olunurdu. Açıq səsvermədə 183 ölkədən xal alan Carmelle-ə kuboku son Avroviziya qalibi Dara təqdim edib.
Müsabiqənin ikincisi ev sahibi Tayland, Vyetnam üçüncü, Malaziya isə dördüncü yerdə qərarlaşıb. Əgər, siz də izləyicilərdənsinizsə, sosial şəbəkələrdə fikirlərinizi bölüşməyi unutmayın.
Discover more from Dynamix Magazine
Subscribe to get the latest posts sent to your email.